Müasir onkoloji müalicələr tarixin həqiqi hekayəsini yazır.. Onkoloji müalicələrin parlayan üç muşketyoru: İpilimumab (Atos), Nivolumab (Porthos), Pembrolizumab (Aramis)

Alexandre Dumas bir dövrün tarixini reallıqdan kənara daşıyaraq yaratdığı qəhrəmanlarla düşüncələrdə və ürəklərdə iz buraxmışdı. Xərçəng sahəsində bu yeni inkişaflar sanki həmin üçlüyü və hətta D’Artagnanı xatırladan yeni molekullarla Dumasa “biz üç muşketyor dadında həqiqi uğur hekayəsi yazırıq” mesajını verir.
Gəlin bu yeni müalicələrin nə olduğuna və xəstələrimizə necə ümid işığı verdiyinə birlikdə baxaq.
Təxminən 100 ilə yaxındır xərçəng müalicəsində aparılan tədqiqatlarda xərçəng hüceyrəsini birbaşa öldürən üsullar hədəflənmişdir. Halbuki bədənin özünü qoruyan ən mühüm mexanizmlərindən immun sisteminin gücü nəzərə alınmamış və ya onun yetərsizliyi xərçəng hüceyrəsinin gücü ilə əlaqələndirilmişdir. Bədənimizdəki immun sistemi ikiağızlı bıçaq kimidir. Həddindən artıq və nəzarətsiz fəaliyyətində immun ifratı adlandıra biləcəyimiz, müxtəlif orqanların zədələnməsi ilə gedən xəstəliklər yaranır. Yetərsiz fəaliyyətində isə başda infeksiyalar olmaqla xərçəngə meylədək uzanan mənfi hallar ortaya çıxır.
Alimlər 1990-cı illərdə xərçənglə mübarizədə immun sistemi vasitəli dərman hazırlanmasına ümidlərini itirərkən Prof. James Allison ümidini itirməyən alimlərdən oldu. UC Berkeley Xərçəng Araşdırma Laboratoriyasının direktoru işləyərkən 1990-cı illərin sonunda CTLA-4 adlı xüsusi bioloji molekul Allisonun diqqətini çəkdi. Allison və həmkarları tədqiqatlarında T hüceyrələri adlandırılan, immun sisteminin ən mühüm hüceyrələri üzərindəki bu molekulun T hüceyrələrinin aktivliyini əyləcləyərək (inhibə edərək) işlədiyini sübut etdilər. T hüceyrələrinin immun sisteminin hücum təşkil etməsində mühüm rolu məlum idi. Bu maneənin qaldırılmasının xərçəng müalicəsində necə fayda verəcəyini maraqlanan üçlük xərçəngli siçan modellərində işləməyə başladı. 1996 ilində dərc edilən yazılarında Jim Allison, Max Krummel və Dana Leach CTLA-4 aktivləşməsinin anticisimlə əngəlləndiyi siçanlarda şiş böyüməsinin aradan qaldırıla bildiyini göstərdilər. İmmun nəzarət nöqtəsi (checkpoint regulators) tənzimləyiciləri kimi tanınan yeni, yol açan dərmanlara bu tədqiqat ilham verdi. Bundan sonra İpilimumab (YERVOY) adlı, CTLA-4 əngəlləyici xüsusiyyətli anticisim (peyvəndəbənzər) dərmanı Bədxassəli Melanoma adlı, son dərəcə aqressiv gedişli irəliləmiş mərhələli dəri xərçəngi xəstələrində istifadə olundu. İnsanlarda erkən klinik tədqiqatlarda uğur qazanan YERVOY-un irəliləmiş mərhələli (metastaz vermiş) bədxassəli melanomada ömür müddətinə əhəmiyyətli töhfə verdiyi göstərildi və uğurlu nəticələr 2010 ilində elmin ən nüfuzlu jurnallarından New England Journal of Medicine-də dərc edildi.
Bu tədqiqat xərçəng hüceyrəsinə qarşı hazırlanmış hədəfə yönəlmiş dərmanlardan sonra yeni inqilab və uğur hekayəsi gətirdi. Bu məlumatlardan yola çıxaraq xərçəngli xəstədə nokaut olmuş immun sistemini hərəkətə gətirə biləcək yeni əyləc mexanizmləri müəyyən edildi. PD-1 proqramlaşdırılmış hüceyrə ölümü zülalı kimi də tanınır və hüceyrə səthində yerləşən reseptordur. Bu reseptora PD-L1 adlı zülal quruluşlu liqand bağlanaraq xərçəngə qarşı immun sisteminin əyləc mexanizmini işə salır. Bu zülal quruluşlarına qarşı hazırlanmış iki dərman Nivolumab (Opdivo) və Pembrolizumabın (Keytruda) yalnız bədxassəli melanomada deyil, idarəsi son dərəcə çətin ağciyər xərçəngi kimi başqa növdə də effektivliyi sübut edildi. Xərçəng müalicəsində ipilimumab ilə başlayan, PD-1 reseptoruna qarşı hazırlanmış anticisim xarakterli bu iki yeni dərmanla davam edən macəra mənə üç muşketyorun ürəklərdə və yaddaşlarda buraxdığı izi xatırlatdı. Dəri və ağciyər xərçəngində başlayan bu ümidverici macəra digər xərçəng növlərində də davam edəcək kimi görünür.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.