Bədən kütləsi indeksi normal olsa belə, artıq yağlar süd vəzi xərçəngi riskini artırır

Artıq çəkinin və piylənmənin ümumilikdə xərçəng riskini artırdığı artıq şübhəsiz məlumdur. Lakin bu yeni araşdırma artıq çəki ilə bağlı daha xüsusi məsələyə diqqət çəkdi. Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının Piylənmə və Xərçəng Konfransında dərc olunan araşdırmaya görə, menopauzadan sonrakı qadınlarda bədəndəki yağ səviyyəsi bədən kütləsi indeksindən (BKİ) asılı olmayaraq süd vəzi xərçəngi riskini artırır.
Menopauzadan əvvəl estrogenin əsas mənbəyi yumurtalıqlar olduğu halda, menopauzadan sonra yağ toxumasıdır. Çəki ilə boy arasındakı nisbəti ifadə edən bədən kütləsi indeksi (BKİ) artıq çəkini ölçmək üçün ən geniş istifadə olunan üsul olsa da, əzələ, sümük və yağ toxumasını ayrı-ayrı ölçə bilmədiyinə görə bütün bədəndəki yağ səviyyəsini müəyyən etmək üçün dəqiq yol deyil. İkili enerjili rentgen absorpsiometriyası [dual energy X-ray absorptiometry (DEXA)] texnologiyası yağı xüsusi olaraq ölçə bilən və ümumi bədən yağ səviyyəsinin daha düzgün qiymətləndirilməsini təmin edən texnologiyadır.
Araşdırma çərçivəsində yaşları 50 – 79 arasında dəyişən 3460 qadının məlumatı təhlil edildi. Bu şəxslərin bədən kütləsi indeksi normal hədlərdə idi (18.5 ilə 25 arasında) və əvvəllər süd vəzi xərçəngi tarixçəsi yox idi. 16 illik izləmə zamanı 182-də süd vəzi xərçəngi yarandı (146-sı hormon pozitiv).
Araşdırmanın nəticələrinə görə;
- Bədən kütləsi indeksi normal hədlərdə olsa da, bədən yağı yüksək olanlarla aşağı olanlar müqayisə edildikdə hormon (estrogen) pozitiv süd vəzi xərçəngi riskinin təxminən iki dəfə artdığı;
- Bədən yağının hər 5 kiloqram artımında estrogen pozitiv süd vəzi xərçəngi riskinin %35 artdığı;
- Həmçinin fiziki aktivliyin bədən yağı çox olan qadınlarda daha aşağı olduğu müəyyən edildi.
Tədqiqatçılar nəticələrə əsasən qadınları artıq çəkiyə və bədən yağı ilə əlaqəli süd vəzi xərçəngi riskinin artması ehtimalına qarşı xəbərdar edirlər. Araşdırmanın məhdudiyyətlərindən biri tədqiqatçıların süd vəzi xərçəngi riski ilə bağlı zamanla bədəndəki yağ dəyişikliklərini təhlil edə bilməməsidir. Bu araşdırma menopauzadan sonrakı qadınlarla aparılıb və digər qadınlara və ya digər xərçənglərə ümumiləşdirilə bilməz.
Mənbələr
"High body fat levels associated with increased breast cancer risk in women with normal BMI."
ScienceDaily. ScienceDaily, 26 January 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.