Siqaret çəkən şəxslərdən kimlər ağciyər xərçəngi skrininqindən keçməlidir?

Bu məqalədə
Siqaret çəkməyin dünyada ən çox rast gəlinən və ən çox həyat itkisinə səbəb olan ağciyər xərçənglərinin %90-nın səbəbi olduğu məlumdur. Belə ki, siqaret geniş yayılmamışdan əvvəl ağciyər xərçəngi nadir xərçənglərdən biri idi. Ağciyər xərçənginin rastgəlmə tezliyini azaltmağın yeganə yolu tütün və tütün məhsullarından istifadəni azaltmaq kimi görünür; bununla yanaşı, xəstəliyin nəticələrini yaxşılaşdırmağın yolu isə erkən diaqnozdur. Ağciyər xərçəngi üçün çox geniş yayılmasa da, uzun illər siqaret çəkən şəxslərdə erkən diaqnozu mümkün etmək üçün radioloji görüntüləmə ilə izləmə tövsiyə olunur. Yoğun bağırsaq və ya süd vəzi xərçəngi üçün skrininqlərin əhatə dairəsi daha aydın olduğu halda, ağciyər xərçəngində erkən diaqnoz məqsədli skrininqə kimlərdə, hansı yaşda başlanması və onun hansı tezlikdə aparılması məsələsi hələ də araşdırılır. Annals of Internal Medicine jurnalında dərc edilmiş hesabatda ABŞ əhalisindən şəxslər əsas götürülərək doqquz müxtəlif risk proqnozlaşdırma modelinin təhlili ilə uzun müddət siqaret çəkənlərin necə skrininqdən keçirilməli olduğu göstərildi.
Bu tədqiqatda ağciyər xərçəngi skrininqində istifadə edilən bu 9 modelin göstəricilərinin qiymətləndirilməsi məqsəd qoyuldu. Modellərin adları belə idi: the Bach model; the Spitz model; the Liverpool Lung Project (LLP9) model; the LLP Incidence Risk Model (LLPi); the Hoggart model; the Prostate, Lung, Colorectal, and Ovarian Cancer Screening Trial Model 2012 (PLCOM2012); the Pittsburgh Predictor; the Lung Cancer Risk Assessment Tool (LCRAT); and the Lung Cancer Death Risk Assessment Tool (LCDRAT]). Modellərin göstəricilərini ölçmək üçün təxminən 400 min siqaret çəkən şəxsin məlumatları qiymətləndirildi.
Tədqiqatın nəticəsinə görə dörd risk modeli — the Bach model, PLCOM2012, LCRAT və LCDRAT — digərləri ilə müqayisədə riskin proqnozlaşdırılması və skrininq üçün daha dəqiq nəticələr verdi.
Ağciyər xərçəngi skrininqi siqaret çəkənlərin həyatını xilas edə bilər
- Ağciyər xərçəngi skrininqi son dərəcə vacibdir və siqaret çəkənlərin həyatını xilas edə bilər.
- Hazırda ağciyər xərçəngi skrininqi üçün mövcud olan ən yaxşı sübut ən azı 15 illik siqaretçəkmə tarixçəsi olan, 55 yaşdan yuxarı şəxslərdə aşağı dozalı ağciyər tomoqrafiyası ilə skrininqi tövsiyə edən prospektiv (irəliyə yönəlmiş) klinik tədqiqatlardan əldə edilmişdir.

Nəticə olaraq, siqaret çəkənlərdə ağciyər xərçəngi riskini proqnozlaşdırmağa yönəlmiş çoxsaylı tədqiqatlar aparılsa da, hazırda ümumi qəbul edilmiş tövsiyə belədir:
Ağciyər xərçənginin mövcudluğunu düşündürən hər hansı şikayəti olmayan (asimptomatik) şəxslərdən 55-77 yaş aralığında olan və ən azı 30 il siqaret çəkmiş şəxslər — hətta son 15 ildə siqareti tərgitmiş olsalar belə — ildə bir dəfə aşağı dozalı şüalanma ilə ağciyər tomoqrafiyası (KT) vasitəsilə skrininqdən keçirilməlidir.
Xərçəngə bağlı həyat itkilərinin azalması üçün erkən diaqnoz skrininq testlərinin aparılması vacibdir. Lakin tütün məhsullarından çox istifadə etdiyi üçün yüksək riskli şəxslərdə aparılan aşağı dozalı ağciyər tomoqrafiyasının nəticələrinin yaxşı olması da mövcud riskinizin azaldığı mənasına gəlmir. Siqaret və digər tütün maddələrindən istifadə etməməyin, passiv siqaret çəkən olmamağın, radon qazına və asbest kimi digər kimyəvi maddələrə məruz qalmamağın, yəni ağciyər xərçəngi riskini artıran bütün amillərdən uzaq durmağın xərçəngdən qorunmada daha çox əhəmiyyət daşıdığı yadda saxlanmalıdır.
Əlaqəli mövzular:
- Siqareti necə tərgidə bilərəm?
- Siqaretdən başqa ağciyər xərçəngi səbəbləri
- Aziz Sancarın siqareti tərgitdirəcək kəşfi kimi əks-səda doğuran tədqiqat əslində nədən bəhs edir?
Mənbələr
Implications of Nine Risk Prediction Models for Selecting Ever-Smokers for Computed Tomography Lung Cancer Screening.
Annals of Internal Medicine, May 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.