Gənclərdə tütün məmulatları və artan elektron siqaret istifadəsi haqqında

Aşağıdakı yazı gənclərdə tütün məmulatları və artan elektron siqaret istifadəsinə diqqət çəkmək üçün Amerika Qida və Dərman İdarəsi FDA-nın internet saytında dərc edilən açıqlamadan tərcümə olunub.
Elektron siqaretin gənclər arasında çox geniş istifadə edilməsi 2015-ci ildən bəri Amerikada mühüm problem kimi görülməyə başlayıb və bununla bağlı araşdırmalar və işlər aparılıb. Xüsusilə Amerika Qida və Dərman İdarəsi FDA-nınelektron siqaret istifadəsi barədə açıqlamaları əhəmiyyət daşıyır. Amerika Səhiyyə və İnsan Xidmətləri Departamentinin tərkibindəki qurum olan FDA dərmanların, peyvəndlərin və digər bioloji məhsulların təhlükəsizliyinə və effektivliyinə nəzarət etməklə ictimai sağlamlığı qorumağı hədəfləyir. Qurum həmçinin qida təchizatının, kosmetikanın, qida əlavələrinin, şüa yayan elektron cihazların təhlükəsizliyinə və etibarlılığına, eləcə də tütün məmulatlarının tənzimlənməsinə cavabdehdir. Bu mövzuda FDA-nın açıqlamalarını verən səlahiyyətli şəxs Scott Gobblieb 7 iyun 2018-ci ildə bəyanat verərək bəzi mühüm məqamlara toxunub. FDA-nın rəsmi saytında verilən açıqlamada doktor Gobblieb-in qeyd etdiyi məqamlar öz sözləri ilə belədir:
“Ölkəmizin gəncliyini tütün məmulatlarının təhlükələrindən qorumaq Amerika Qida və Dərman İdarəsinin ən mühüm məsuliyyətləri arasındadır. Bu məhsulların uşaqlarımıza marketinqinin aparılmaması, satılmaması və onlar tərəfindən istifadə edilməməsi üçün də zəruri olan ən sərt addımları atmağa çalışırıq. Bu səylər geniş planımızın təməl daşını təşkil edir. Fəal şəkildə izlədiyimiz siyasətlə məqsədimiz gənclərin siqaretdən asılı olmamasını təmin etmək və tütün asılılığının ardıcıl nəsillərə keçən dövrünü qırmaqdır.
Gənclər siqaret kimi yanan tütün məmulatlarından daha az istifadə etsələr də, gənclər arasında elektron siqaret istifadəsi göstəricisinin narahatedici dərəcədə yüksək olduğunu görürük. Bu baxımdan gənclərimiz üçün daha çox səy göstərməliyik. Son bir neçə il ərzində elektron siqaretlərin həm orta məktəbin aşağı sinifləri, həm də lisey şagirdləri arasında ən çox istifadə olunan tütün məmulatı olduğunu və 2017-ci ildə ümumilikdə 2.1 milyon gəncin elektron siqaret istifadə etdiyini nəzərdən qaçırmaq olmaz.
Əlaqəli mövzu:
Bu rəqəmlər xüsusilə əhəmiyyətlidir, çünki gənclərin nikotinə məruz qalması — istər siqaretdən, istərsə də elektron siqaretdən qaynaqlansın — inkişaf edən beyinə daha çox təsir edir və gələcəkdə nikotin asılılığına daha həssas olmasına səbəb ola bilər. Yəni beyin nikotinlə nə qədər erkən tanış olsa, asılılıq bir o qədər güclü olur.
Gəncləri nikotinin və tütün məmulatlarının təhlükələrindən qorumaq üçün gördüyümüz işlərdən birincisi elektron siqaretlərin və ya digər tütün məmulatlarının ilk növbədə uşaqların əlinə keçmədiyinə əmin olmaqdır. Bu məqsədlə ölkə üzrə satıcılara çoxlu xəbərdarlıq bildirişləri yayımladıq. Bundan başqa, uşaqlara cəlbedici gələ biləcək və satışı asanlaşdıra biləcək qablaşdırma elementlərinə qarşı da tədbirlər görməyə çalışdıq və aldadıcı reklamların, məhsulların qarşısını almağa çalışacağıq.
Tütün məmulatlarından istifadə edən heç bir uşağın olması qəbuledilən deyil və uşaqlarımızı qorumaq, tütünlə əlaqəli xəstəlikləri və ölümləri əhəmiyyətli dərəcədə azaltmaq üçün hər fürsəti dəyərləndirəcəyik.”

Mənbələr
fda.gov
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.