Siqareti necə buraxa bilərəm?
Sağlam yaşamaq və xərçəngdən qorunmaq üçün siz də siqareti buraxa bilərsiniz, siqareti buraxmaq üçün kəşf edilmiş bir çox üsuldan birini sınaya və siqareti tərgitmə təşkilatlarından dəstək ala bilərsiniz... İnsan ən çox bilmədiyindən qorxur, hətta siqareti buraxmaqdan qorxa bilərsiniz. Buna görə əvvəlcə siqareti və onu tərgitmə üsullarını tanımalısınız.

Bu məqalədə
Siqareti buraxa bilərsiniz
“Siqareti necə buraxa bilərəm?” sualının cavabında ən vacib məqam siqareti buraxmağı zehninizdə bitirməyinizdir. Beynin tamamilə rədd etdiyi vərdişi bədəniniz davam etdirə bilməz.
Siqaret, 1900-ci illərin əvvəlindən bəri insanların böyük bir hissəsi üçün əvəzolunmaz olaraq mövcudluğunu davam etdirib. İlk olaraq Amerikada istehsal olunan tütünün aqressiv və hiyləgərcəsinə hazırlanmış çoxsaylı reklamlarla bazara çıxarılması nəticəsində siqaret dünyanın əsas sağlamlıq problemlərinin başında gəlməyə başladı. Lakin başda ağciyər xərçəngi olmaqla bir çox xərçəng növünün əsas səbəbi olduğu məlum olduqdan sonra siqaretdən istifadə nisbətləri 1990-lardan etibarən, qənaətbəxş olmaqdan çox uzaq olsa da, azalmağa başladı. Zərərləri müxtəlif kampaniyalarla izah edilən siqaret asılılığına son qoymaq üçün siqaret istifadəçilərinə müxtəlif üsullar təklif edilmiş və hələ də təklif olunmaqdadır.
Ağciyər xərçənginin bir vaxtlar çox nadir görülən xəstəlik olduğunu bilirdinizmi?
Siqaret hansı xəstəliklərə səbəb olur?
Bu vərdişdən imtina etmək sizə əzab verməməlidir. Bəzi yan təsirlərlə qarşılaşsanız da, sizə təklif olunan müxtəlif seçimlərlə siqareti daha asan buraxa bilərsiniz. Bilin ki, siqareti buraxmaqla əldə edəcəyiniz faydalar, sizə təklif olunan üsulları tətbiq etdikdə ortaya çıxan yan təsirlərin riskindən qat-qat daha əhəmiyyətlidir.

