İlk dəfə qadınlarda ağciyər xərçənginin tezliyi kişiləri keçdi

Tarix boyu ağciyər xərçəngi kişilərdə qadınlardan daha çox görülüb. Bununla belə, ABŞ-da son 20 ilin məlumatlarının analiz edildiyi yeni tədqiqatda 30-49 yaş arasındakı qadınlarda ağciyər xərçənginin rastgəlmə tezliyi ilk dəfə kişilərdən yüksək müəyyən edilib. Bu vəziyyət yalnız siqaret çəkmə vərdişlərinin cinsə görə fərqlənməsi ilə izah edilə bilməyib və dəyişikliklərin səbəbi barədə daha çox tədqiqata ehtiyac var.
Ağciyər xərçəngi dünyada qadınlarda ən çox rast gəlinən 3-cü xərçəng növüdür (birinci süd vəzi, ikinci kolon-düz bağırsaq xərçəngidir). Bununla belə, həm qadınlarda, həm də kişilərdə ən çox həyat itkisinə səbəb olan xərçəng ağciyər xərçəngi olaraq qalır.
Tarix boyu qadınlarda ağciyər xərçənginin göstəriciləri qadınlar arasında siqaret çəkmənin yayılmasındakı artımla paralel olub. Kişilərdə siqaret vərdişi 1900-cü illərin əvvəlində yayılmağa başlayıb 1-ci Dünya müharibəsində zirvəyə çatdığı halda, ABŞ qadınlarında siqaret istifadəsi 1930-1960-cı illərdə yayılıb. Siqaret sənayesi qadınları siqaret çəkməyə təşviq etmək üçün böyük və hiyləgər reklam kampaniyaları təşkil edib və məqsədinə də çatıb (məsələn, siqareti qadın azadlığı ilə əlaqələndirən reklamlar).
Hazırda həm kişilərdə, həm də qadınlarda ağciyər xərçənginin tezliyi artıq artmır; hətta ABŞ və bəzi Avropa ölkələrində tezlikdə yüngül azalma var. Lakin yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, bəzi xüsusi yaş qruplarında rastgəlmə göstəriciləri qadınlarla kişilər arasında dəyişir.
Gənc yetkin qadınlarda ağciyər xərçənginin tezliyinin kişilərdən yüksək müəyyən edilməsinin səbəblərindən biri siqaret çəkməyənlərdə görülən ağciyər xərçənglərinin qadınlara kişilərdən daha çox təsir etməsi ola bilər. Bu baxımdan qadınların genetik olaraq ağciyər xərçənginin siqaretdənkənar səbəblərinə daha həssas olduğu düşünülə bilər.
Bütün ağciyər xərçənglərinin təxminən %85-inin tək səbəbi siqaretdir. Bununla belə, ağciyər xərçənginin səbəbləri qadınlarla kişilər arasında təxminən %10 fərqlənir. Bunun nə demək olduğunu belə izah edə bilərik:
ABŞ-da kişilərdə görülən hər 100 ağciyər xərçənginin 9-unun səbəbi siqaretdənkənar ağciyər xərçəngi risk amilləri olduğu halda, qadınlarda görülən hər 100 ağciyər xərçənginin 19-unun səbəbi siqaretdənkənar amillərdir.
Siqaretdənkənar ağciyər xərçənginin ən geniş yayılmış səbəbləri:
- radona məruz qalma (siqaretdən sonra ağciyər xərçənginin ən mühüm səbəbi),
- hava çirklənməsi,
- arsen
- asbest
- dizel işlənmiş qazları kimi kanserogenlər
Həmçinin passiv siqaretçəkmə və üçüncü əl tüstüyə məruz qalma qadınlara kişilərdən daha çox təsir edə bilər.
Sübutlar dəqiq olmasa da, siqaret qadınlarda kişilərlə müqayisədə daha çox kanserogen təsirə malik ola bilər. Məsələn, 600 min iştirakçı ilə aparılmış tədqiqatda 6500 şəxsdə ağciyər xərçəngi yaranıb və aktiv siqaret çəkən qadınların çəkməyən qadınlarla müqayisədə ağciyər xərçənginə tutulma nisbəti aktiv siqaret çəkən kişilərin çəkməyən kişilərə nisbətən ağciyər xərçənginə tutulma göstəricisindən əhəmiyyətli dərəcədə yüksək olub (qadınlarda siqaret çəkmə ağciyər xərçəngi riskini 1.64 dəfə, kişilərdə isə 1.43 dəfə artırıb).
Bundan başqa, siqaret yalnız ağciyər xərçənginə səbəb olmur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə siqaret çəkən qadınların ən azı %25-i siqaretlə əlaqəli xəstəlikdən həyatını itirir. Xərçəngdən başqa siqaretin ən çox səbəb olduğu xəstəliklər ürək-damar xəstəlikləri və xroniki obstruktiv ağciyər xəstəliyidir (KOAH). Siqaret ağciyər xərçəngindən başqa ezofagus (qida borusu), baş-boyun, süd vəzi, mədə və kolon xərçənginin səbəbi kimi qarşımıza çıxır.
Hormonal amilləriqadınların ağciyər xərçənginə daha meyilli olması ilə əlaqələndirən tədqiqatlar da var. Bunların bəziləri menopauza şikayətlərini azaltmaq üçün istifadə olunan estrogen-progestinli hormonal əlavələrinqadınların ağciyər xərçəngi riskini mülayim, lakin statistik baxımdan əhəmiyyətli dərəcədə artırdığını göstərib. Əksini göstərən tədqiqatlar da olduğuna görə hormon əlavəsinin ağciyər xərçənginə təsiri neytral sayılır.
Digər mövzu qida və vitamin əlavələridir. Keçmişdə aparılmış böyük tədqiqatlar yüksək dozalı B6 və B12 vitaminləri və beta-karotin əlavələrinin ağciyər xərçəngi riskini artırdığını göstərib, lakin cinslərarası fərqdən danışılmayıb.
Nəhayət, adenokarsinoma hüceyrə tipli ağciyər xərçənglərində qadınlarda proqnozun (xəstəliyin gedişinin) kişilərdən daha yaxşı olduğu bildirilir. Həmçinin qadınlarda görülən qeyri-kiçikhüceyrəli ağciyər xərçənglərində EGFR, ALK, ROS1-ə təsir edən genetik dəyişikliklərin mövcud olma ehtimalı daha yüksək olduğundan müalicə planlaşdırılarkən bu genetik dəyişikliklərə yönəlmiş testlər nəzərə alınmalıdır.
Nəticə
Ağciyər xərçəngi həm qadınlarda, həm də kişilərdə xərçənglə əlaqəli həyat itkisinin ilk səbəbi olaraq qalır. Ağciyər xərçənglərinin əksəriyyətinin səbəbi siqaretdir və qadınlarda siqaret istifadəsinin yayılması hələ də qəbuledilməz dərəcədə yüksəkdir.
Siqaret və siqaretdənkənar ağciyər xərçəngi risk amilləri qadınlara və kişilərə fərqli təsir göstərir kimi görünür. Səbəblər dəqiq olmasa da, hormonal amillər, DNT təmir qabiliyyətinin fərqli olması və xərçəng-immun sistem qarşılıqlı təsirlərindəki fərqlər rol oynaya bilər.
Mənbələr
Higher Lung Cancer Incidence in Young Women Than Young Men in the United States.
N Engl J Med. 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.