Hansı süd vəzi xərçəngi əməliyyatı daha keyfiyyətli həyat təmin edir?

Erkən mərhələli süd vəzi xərçəngi diaqnozu alan qadınlar adətən süd vəzilərinin hamısını və ya yalnız bir hissəsini çıxartdırmaq seçiminə malikdirlər.
Yeni tədqiqat xəstənin əməliyyatdan 10 il sonra süd vəzilərindən məmnunluğunun hər iki əməliyyat növü üçün oxşar olduğunu göstərir.
"Süd vəzimi tam çıxarın və qurtulum" deməyə çox vaxt ehtiyac yoxdur
Süd vəzi xərçənginə tutulan bir çox xəstə sanki süd vəzisindən küsür və ondan qurtulmaq istəyir. Lakin erkən mərhələli süd vəzi xərçənginin müalicəsində bəzi xüsusi hallar (böyük şiş, kiçik süd vəzi quruluşu, ikitərəfli şiş, irsi süd vəzi xərçəngi və s.) istisna olmaqla süd vəzinin tam çıxarılması lazımsızdır.
Bu yeni tədqiqatda süd vəzinin bir hissəsinin çıxarıldığı süd vəzini qoruyan cərrahiyyə və sonrasında qoruyucu şüa müalicəsi alan qadınlar süd vəzinin tam çıxarıldığı mastektomiya və rekonstruksiya (yenidən qurulma) edilənlərlə müqayisədə əməliyyatdan 10 il sonra nəzərəçarpan dərəcədə daha yaxşı psixososial və cinsi rifah bildiriblər.
Tədqiqatın nəticələri erkən mərhələli süd vəzi xərçəngi olan qadınların əməliyyat seçimlərini edərkən daha məlumatlı və özlərindən əmin şəkildə qərar vermələrinə kömək edə bilər.
Tədqiqat 13 apreldə JAMA Surgery jurnalında dərc edilib.
Süd vəzini qoruyan cərrahiyyəyə uyğun olsa da mastektomiyanı seçən çoxsaylı qadınların olduğu nəzərə alınarsa, bu nəticələrin xəstənin qərarvermə prosesinə mühüm təsirləri olacaq.
Ümumilikdə bu tədqiqat erkən mərhələli süd vəzi xərçəngi xəstələrində süd vəzini qoruyan cərrahiyyə edilənlərin mastektomiya ilə müqayisədə daha üstün qısa və uzunmüddətli həyat keyfiyyəti nəticələrinə malik olduğunu ortaya qoyur.
Tədqiqatın təfərrüatları
Tədqiqatın aparıcı müəllifi Dr Benjamin Smith və həmkarları Texas Cancer Registry məlumatlarından istifadə edərək müqayisəli effektivlik tədqiqatı aparıblar və 2006 ilə 2008-ci illər arasında 0-II mərhələli süd vəzi xərçəngi diaqnozu qoyulmuş və süd vəzini qoruyan cərrahiyyə, yaxud mastektomiya və rekonstruksiya ilə müalicə edilmiş qadınları müəyyən ediblər.
Təhlillərinə ümumilikdə 647 xəstə daxil edilib (356-sına süd vəzini qoruyan cərrahiyyə, 291-inə mastektomiya və rekonstruksiya tətbiq edilib).
Bu xəstə qrupunun median yaşı 53, diaqnozdan sorğuya qədər median müddət isə 10.3 il olub. Mastektomiya və rekonstruksiya ağdərili, daha gənc, limfa düyünü pozitiv, daha böyük şişləri olan, bilateral (ikitərəfli) süd vəzi xərçəngli, kimyaterapiya alan və gəliri daha yüksək olan qadınlarda daha geniş yayılıb.
- Marağınızı çəkə bilər: Ağıllı və imkanlı olmağınız xərçəng müalicəsində düzgün yolu tapmağınız üçün kifayət etməyə bilər!
Tədqiqatda ölçülməsi istənilən əsas nəticə xəstələrin bildirdiyi BREAST-Q sorğusu ilə ölçülən süd vəzilərindən məmnunluq olub. İkinci dərəcəli nəticələrə fiziki, psixososial və cinsi rifah daxil olub.
Tədqiqat qrupları arasında süd vəzisindən məmnunluq, fiziki rifah və ya qərardan peşmanlıq baxımından əhəmiyyətli fərq tapılmayıb; bununla yanaşı, süd vəzini qoruyan cərrahiyyə və radioterapiya edilənlərin süd vəzisindən məmnunluğu digər qrupdan 2.7 dəfə daha yaxşı olub.
Həmçinin psixososial rifah (təsir ölçüsü, –8.61; P < .001) və cinsi rifah (təsir ölçüsü, –10.68; P < .001) mastektomiya və rekonstruksiya edilən qadınlarda əhəmiyyətli dərəcədə daha pis olub.
Eyni jurnalda bu tədqiqat barədə paralel redaksiya məqaləsi dərc edilib. Redaktorlar əvvəlki tədqiqatların süd vəzini qoruyan cərrahiyyə ilə müqayisədə mastektomiyadan sonra həyat keyfiyyətinin azaldığını aşkar etdiyini qeyd edirlər. Bununla yanaşı, əvvəlki tədqiqatların çoxu radioterapiyasız (RT) süd vəzini qoruyan cərrahiyyə edilən və rekonstruksiyasız mastektomiya aparılan xəstələri əhatə edib.
Nəticə olaraq süd vəzini qoruyan cərrahiyyə və ardınca RT-nin daha yaxşı həyat keyfiyyətinə gətirdiyi, tibbi zərurət olmadıqca mastektomiyadan qaçılmalı olduğu məlumatı bu tədqiqatla güclənib.
Mənbələr
2. Which Breast Cancer Surgery Leads to Better Quality of Life? - Medscape - Apr 21, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.