Ağciyər xərçəngində şişi hədəfləyən yeni silah: nanohissəciklər

ACS Nano jurnalında yeni dərc edilmiş tədqiqat ağciyər xərçəngi ilə mübarizəmizdə nanohissəciklərin necə istifadə oluna biləcəyini göstərmişdir.
Nanotexnologiya maddənin atom və molekul səviyyəsində idarə edilməsidir, elmin yeni sahəsidir. Nanotexnologiya, “ən azı bir ölçüsünün böyüklüyü 1 nanometrdən 100 nanometrə qədər olan maddənin idarə edilməsi” kimi də müəyyən edilir.
Nanotexnologiya bir müddətdir klinik təbabətə, xüsusilə onkologiyaya mühüm töhfələr verməyə başlamışdır. Nanomateriallar onkoloji tətbiqlər üçün ideal müxtəlif səciyyəvi xüsusiyyətlərə malikdir. Xüsusilə “şişlərdə üstünlüklü yığılma və normal toxumada az paylanma” xüsusiyyətləri nanomaterialları digər kiçik molekullardan daha üstün mövqeyə gətirmişdir.
Tibb sahəsində nanotexnologiya və nanohissəciklər (NT-lər) bədən daxilində müəyyən nahiyələrə, hətta hüceyrə daxilində müəyyən orqanellərə yönəldilmək üçün hədəfə doğru hərəkət edə bilən ünvan nişanlı bioloji molekullara bağlana bilər.
Dünya Səhiyyə Təşkilatına (DSÖ) görə ağciyər xərçəngi dünya üzrə xərçəngə bağlı ölümlərin ən əsas səbəbidir, belə ki, təkcə 2012-ci ildə bu xəstəliyə bağlı həyat itkisi nisbəti 1.59 milyondur.
Xərçəng ağciyərdən başladıqda kiçik hüceyrəli ağciyər xərçəngi və kiçik hüceyrəli olmayan ağciyər xərçəngi olmaqla iki qrupa ayrılır.
Ağciyər xərçənginin müalicəsindən söhbət gedərkən ən mühüm 2 məsələ xərçəngin nə qədər böyük olması və yayılıb-yayılmamasıdır. Ağciyər xərçəngində bugünkü mövcud müalicə seçimləri cərrahiyyə, kimyaterapiya, radioterapiya və ya bunların kombinə istifadəsidir.
Kimyaterapiya kiçik hüceyrəli ağciyər xərçəngi müalicəsinin əsas hissəsidir və çox vaxt kiçik hüceyrəli olmayan ağciyər xərçənginin müalicəsində də istifadə olunur.
ACS Nano jurnalında yeni dərc edilmiş tədqiqat ağciyər xərçəngi ilə mübarizəmizdə nanohissəciklərin necə istifadə oluna biləcəyini göstərmişdir. Bu tədqiqatda nanohissəciklərin daşıdıqları dərmanları yalnız şişli nahiyəyə buraxması təmin edilmiş, beləliklə şişsiz nahiyələr dərmana məruz qalmamışdır. Bəs nanodaşıyıcılar buna necə nail olmuşlar?
Nanohissəciklər yalnız şişin daxilində qabıqlarını itirir, çünki şişin daxilində nanohissəciklərin qabıqlarını itirərək dərmanı buraxmasını başladan, proteaza adlandırılan fermentin səviyyəsi yüksəkdir.
Proteazalar zülalların parçalanmasından məsul fermentlər qrupudur. Həm normal, həm də xərçəngli toxumada olur, lakin xərçəngli toxumada proteazaların daha çox olduğu məlumdur. Tədqiqat qrupu nanohissəciklərə normal toxumalardakı kimi aşağı qatılıqlı proteaza təsirinə qarşı qoruma təmin edən qabıq geyindirmişdir.
Nanohissəciklər şiş sahəsinə girdikdə yüksək proteaza qatılığı sayəsində qoruyucu qabıqlarını itirmiş və daşıdıqları dərman yalnız şişli toxumada buraxılmışdır. Bu xüsusiyyət nanohissəcikləri ideal dərman daşıyıcısına çevirir.
Bu tədqiqatda ağciyər xərçəngi və bəzi digər xərçəng müalicələrində geniş istifadə olunan, lakin sağlam toxumaya da təsir etdiyi bilinən sisplatin adlı kimyaterapiya dərmanı tətbiq edilmişdir. Sözügedən tədqiqatda alimlər nanodaşıyıcılarla sisplatini yalnız şiş daxilinə göndərməyi bacarmışlar.
Bu üsulla şiş toxumasında dərman effektivliyinin dərmanların təkbaşına istifadə edildiyi vaxtla müqayisədə 10-25 dəfə daha böyük olduğu görülmüşdür.
Nanotexnologiyanın təmin etdiyi bu üsulla xərçəng əleyhinə dərmanların yuxarıda sadalanan faydalarına əlavə olaraq daha az dozalarda təsir etmələri təmin oluna bilər, həmçinin bunun sayəsində arzuolunmaz yan təsirlər də azalacaqdır. Nəticədə nanotexnologiya və nanodaşıyıcılar xərçəng müalicəsinə, xüsusilə hədəfə yönəlmiş müalicə anlayışına yeni nəfəs gətirmişdir. Gələcək dövrdə bu mövzudakı inkişafları yaxından izləyib sizinlə bölüşəcəyik.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.