Mədəaltı vəzi xərçəngində indiyədək alınan ən yaxşı nəticələr

Mədəaltı vəzi xərçəngi əməliyyatından sonra adjuvant (qoruyucu) məqsədlə verilən standart kimyaterapiya rejimi gemsitabinlə mFOLFIRINOX adlı, rutin praktikada metastatik mədəaltı vəzi xərçənginin müalicəsində istifadə etdiyimiz güclü müalicə kombinasiyası müqayisə edilib.
PRODIGE 24 / CCTG PA.6 adlı faza-3 randomizə edilmiş klinik tədqiqat Fransada Institut de Cancerologie-nin Nansidəki Lorraine Xərçəng Mərkəzindən Dr. Thierry Conroy və həmkarları tərəfindən 2018 ASCO illik toplantısında təqdim edilib. Tədqiqata metastatik olmayan və əməliyyat edilmiş 493 pankreatik duktal adenokarsinomalı (klassik mədəaltı vəzi xərçəngi) xəstənin daxil edildiyi bildirilib.
Mədəaltı vəzi xərçəngi aqressiv xüsusiyyətinə görə uğurlu əməliyyatdan sonra belə yüksək residiv (təkrarlanma) riski daşıyır. Xərçəngin təkrarlanması gözlə görə bilmədiyimiz, geridə qalmış və orqanizmə yayılmış mikroskopik rezidual (qalıq) xərçəng hüceyrələrinin aktivləşməsi ilə baş verir. On ildən çoxdur praktikamızda standart adjuvant müalicə kimi istifadə etdiyimiz gemsitabin adlı kimyaterapiya dərmanı ilə əldə edilən təxminən 1 illik xəstəliksiz ömür müddətinə qarşı mFOLFIRINOX ilə təxminən ikiqatına (21.6 ay) yaxın xəstəliksiz ömür müddəti əldə edilib. Bu iki müalicə rejimi ilə əldə edilən median ümumi sağqalım müddətlərinə baxdıqda təxminən 3 ilə (35 ay) qarşı 4.5 il (54 ay) kimi fərq yaradan nəticəyə çatılıb. Bu nəticələri mədəaltı vəzi xərçəngi kimi müalicəsində çox böyük çətinliklər yaşadığımız xərçəng növü üçün təəccübləndirici adlandıra bilərik.

İki müalicənin yan təsirləri müqayisə edildikdə dördlü kimyaterapiya (oksaliplatin, leucovorin, irinotekan və fluorouracil ehtiva edən dəyişdirilmiş rejim) kombinasiyasından ibarət mFOLFIRINOX-un xüsusilə qan göstəricilərinin azalması kimi hematoloji yan təsirlərindəaydın artım görülsə də, yan təsirlərin idarə edilə bildiyi qənaətinə gəlinib.
Tibbi onkoloq Dr. Conroy açıqlamasında “Tədqiqatımızda mədəaltı vəzi xərçənginin adjuvant müalicəsində ilk dəfə standart gemsitabinlə müqayisədə mFOLFIRINOX kimyaterapiyası mühüm üstünlük təmin edib. İndiyədək istifadə edilmiş bütün dərmanlar nəzərə alındıqda mFOLFIRINOX ilə əldə etdiyimiz bu uğurlu nəticə mədəaltı vəzi xərçəngi olan xərçəng xəstələri üçün müjdədir.” deyib.
Mədəaltı vəzi xərçənginin müalicə praktikamızı dəyişdirəcəyinə inandığımız bu tədqiqatın təfərrüatları ilə birlikdə tam mətninin qısa zamanda dərc ediləcəyinə və tezliklə beynəlxalq müalicə təlimatlarında yer alacağına inanırıq.
Mənbələr
Unicancer GI PRODIGE 24/CCTG PA.6 trial: A multicenter international randomized phase III trial of adjuvant mFOLFIRINOX versus gemcitabine (gem) in patients with resected pancreatic ductal adenocarcinomas.
2018 ASCO Annual Meeting - Abstract No: LBA4001
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.