Aqressiv mikozis funqoides növlərini müəyyən edən yeni vasitə tapıldı

Mikozis funqoides (Mycosis Fungoides) nədir?
- Mikozis funqoides (MF) nadir görülən dərinin T-hüceyrəli qeyri-Hodgkin limfomasıdır. Başlanğıc mərhələdə aşağı dərəcəli bədxassəli xəstəlik olduğu halda, şiş irəlilədikdə olduqca aqressiv ola bilər.
- Bu nadir xərçəng növü birincili dəri qeyri-Hodgkin limfomasıdır, yəni ilk olaraq dəridə yaranan limfomadır. Daha sonra limfa düyünləri və sümük iliyi də daxil olmaqla bədənin digər hissələrini tuta bilər. Buna sistemik mikozis funqoides deyilir.
- Mikozis funqoides ikincili infeksiyalara və xoraya səbəb ola bilən dəri zədələnmələri (papulalar və lövhələr) yarada bilər. Bədənin başqa hissələri də təsirlənibsə, çəki itkisi, yorğunluq, anemiya, qızdırma və gecə tərləmələri kimi ümumi əlamətlər mövcud ola bilər.
- Şiş əsasən dəri ilə məhdudlaşdıqda mikozis funqoides adlanır; lakin şiş hüceyrələri qan dövranına daxil olduqda buna Sézary sindromu deyilir. Əsasən MF və Sézary sindromunda eyni növ bədxassəli (xərçəngli) hüceyrələr olur.
- Mikozis funqoides adətən müvafiq dəri sahəsinin, böyümüş limfa düyünlərinin və ya təsirlənmiş orqanın biopsiyası ilə müəyyən edilir.
- Müalicəsi mikozis funqoidesin alt tipindən və xəstəliyin yayılma mərhələsindən asılıdır. Xərçəng yalnız dəri ilə məhduddursa, dəriyə yönəlmiş müalicələr (yerli dərmanların istifadəsi, fototerapiya və ya yerli şüa müalicəsi kimi), digər orqanlara metastaz varsa, sistemik müalicə (kimyaterapiya, şüa müalicəsi və cərrahiyyə kombinasiyası) ola bilər.
- Proqnoz (xəstəliyin gedişi və nəticələri) mikozis funqoidesin alt tipi, dərəcəsi, müalicəyə cavab və şəxsin ümumi sağlamlığı kimi bir çox amildən asılıdır. Ümumilikdə, erkən mərhələdə uyğun müalicə ilə proqnozu yaxşıdır.
-Əlaqəli mövzu: Limfoma, limfa xərçəngi nədir? Əlamətləri və müalicəsi necədir?
Tədqiqat
Mycosis fungoides (MF) diaqnozu qoyulmuş iki fərqli xəstə əvvəlcə oxşar xəstəlik əlamətləri göstərsə də, sonradan xəstəliyin gedişində və nəticələrində nəzərəçarpan fərqlər müşahidə edilə bilər. Mikozis funqoidesin ilk əlaməti dəridə qızartıdır. Dəridə yaranan ən geniş yayılmış T-hüceyrəli limfoma olan MF xəstələrində xəstəlik çox vaxt yavaş irəliləyir və xəstələr adətən normal həyat sürə bilir. Lakin bəzi xəstələrdə xərçəng hüceyrələri dəridən kənara yayılıb aqressiv və müalicəsi olduqca çətin növə çevrilə bilər. Bu aqressiv MF növü erkən dövrdə kök hüceyrə transplantasiyasıilə müalicə edilə bilər. Lakin xəstəlik irəliləyərsə, xərçəng hüceyrələri müalicəyə rezistentlik qazanır və nəticədə kök hüceyrə transplantasiyasından sonra uğurlu remissiya (bütün xəstəlik tapıntılarının yox olması) əldə etmək demək olar mümkünsüzləşir.
Buna görə hansı MF növlərinin aqressiv xəstəliyə çevriləcəyini proqnozlaşdırmaq üçün üsulun tapılması çox vacibdir. Brigham and Women's Xəstəxanasının tədqiqatçıları yeni nəsil, yüksək məhsuldarlıqlı xüsusi gen sekvensləmə üsulu ilə erkən mərhələdəki hansı xəstələrdə aqressiv MF yarana biləcəyini proqnozlaşdıra bilirlər.
Erkən mərhələli MF xəstələrinin %80-dən çoxunda ömür boyu mülayim gedişli xəstəlik olacaq. Lakin irəliləmiş mərhələli MF xəstələri hətta hazırkı müalicələrlə belə 1.5 – 4 il arasında gözlənilən ömürlə pis proqnoza malikdir. Tədqiqatçılar 1999-cu ildə Dana-Farber Xərçəng İnstitutunda Dəri Limfoması Klinikasını yaratmış və buradakı məqsədlərindən birinin MF və digər dəri T-hüceyrəli limfoma formaları üçün daha yaxşı diaqnostik və proqnostik vasitələr hazırlamaq olduğunu bildirmişdilər.
2002-ci ildən bu günə qədər təxminən 900 xəstə biopsiyalar və qan nümunələri ilə xəstəliyin proqressiyasının izlənməsi üçün bu tədqiqata qatılıb. Tədqiqatda dəri T-hüceyrəli limfoması olan 300 erkən mərhələli xəstənin dəri biopsiyalarından T-hüceyrə reseptoru genləri yeni nəsil sekvensləmə ilə sekvenslənib. Yeni nəsil sekvensləmə böyük miqdarda DNT-nin ardıcıllığının müəyyən edilməsinə və bir dəfəyə araşdırılmasına imkan verir. Bununla şişdəki çoxsaylı hüceyrələrin T-hüceyrə reseptoru beta genlərinin mənzərəsini əldə etmək mümkün oldu. Tədqiqat qrupu bunu şiş klon tezliyini [tumor clone frequency (TCF)] ölçmək üçün istifadə etdi. TCF mutasiyalı limfoma T-hüceyrələrinin faizini göstərən dəyərdir. Artmış TCF dəyəri mikozis funqoidesli xəstələrin hansılarında aqressiv xəstəlik yaranacağını yüksək həssaslıqla proqnozlaşdırır.
Mikroskop altında xoşxassəli və mikozis funqoidesə aid T-hüceyrələrini ayırmaq çətindir. Bununla yanaşı, hər T-hüceyrəsinin öz T-hüceyrə reseptoru üçün xüsusi DNT ardıcıllığı var və bu, DNT sekvenslənməsi ilə müəyyən edilə bilər. DNT-nin bu cür sekvenslənməsi əvvəllər hesablanması mümkün olmayan şiş klon tezliyi haqqında proqnoz verməyimizə imkan yaradır.
Mənbələr
High-throughput sequencing of the T cell receptor β gene identifies aggressive early-stage mycosis fungoides.
Science Translational Medicine, 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.