MR ilə ultrasəs ablasiyası: prostat xərçəngi üçün daha təhlükəsiz və daha yaxşı müalicə

Prostat xərçəngi standart müalicələrin yan təsirlərindən qaçaraq ultrasəsi müalicə rejimində işlətməklə daha effektiv müalicə edilə bilər. 2 dekabr 2019 tarixində təqdim edilən yeni tədqiqat prostat vəzisinin həm xoşxassəli, həm bədxassəli böyüməsinin müalicəsi üçün istifadə edilə bilən MR (maqnit rezonans) rəhbərliyi ilə fokuslanmış ultrasəs ablasiyasının nəticələrini təqdim etdi. Prostat xərçəngi dünyada kişilərdə ağciyər xərçəngi ilə birlikdə ən çox görülən 2 xərçəngdən biridir. Sidik kisəsinin dərhal altında kiçik vəzi olan prostatın düz bağırsaq, uretra, içindən keçən penis və sinirlərlə yaxın anatomik əlaqəsi standart prostat xərçəngi müalicələri ilə müdaxiləni çətinləşdirir. Standart üsulların çoxu cərrahiyyə və ya şüa müalicəsinə əsaslanır, lakin bunlar həmişə işləməyə bilər və ya əlavə olaraq sidik saxlaya bilməmə, impotensiya və bağırsaq problemləri kimi ciddi mənfi təsirlər yarada bilər. Radiotezlik və ya lazer ablasiyası və ya krioterapiya kimi az populyar digər üsullar qabaqcıl görüntüləmə rəhbərliyi və temperatur nəzarəti tələb etdikləri üçün geniş qəbul olunmayıb.

Yuxarıdakı sxem TULSA (transuretral ultrasəs ablasiyası) istifadə edilərək nəzarətli və dəqiq prostat şişi ablasiyasını göstərir.
MR Rəhbərli ultrasəs
Müalicə üçün böyük potensialı ola biləcək daha yeni üsul, MR rəhbərliyində transuretral ablasiya və ya kommersiya adı ilə TULSA-dır. Minimal invaziv olan bu üsul ultrasəs dalğalarının dəqiq hesablanmış dozalarda anormal prostat toxumasına yönəldilməsinə, ətraf sağlam toxumanın zərərinin məhdudlaşdırılmasına əsaslanır. Xərçəng hüceyrələrini məhv edilənədək qızdırmaq üçün yüksək intensivlikli fokuslanmış ultrasəs dalğalarının istifadəsi hazırda xərçəng toxumasını bu vəzidən fiziki çıxarmaq üçün ən az invaziv (toxuma bütövlüyünü ən az pozan) üsuldur. MR görüntüləri ultrasəs şüasını ən yüksək dəqiqliklə yönəltmək üçün ultrasəs görüntülərinə birləşdirilir. Bu müalicə hazırda prostatdan kənara yayılmayan (erkən mərhələli) hallarda və digər müalicələrdən əvvəl və ya sonra (məsələn, uğursuz şüa müalicəsindən sonra) işlədilə bilər.
Tədqiqat
Tədqiqatçılar TULSA ablasiya klinik sınağı (TACT= Tusla Ablation Clicin Trial) çərçivəsində çoxsaylı mərkəzlərdə tətbiqdən sonrakı 12 aylıq nəticələri təhlil etdilər. Məlumatlar median yaşı 65 olan 115 kişidən alındı. Hamısında vəzi ilə məhdud lokalizə (erkən mərhələli), aşağı və ya orta riskli prostat xərçəngi var idi. Hamısı orta hesabla 51 dəqiqə ərzində bütün vəzi üçün TULSA ilə müalicə edildi.
Tapıntılar
Müalicədən sonra iştirakçıların % 80 hissəsində ölçü və davranışı baxımından klinik təsiri ola biləcək xərçəng aşkar edilmədi (radioloji və klinik tam cavab). Xəstələrin % 65 hissəsində bir il sonrakı yoxlama biopsiyasında xərçəng görünmədi. Qanda prostat spesifik antigen (PSA) səviyyələri % 95 azaldı. Yan təsir minimal idi və bağırsaq ağırlaşmaları yox idi. MR rəhbərliyində TULSA ilə müalicə nəticələri təsirli görünür. Prostat vəzisinin həcmi % 90-dan çox kiçilərkən çox az xəstədə impotensiya, demək olar heç birində inkontinensiya (sidik qaçırma) görülmədi. Bu, prostat xərçəngində işlədilən ənənəvi ultrasəs sistemlərindən çox mühüm üstünlüklər verir. Daha diqqətçəkəni prosedurun ambulator/günübirlik aparılması və xəstənin həmin gün evə buraxılmasıdır. Bir tətbiqdən sonra lazım gələrsə TULSA təkrar tətbiq edilə bilər; cərrahiyyə və şüa müalicəsi daxil digər müalicələr də mümkündür. TULSA Avropa və ABŞ-da (ABŞ FDA 510 (k) maddəsi çərçivəsində) istifadə üçün təsdiqlənib. Erkən nəticələri təsdiqləmək üçün daha çox tədqiqat lazımdır, lakin təsdiqlənsə həm xoşxassəli prostat hiperplaziyası həm də prostat xərçənginin müalicəsini kəskin yaxşılaşdıra bilər.
Mənbələr
RSNA Press Release, 2 Dec 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.