Bütün elektron siqaretlər eynidirmi? Potensial zərərli kimyəvi maddələrin yaranmasını müəyyən edən amillər hansılardır?

Əvvəlki tədqiqatlarda elektron siqaretlərin (e-siqaret) zərərli komponentlər yaya bildiyi irəli sürülmüşdür. Nəticələri yeni açıqlanan tədqiqatda bu yayılmanın mənbəyi və ona hansı amillərin təsir etdiyi araşdırılmışdır. Buna görə cihazın yaşı, növü, tüstünü içinə çəkmə sayı və xüsusilə tütünün və ya maye nikotinin yanma temperaturu zərərli kimyəvi maddələrin yayılma səviyyəsinə təsir edir. Yazımızın mövzusu olan tədqiqat getdikcə populyarlaşan bu cihazların sağlamlığa mənfi təsirlərini minimuma endirmək istəyən istehsalçıları və tənzimləyiciləri də yaxından maraqlandırır.
Siqaret dünyada qarşısı alına bilən ölüm səbəblərinin başında gəlir və təkcə Amerikada hər il 400 mindən çox ölümə səbəb olur. Buna görə tütün və tütün məhsullarının istifadəsini azaltma tədbirləri sağlam həyatın ayrılmaz mövzularındandır. Bu məqamda alternativ tütün məhsullarının seçilməsinin ağıllı seçim olub-olmaması son illərin populyar müzakirələrindəndir.
Klassik e-siqaretlər adətən 3 əsas hissədən ibarətdir: batareya, maye məhlulu saxlayan kartric və püskürdücü. Bu məhsullarda nikotin, müxtəlif tərkibdə dadlandırıcılar, propilen qlikol, qliserin və başqa komponentlər olan maye (e-maye) istifadə edilir. İstifadəçi içinə çəkdikdə bu maye qızır.
Bununla yanaşı maye nikotin ehtiva etməyən, xüsusi elektron cihazlarla adi tütünün daha aşağı temperaturda yandırılması (750 °C əvəzinə 350 °C) prinsipi ilə işləyən, “aşağı riskli tütün məhsulu” adlandırılan fərqli e-siqaretlər də vardır.
Amerika Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (CDC) məlumatına görə amerikalı yetkinlərin %3,7-si (yəni 9 milyondan çox yetkin) müntəzəm e-siqaret istifadə edir. Göstərici ölkədən ölkəyə dəyişsə də, e-siqaretin siqaret bazarındakı payı orta hesabla %5-7 ətrafındadır.
E-siqaretlər içindəki tütünü yandırmadığı və ya daha aşağı temperaturda yandırdığı üçün daha təhlükəsiz və az zərərli alternativ kimi görünür, lakin nikotin və digər potensial zərərli kimyəvi maddələrə görə tərkibdəki kimyəvilərə məruz qalmanın sağlamlığa təsiri qeyri-müəyyən qalır.
Environmental Science & Technology-də yayımlanan bu tədqiqatda e-siqaretin buxarlandırdığı maye məhlulundakı (e-maye) 2 həlledici maddədə istiliklə əlaqəli parçalanma tapılmışdır. Bunlar propilen qlikol və qliserindir. Akrolein və formaldehid kimi zərərli kimyəvi maddələrin yaranmasına zəmin yaradırlar.
Tədqiqatın məsul müəllifi və komandası e-siqaretin 2 növündə (tək sarğılı cihazda və ondan bahalı ikisarğılı cihazda), e-mayenin 3 növündə elektron siqaret çəkməni təqlid etmişlər. Nəticədə artan temperaturla yayılma səviyyəsi arasındakı əlaqəni göstərmişlər. İlk və sonrakı içinə çəkmələrdə qızıb sabit vəziyyətə çatan cihaz çıxan buxarın tərkibini müəyyən etmək üçün araşdırılmışdır.
Elektron siqaret çəkməni təqlid edən cihazda hər 30 saniyədən bir 5 saniyəlik içinə çəkmə aparılmışdır. İlk 5-10 dəqiqədə buxar temperaturunun sürətlə artdığı görülmüşdür. Temperatur təxminən 20 içinə çəkmədə sabitləşmişdir.
İlk içinə çəkmədən sabit vəziyyətə çatana qədər bəzi cihazlarda yayılma səviyyəsinin 10 dəfəyə qədər artdığı görülmüşdür. 3.8 voltla işləyən təksarğılı e-siqaretdə ilk 5 nəfəsdə hər çəkmədə 0,46 mikroqram akrolein yayılarkən sabitləşmiş cihazlarda 8,7 mikroqram olduğu görülmüşdür. Eyni tətbiq eyni gərginliklə ikisarğılı e-siqaretdə edildikdə daha az yayılma olmuşdur.
Cihazın yaşı ilə bağlı testlərdə 50 dəfə içinə çəkmə aparılmış, bu proses cihaz təmizlənmədən 9 dəfə təkrarlanmışdır. Nəticədə formaldehid, asetaldehid və akrolein kimi bütün kanserogen və ya tənəffüsü qıcıqlandıran maddələrin miqdarı istifadəyə bağlı artmışdır. Xüsusilə aldehid səviyyəsində bu 9 təkrarlı dövr ərzində %60-lıq kəskin artım görülmüşdür. Sarğı üzərində və ya yaxınlığında qalıqların yığılması uçucu aldehidlər üçün ikinci mənbə yarada bilər.
Həmçinin e-siqaretdə voltaj (gərginlik) artırılaraq hər çəkmə və buxar temperaturuna görə sərf olunan e-maye miqdarı müşahidə edilmişdir. Zərərli kimyəvi maddələr bütün cihazlarda temperaturdan asılı olmayaraq yayılır. Əlavə olaraq müşahidədə yüksək temperaturda daha çox zərərli maddə yayıldığı müəyyən edilmişdir.
Tədqiqatçılar e-siqaretdəki e-mayenin həlledicilərini araşdırmış və demək olar ki, hamısında müxtəlif miqdarda propilen qlikol və qliserin qarışığının istifadə olunduğunu tapmışlar. Hər ikisi süni tüstü yaratmaq üçün işlədilir. Aralarındakı nisbət istehsal olunan buxarın həcmi kimi xüsusiyyətləri müəyyən edir.
Cəmi 31 zərərli kimyəvi komponent tapılmışdır və ikisi əvvəl e-siqaretdə müəyyən edilməmişdir. Bunlar propilen oksid və qlisidoldur. Tədqiqatçılar onların kanserogen olduğunu irəli sürürlər.
Tədqiqatdan çıxarılan nəticəbütün e-siqaretlərin eyni olmadığı, onların da potensial zərərli kimyəvi maddələr saxladığı və bunların yaranmasında istilik, cihazın növü və yaşı kimi amillərin müəyyənedici olmasıdır. Daha az zərərli e-siqaret istehsalı həm istehlakçılar, həm də istehsalçılar üçün vacib mövzudur.
Mənbələr
Emissions from Electronic Cigarettes: Key Parameters Affecting the Release of Harmful Chemicals.
Environ. Sci. Technol., Article ASAP. July 27, 2016
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.