Dünyanın demək olar ki, bir çox ölkəsində mübarizə elan edilmiş siqareti həyatımızdan tamamilə çıxarmaq, daha sağlam və uzun ömür sürmək üçün gəlin birlikdə nələr edə biləcəyimizi nəzərdən keçirək..
Nikotin tərkibli tətbiqlər
Nikotin plastırı, nikotin saqqızı, inhalyator, pastil və burun spreyi kimi müxtəlif nikotin dəstəyi məhsulları Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib. Nikotin plastırı, nikotin saqqızı və pastil apteklərdən reseptsiz alına bilər. Lakin burun spreyi, inhalyator (tənəffüs cihazı) kimi bəzi məhsullar həkim resepti ilə satın alına bilər.
Dərman müalicələri
İki dərman müalicəsi siqareti buraxmağa kömək edə bilər. Biri bupropion (Wellbutrin- firma adı altında bazarda olan antidepressant və siqareti buraxmağa köməkçi kimi-Zyban), digəri isə vareniklin (Champix) adlı dərmanlardır. Bupropion nikotin dəstəyi müalicəsi ilə birlikdə istifadə oluna bilər. Lakin vareniklin üçün eyni hal keçərli deyil. Bəzi istisna hallar xaricində bu qayda qüvvədədir. Həm vareniklin, həm də bupropion siqareti buraxmaqda effektiv dərman müalicələridir.
Vareniklin (Champix) adlı dərmandan istifadə zamanı nadir hallarda psixiatrik yan təsirlər müşahidə olunur. Lakin bu dərman siqareti buraxmağa kömək edən kifayət qədər effektiv və yaxşı dərmandır. Buna görə də müsbət və mənfi nəticələr diqqətlə ölçülüb-biçilməli və sağlamlıq vəziyyətiniz imkan verdiyi qədər istifadə edilməlidir.
Ən vacib məqam budur ki, bu cür dərman müalicələrinə qərar verdikdə mütləq həkim təsdiqi almalısınız.
Alternativ müalicələr
Hipnoz və akupunktur kimi bəzi alternativ müalicələr də siqareti buraxmağınıza kömək edə bilər. Lakin hipnoz və akupunkturla bağlı genişmiqyaslı tədqiqatlar hələ aparılmadığı üçün bu üsulların siqareti buraxmaq baxımından nə qədər effektiv olduğu aydın deyil. Bununla belə, alternativ müalicə kimi seçilməsində sağlamlıq baxımından heç bir maneə yoxdur. Hipnoz və akupunktur müalicəsinin yeganə mənfi cəhəti onun xərc və vaxt tələb etməsidir.
Sosial dəstək
Sosial dəstəyin əhəmiyyəti gözardı edilir. Lakin dövlətin siqareti buraxmaq məqsədilə təqdim etdiyi yardım xətləri siqaret asılılığı olan insanlara fayda verə bilər. Bu xəttə zəng edərək alacağınız məsləhət və müalicələrə əsasən siqareti buraxmaq şansınızı ikiqat artıra bilərsiniz.
Elektron siqaret (e-siqaret)
Elektron siqaretin siqareti tərgitməyə təsiri sübut olunmasa da, siqareti buraxmaq istəyən bir çox istehlakçı elektron siqaretdən istifadə etməyə başlayıb. Hətta e-siqaretin adi siqareti tərgitməkdə effektiv olmadığını göstərən elmi araşdırmaların nəticəsində e-siqaret marketoloqları artıq “siqareti buraxmağa kömək edir” şüarı əvəzinə “daha az zərərlidir” şüarına üstünlük verməyə başlayıblar. Lakin e-siqaretin daha az zərərli olduğunu söyləmək də mümkün görünmür. Elektron siqaret haqqında ətraflı məlumatlara bu yazımızdan çata bilərsiniz.

“Daha az zərərli olduğu” iddiası ilə bazara çıxarılan e-siqaretlərin bəlkə də ən böyük təhlükəsi gənclərimizi və uşaqlarımızı hədəf almasıdır. Elmi məlumatlar xüsusilə gənclərdə siqaretə başlama meylini artırdığını, siqaret çəkənlərdə isə siqareti buraxmağa yönəlmiş təsir yaratmadığını göstərir. Bundan əlavə, nikotinlə nə qədər erkən tanış olunarsa, nikotinin asılılıq dərəcəsinin bir o qədər güclü olduğu da tədqiqatlarla göstərilmişdir.
- Sizi maraqlandıra bilər: Siqareti buraxmaqda hansı üsul daha effektivdir: TƏDRİCƏN azaltmaq, yoxsa BİRDƏN buraxmaq?
Nəticə
İlk cəhddə siqareti buraxa bilməyənlərin ruhdan düşməsinə səbəb olmaq əvəzinə onlara dəstək olmaq vacibdir. Siqaret asılılığı olan insanların çoxu buraxmağı dəfələrlə sınayır. Sizə məsləhətim budur: özünüz üçün bir gün müəyyənləşdirin və qətiyyətli olun. Unutmayın ki, siqareti buraxma prosesinin bir hissəsi olaraq əvvəlcə uğursuz ola bilərsiniz. Lakin ruhdan düşməyin və özünüz üçün 10 dəfə kimi sınaq limiti müəyyən edin. Buraxma müddətində özünüzə qarşı anlayışlı olun və məğlubiyyəti əsla qəbul etməyin.
Siqaretin insan sağlamlığına nə qədər zərərli olduğu və yeganə çıxış yolunun onu buraxmaq olduğu dəfələrlə vurğulanıb. Bu baxımdan, bir çox ölkədə olduğu kimi, bizim ölkəmizdə də bu mövzuda aparılan işlər və təşkil olunan kampaniyalar təqdirəlayiqdir. Lakin bütün bu üsullardan əlavə, ən vacib məqam siqareti buraxmağı zehninizdə bitirməyinizdir. Beynin tamamilə rədd etdiyi vərdişi bədəniniz davam etdirə bilməz.
Unutmayın: Hansı yaşda olmasından asılı olmayaraq siqareti buraxmaq ömür uzunluğuna müsbət təsir göstərir

Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.