İngiltərədə müalicə gözləyən xəstələrin sayı 6 milyonu keçdi

İngiltərə Milli Səhiyyə Sisteminin (NHS) son məlumatlarına görə, yanvar 2022 tarixində mütəxəssis yönləndirməsindən sonra müalicəyə başlamağı gözləyənlərin sayı 6,1 milyon ilə rekord səviyyəyə çatdı. Ötən il yanvarda 4,59 milyondan ilin sonunadək 6,07 milyona yüksələn say bu yanvarda təxminən 1,5 milyonla üçdə bir nisbətində artdı.
NHS-nin açıqlanan digər məlumatında İngiltərədə fevral 2022 tarixində təcili yardım şöbəsində 16.404 nəfərin 12 saatdan çox gözlədiyi bildirildi. Bu say demək olar ki, qeydlərin ilk aparılmağa başladığı avqust 2010 tarixindən bəri rekord səviyyəyə çatdı. Təcili yardıma müraciət edən təxminən 30 nəfərdən 1-i 12 saatdan çox, %60,8-i isə 4 saatdan çox gözlədildi. Bu məlumatlar NHS-nin qeydlərə başladığı vaxtdan bəri ən pis performansını göstərir.
Ciddi təzyiq altında olan səhiyyə sistemi
İngiltərə Kral Tibb Bacıları Kollecinin (RCN) direktoru Patricia Marquis belə söyləyir: “Bu rəqəmlər tibb bacılarının təzyiq altında olduqları çoxsaylı iş yüklərini azaltmağa çalışarkən üzləşdikləri çətinliyin miqyasını göstərir. Hələ rutin müalicə gözləyən 6,1 milyon insan və xəstəxanaya yerləşdirilmək üçün 12 saatdan çox gözləyən minlərlə xəstə ilə tibb bacıları ciddi tükənmiş işçi qüvvəsi ilə təhlükəsiz və təsirli qulluq göstərmək üçün mübarizə aparırlar.”
Kral Təcili Tibb Kollecinin (RCEM) prezidenti Dr. Katherine Henderson avqust 2010 tarixindən sentyabr 2021 tarixinədək olan 11 illik müddətdə təcili yardımda 12 saatdan çox gözləyənlərin sayının 52.181 olduğu halda, oktyabr 2021 tarixindən bəri gözləyənlərin sayının 63.653 olduğunu söylədi.
“Bu məlumatlar sarsıdıcıdır. Bütün səhiyyə və siyasi rəhbərləri həyəcanlandırmalıdır. Məsuliyyət yükü artıq bu böhranı idarə etməyə çalışan tükənmiş və sıxılmış işçilərin üzərinə qoyula bilməz. Sistem qarşılıqlı əlaqəlidir. Təcili vəziyyət və ya təcili yardımdakı böhran başqa yerdəki təzyiqin nəticəsidir və həmin xətt üzrə başqa təzyiqə də səbəb ola bilər. Bunların hamısı xəstə təhlükəsizliyi üçün böyük risk yaradır.”
Dr. Henderson sözlərinə bunları da əlavə etdi: “Son məlumatlar ciddi təzyiq altında olan səhiyyə sistemini üzə çıxarıb. Xəstələr ciddi zərər görürlər.”
Təzyiqlərlə yanaşı işçi çatışmazlığı
NHS sədrinin müavini Saffron Cordery “Adətən mövsümi qış təzyiqindən sonra yaza doğru yüngülləşmə gözləyirik, lakin bu rəqəmlər NHS-nin hələ də güclü təzyiq altında olduğunu göstərir.”
“Təcili vəziyyətlər və təcili yardım, 2 il əvvəllə müqayisədə ambulans tələb edən hadisələrin %19 artması ilə əhəmiyyətli təzyiq altında qalmağa davam edir. 6,1 milyon insanın müalicə gözləmə siyahısında olması və psixi sağlamlıq və icma xidmətlərində də ciddi yığılmaların olması dərin narahatlıq doğurur.”
“Həftələrlə azaldıqdan sonra yenidən artmağa başlayan Covid-19 xəstələri kimi işçi qüvvəsindəki çatışmazlıq da real narahatlıq mənbəyi olaraq qalır. İşçi çatışmazlığı bu həftə də artdı və bu, həmkarlarımız işə gəlməyəndə iş yükünü yüngülləşdirmək üçün niyə daha çox işçiyə ehtiyacımız olduğunu göstərir. NHS-də hazırda 110.000 işçi çatışmazlığı var və bu boşluqlar müalicə keyfiyyəti və xəstə təhlükəsizliyinə ciddi təzyiq göstərir.”
Xərçəng şübhəsi olanlar da gözləyir
Həmçinin NHS-nin yanvar 2022 üçün açıqladığı, xərçəng şübhəsi olanların təcili yönləndirilməsi üçün hədəflənən mövcud 2 həftəlik gözləmə müddəti də xeyli pozuldu. Xərçəng şübhəsi ilə yönləndirilənlərin yalnız %75-i 2 həftə ərzində mütəxəssis tərəfindən görüldü. Bu göstərici dekabr 2021 tarixində %78,6 olduğu halda, Health Services Journal-a görə fevral 2019 tarixində %93 idi. Həmçinin döşdə kütlə əlamətləri səbəbindən təcili yönləndirilən xəstələrin də yalnız %49,4-ü 2 həftə ərzində mütəxəssisə göründü. Bu göstərici dekabr 2021 tarixində %50,9 idi.
