Həddindən artıq təmizlik uşaqlıq dövrünün kəskin leykemiyası üçün risk amili ola bilər

Kəskin leykemiya inkişaf etmiş ölkələrdə uşaqlıq dövrünün ən geniş yayılmış xərçəngidir və bütün uşaqlıq dövrü xərçənglərinin təxminən üçdə birini təşkil edir. Bəs bu xərçənglər niyə kiçik uşaqlarda yaranır və xüsusilə niyə ilk növbədə sənayeləşmiş cəmiyyətlərdə müşahidə olunur?
Bir araşdırmaya görə, kəskin leykemiyanın iki mərhələli genetik mutasiya prosesindən və infeksiyaya məruz qalmadan qaynaqlandığına dair güclü sübutlar var.
Həmçinin prosesin ikinci mərhələsində erkən həyatda mikroblara az məruz qalmanın leykemiyaya tutulma riskini artıra biləcəyi düşünülür. Əsl problem infeksiya deyil, həyatın erkən dövründə infeksiyanın olmaması ola bilər.
Bu araşdırmada Avropada hər il təxminən % 1 artan kəskin limfoblastik leykemiyanın (ALL), xüsusilə prekursor B hüceyrəli ALL-nin mənşəyi araşdırıldı. Araşdırmanın tədqiqatçılarından Greaves belə demişdir: "Ümid edirəm ki, bildirdiyimiz nəticə uşaqlıq dövrü leykemiyasına nəyin səbəb olduğu barədə 100 illik müzakirənin həllidir. Ən mühüm səbəb inkişaf etmiş cəmiyyətlərə xas infeksiya modelidir."
Leykemiyanın yaranmasında iki addımlı proses
Yeni təhlil dünyada çox sayda və müxtəlif sahələr üzrə mütəxəssisin (genetika, hüceyrə biologiyası, immunologiya və uşaqlıq dövrü leykemiyası, epidemiologiya) 30 illik araşdırmasından əldə edilmiş sübutlardan yararlanır. Bu sübutlara əsasən müəlliflər prekursor B hüceyrəli ALL-nin səbəbinin multifaktorial (çoxamilli) olduğu qənaətinə gəldilər (həm infeksiya modellərini, həm irsi genetikanı, həm də digər risk amillərini əhatə edən).
İmmun sisteminin təkamül proqramlaşdırılması ilə həyatın erkən dövrlərində mikroblara məruz qalmaq imkanlarını məhdudlaşdıran müasir həyat tərzləri arasında uyğunsuzluq olduğu düşünüldü və bu, inkişaf etmiş cəmiyyətlərdə tərəqqi paradoksu adlandırıldı.
Leykemiyanın inkişafının ilk addımı doğuşdan əvvəl yaranan və körpəni sonradan leykemiyaya tutulmağa meyilli edən genetik bir mutasiyanı əhatə edir. Lakin bu genetik dəyişikliklə doğulan uşaqların yalnız % 1-də sonda xəstəlik yaranır
İkinci addım ikili rol oynayan infeksiya tərəfindən başladılır. Həyatın erkən dövrlərində mikroblara məruz qalmamaq immun sisteminin pozulması ilə nəticələnir. Oxşar əlaqə gənc yetkinlərdə və uşaqlarda Hodgkin limfoması, allergiyalar və autoimmun xəstəliklər üçün də müşahidə edilmişdir.
Lakin erkən mikroba məruz qalma qoruyucu olduğu halda, sonrakı infeksiyalar ilk "inkişaf" baş verdikdə kritik ikincili mutasiyaları başladır.
Greaves, "İmmun sistemi infeksiyalarla mübarizə aparmaq üçün təkamül etmişdir və ilk bir neçə həftə və ayda baş verən təbii infeksiyalar immun sistemini gücləndirir" deyə bildirdi. "Həyatın erkən dövründə təbii infeksiyalar olmadıqda immun sisteminin cavabları anormal inkişaf edə bilər."
Əslində bu məlumatlar valideynlərin leykemiya riski ilə bağlı narahat olduqda nə edə biləcəkləri sualını doğurur. Risk nisbətən aşağıdır və təxminən 2000-də 1-dir.
Greaves bu vəziyyətlə bağlı belə deyir; "İnsan gigiyena məsələsində həddindən artıq vasvası və narahat olmamalıdır. Uşaqları başqa uşaqlarla, xüsusilə daha böyük uşaqlarla ünsiyyətə təşviq etmək yaxşı olar və eyni zamanda doğuşdan sonra 3 ilə 6 ay ərzində ana südü ilə qidalandırmaq faydalı olacaq."
Məqaləsində həyat tərzi dəyişikliklərinə əlavə olaraq, körpəlikdəki təbii infeksiyaların qoruyucu təsirini təqlid edən profilaktik (qoruyucu) peyvəndlərin hazırlanmasının daha real strategiya ola biləcəyinə də diqqət çəkir. Bundan əlavə, təbii mikrobların yenidən qurulması və ya manipulyasiyası erkən həyatdakı immun pozuntuları üçün araşdırılan mövzudur. Başqa bir yanaşma inkişaf edən immun sisteminə faydalı tənzimləyici təsirləri ola bilən xoşxassəli sinbiotiklərin (mikrobiotanınüzvü olan Lactobacillus kimi xoşxassəli bakteriyaların) oral (ağızdan) verilməsidir.
Greaves bu iki addımlı modelin yalnız prekursor B hüceyrəli ALL üçün keçərli olduğunu vurğulayır; körpələrdə daha nadir rast gəlinən pro-B ALL, uşaqlıq dövrünün kəskin mieloid leykemiyası və uşaqlıq dövrü limfomasının fərqli etiologiyaya (səbəbə) və patogenezə (xəstəliyin yaranma mexanizminə) malik olduğu görünür. Bundan əlavə, timik və ya T hüceyrəsi prekursorlu ALL üçün məlumatlar bu modelin tətbiq edilə bilib-bilməyəcəyini deməyə kifayət etmir.
Bütün bu araşdırmalar ALL-nin, ehtimal ki, qarşısı alına bilən xəstəlik olduğunu göstərir.
Tədqiqatçılar bunu etməyin yolunun həyatın ilk ilində körpələrin faydalı və təhlükəsiz mikroblara məruz qalması olduğuna və 5-10 illik müddətdə bunun real faydaya çevrildiyini görəcəyimizə inanırlar.
Bu məqalə bizə nəyi göstərir?
Bu məqalə ALL hallarının bir hissəsinin qarşısının alına biləcəyini irəli sürür. Xərçəngə tutulmamaq üçün immun sisteminin hansı hissələrinin erkən dövrdə stimullaşdırılmalı olduğunu öyrənərək bu ikinci zərbədən necə qaça biləcəyimizi öyrənə bilərik. Həmçinin erkən yaşda mikroblara məruz qalmamaq allergik və autoimmun xəstəliklərin inkişafı ilə əlaqəlidir.
Bu araşdırma genetika ilə immun sistemi arasındakı qarşılıqlı təsirin bu xəstəliyin inkişafında rol oynadığına dair sübutlar təqdim edir. Ətraf mühit, genetika və immun sisteminin qarşılıqlı təsiri ilə bağlı tapmacanın çatışmayan hissələrinin çoxu anlaşılmağa başlayır. Bununla yanaşı, xərçəng risklərini müəyyən etməkdə xeyli irəliləyirik, lakin bəzi xərçənglərdən daha təsirli qorunma yollarının müəyyən edilməsinə hələ də ehtiyac var.
Mənbələr
A causal mechanism for childhood acute lymphoblastic leukaemia.
Nat Rev Cancer. May 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.