Gənclər! Artıq çəkiyə diqqət

Dünya üzrə hər il təxminən 1.000.000-a yaxın insana kolon və düz bağırsaq xərçəngi diaqnozu qoyulur, 500.000-ə yaxın xəstə isə bu xəstəliyə bağlı həyatını itirir. Kolon və düz bağırsaq həzm sisteminin yoğun bağırsaq deyilən hissəsini təşkil edir. Anusa yaxın son 20 cm-lik hissə düz bağırsaq, buradan nazik bağırsaqlara qədər olan hissə kolon adlandırılır. Kolon və düz bağırsaq xərçəngləri bu orqanların daxili səthini örtən hüceyrələrdə inkişaf edir. Kolorektal xərçənglərin dəqiq səbəbi bilinməsə də, sağlam olmayan qidalanma nəticəsində artıq çəkili olmaq, siqaret, yaşlı yaş və poliplər (kolon və düz bağırsağın daxili divarından yaranan, adətən xoşxassəli, lakin bəzən xərçəngləşə bilən şişlər) məlum risk amilləridir. Ölkəmizdə ən çox rast gəlinən ilk üç xərçəng növü arasında yer alan kolorektal xərçənglərin səbəbləri və buna bağlı yeni müalicə strategiyaları ilə bağlı tədqiqatlar sürətlə davam etdirilir. Bu mövzuda diqqətçəkici və uzunmüddətli tədqiqatlardan birinin nəticələri ötən aylarda Britaniya Tibb Jurnalında dərc edilmişdir.
Aparılan tədqiqatda yeniyetməlik dövründə müşahidəyə alınan 29.658 insanın bədən kütləsi indeksi (bədən çəkisi və boy ölçülərinin müəyyən riyazi hesablama ilə nisbətləndirilməsi) ilə yetkinlik dövrlərində yoğun bağırsaq xərçənginə rastgəlmə tezliyi arasındakı əlaqə qiymətləndirilmişdir. Eyni tədqiqatda ilk dəfə olaraq qan testi olan eritrositlərin çökmə sürəti (qırmızı qan hüceyrələrinin çökmə sürəti) ilə kolon və düz bağırsaq xərçəngi arasındakı əlaqə incələnmişdir. Sedim kimi də tanınan bu qan analizi artıq çəkiyə bağlı artdığı məlum olan və bədəndə iltihab səviyyəsini göstərən müayinədir.
Tədqiqata məcburi hərbi təlim keçən, əvvəllər iltihabi bağırsaq xəstəliyi keçirməmiş, heç bir sağlamlıq problemi olmayan, 16 - 20 yaşlı 29.658 isveçli gənc daxil edilmiş və 35 il ərzində izlənmişdir. Bu müddət ərzində iştirakçı gənclərdən 885-nə (501 kolon xərçəngi-384 rektal) kolorektal xərçəng diaqnozu qoyulmuşdur. Bədən kütləsi indeksi 18,5 - 25 arasında olanlar normal çəkili, 27,5 - 30 arasında olanlar artıq çəkili, 30-dan çox olanlar piylənməsi olan kimi qiymətləndirilmişdir. Buna əsasən əldə edilən nəticələrdə bədən kütləsi indeksinə görə (BMI - boy və çəki nisbəti) artıq çəkili olan sağlam gənclərin normal çəkililərlə müqayisədə kolorektal xərçəng inkişafı riskinin 2 dəfə çox olduğu görülmüşdür. Yenə heç bir sağlamlıq problemi olmayan, lakin piylənməsi olan insanlarda isə bu göstəricinin 2.38 dəfə çox olduğu aşkar edilmişdir. Həmçinin bədəndə qanda iltihab göstəriciləri (sedim) artan insanlarda kolorektal xərçəng inkişafı riskinin daha yüksək (%63) olduğu müəyyən edilmişdir.
Əziz dostlarım, aparılan bu tədqiqatda əldə edilən nəticələrlə erkən yaşlarda artıq çəkili olmağın gələcəkdə kolorektal xərçəng inkişafı riskini artıra biləcəyi aşkar edilmişdir. Bu tədqiqat gənc yaşda artıq çəkiyə səbəb olacaq nizamsız qidalanmadan və hərəkətsiz (sedentar) həyat tərzindən uzaq durmaq lazım olduğunu xatırladır.
Mənbələr
Adolescent body mass index and erythrocyte sedimentation rate in relation to colorectal cancer risk
Gut doi:10.1136/gutjnl-2014-309007
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.