Hədəflənən “2 həftəlik gözləmə müddətini keçməmək” qaydası da xərçəng diaqnozu qoyulmazdan və ya şəxsdə xərçəng olmadığı müəyyənləşdirilməzdən əvvəlki 28 günlük standarta görə yenidən nəzərdən keçirilir.
NHS-nin Daha Sürətli Diaqnoz Standartı çərçivəsində yeni hədəfləri bunlardır:
- Təcili yönləndirilən, döş xərçəngi əlaməti olan və ya xərçəng skrininqi məqsədilə qəbul edilən xəstələrə xərçəng diaqnozu qoyulması və ya xərçəng olmadığının müəyyənləşdirilməsi 28 gün ərzində aparılacaq.
- Xərçəng diaqnozu almış xəstələr yönləndirmədən sonrakı 62 gün ərzində müalicəyə başlayacaqlar.
- Xərçəng xəstələri NHS-nin müalicə standartına görə ilk müalicələrini diaqnozdan sonrakı bir ay ərzində almalıdır.
NHS bu planın daha çox erkən diaqnoza və daha çox həyat xilas etməyə kömək edəcəyini söylədi.
Hədəflər qarşılanmır
Bu yeni “Daha Sürətli Diaqnoz Standartı” (bütün təcili xərçəng şübhəli hadisələr, döş xərçəngi əlamətləri olanlar və təcili skrininq üçün yönləndirmə tələb olunanlar üçün) 2021/22 dövrünün üçüncü rübündən etibarən başlanğıc olaraq %75 səviyyəsi ilə hədəflənir. Lakin son statistikaya görə bunun artıq qarşılanmadığı görünür. Yanvarda insanların yalnız %63,8-i təcili yönləndirmədən sonrakı 28 gün ərzində mütəxəssis tərəfindən görülərək xərçəng olub-olmadığı bildirildi, dekabr 2021 tarixində isə bu göstərici %70,5 idi.
NHS hər hədəf üçün hədd göstəricisini qarşılamalıdır. Məsələn, xəstələrin ən azı %85-i xərçəng şübhəsi ilə təcili yönləndirildikdən sonrakı 2 ay (62 gün) ərzində ilk xərçəng müalicəsinə başlamalıdır. Təəssüf ki, bu hədəflərin çoxuna çatılmır. Xəstələrin yalnız %67-si bu müddətdə ilk müalicələrini ala bildi. NHS xəstələrin %93-ünün ailə həkimi tərəfindən yönləndirildikdən sonrakı 2 həftə ərzində mütəxəssis tərəfindən görülməsini hədəflədiyi halda, son məlumatlara görə dekabrda xəstələrin %79-u mütəxəssisə görünə bilib.
Hədəf %95
İngiltərə Xərçəng Araşdırmalarından Michelle Mitchell “Yeni Daha Sürətli Diaqnoz Standartı mövcud 2 həftəlik gözləmədən daha mənalı hədəfdir və erkən diaqnostikanı yaxşılaşdırmasını ümid edirik. Bütün hədəflər %75-ə çata bilsəydi, hazırda olduğumuz yerdən daha yaxşı yerdə olardıq.” dedi.
“Lakin xərçəngdə sağqalmanı artırmaq üçün uzunmüddətli perspektivdə qarşıdakı 10 illik xərçəng planında 2015 xərçəng strategiyasında tövsiyə edilən %95 hədəfini görmək istəyirik. NHS çərçivəsində xərçəng diaqnozu üçün vacib olan mütəxəssis çatışmazlığı səbəbindən hədəfin aşağı müəyyənləşdirildiyini bilirik. Hökumət NHS işçi qüvvəsini artırmaq üçün vəd etdiyi əlavə investisiyanı təmin etməlidir. Hər gecikmə diaqnoz və müalicə gözləyən daha çox insanı riskə atır.”
Lakin səhiyyə naziri Javid işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün yeni ödəniş olmayacağını və bu il ərzində 10 illik xərçəng planı hazırlayacağını söylədi. “Bu baxışı reallığa çevirmək və performans səviyyələrini yüksək saxlamağa kömək etmək üçün uzunmüddətli işçi qüvvəsi planına ehtiyacımız var.”
Macmillan Cancer Support-dan Eve Byrne isə açıqlanan son rəqəmlərlə bağlı belə açıqlama verdi: “Diaqnoz və müalicədə hər hansı gecikmənin xərçəngli xəstələr üçün böyük narahatlıq və sıxıntı yaratdığını bildiyimizdən bu rəqəmlərin indiyədək ən pis nəticələr olduğunu görmək narahatedicidir. NHS pandemiyadan əvvəl də qırılma nöqtəsində idi. NHS-nin xərçəng sahəsində ehtiyac duyduğu işçi qüvvəsinə uzunmüddətli maliyyə təmin edə bilmədikdən sonra səhiyyə nazirinin bu həftə NHS işçi qüvvəsi planlarının arxasında yeni investisiya olmayacağını söylədiyini eşitmək bizi tamamilə məyus etdi. Xərçəng xəstələrinin ehtiyac duyduğu xidmət və dəstəyi təmin etmək üçün xərçəng sahəsində işçilərin sayını təcili artırmağa yönəlmiş konkret investisiya olmadan qarşıdakı hər hansı 10 illik xərçəng planının hədəfi uğursuz olacaq.”
Mənbələr
2. Pickover E. (09.03.2022). Cancer Overhaul Could See 2-Week Wait To See Specialist Scrapped. Medscape.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.