Noni nədir? Noni şirəsinin xərçəng müalicəsində yeri varmı?

Bu məqalədə
Noninin digər adları:
- Hind tutu
- Donuz alması
- Pendir meyvəsi
- Morinda citrifolia (elmi adı)
Noni nədir?
Tropik meyvələrdən biri olan noni Sakit okeanın vulkanik minerallarla zəngin ada torpaqlarında təbii bitir. Pendirə bənzəyən turşməzə qoxusu var. Yetişdiyi Havay və digər Polineziya adalarında xalq tərəfindən qoruyucu və sağaldıcı kimi tanınan, ənənəvi müalicə vasitəsi olaraq istifadə edilən bitkidir. Xüsusilə noni şirəsi sağlamlığa təsirləri baxımından araşdırılır.
Noninin sağlamlığa təsirləri hansılardır?
Noni laboratoriya tədqiqatlarında şişkiçildici (xərçəngəleyhinə) təsir göstərmişdir, lakin bu nəticələr insan klinik tədqiqatlarında təsdiqlənə bilməmişdir.
Noni meyvəsinin şirəsi Polineziya mədəniyyətlərində ənənəvi xərçəng dərmanı kimi istifadə olunur. Alimlər mürəkkəb şəkərlərlə zəngin noni şirəsindən xüsusi hissə ayırmışlar (noni şirəsi ekstraktı). Bu ekstrakt həm təkbaşına, həm də kimyaterapiya dərmanları ilə birlikdə ağciyər xərçəngi hüceyrələri yerləşdirilmiş laboratoriya siçanlarının sağqalımını artıra bilmişdir. Alimlər noni şirəsinin bunu necə etdiyini tam müəyyənləşdirə bilməmiş, lakin immun sisteminin bəzi cəhətlərini yaxşılaşdırdığını müşahidə etmişlər. Həmçinin heyvan tədqiqatlarında normal hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsini ləngitdiyi görülmüşdür.
Noni hansı tibbi məqsədlər üçün sınaqdan keçirilir?
Xərçəng müalicəsi üçün noni
İnsan xərçəng hüceyrə xətləri və heyvanlar üzrə laboratoriya tədqiqatları noni ekstraktlarının həm təkbaşına, həm də kimyaterapiya dərmanları ilə birlikdə xərçəngəleyhinə təsir göstərdiyini ortaya qoyur. Bununla yanaşı, klinik tədqiqatlarda insanlarda eyni təsirin olduğuna dair indiyədək sübut tapılmamışdır.
Diabet müalicəsi üçün noni
Nonidəki bəzi birləşmələr laboratoriyada antidiabetik (şəkərli diabetin qarşısını alan / müalicə edən) xüsusiyyətlərə malik olsa da, bu istifadəni dəstəkləyən klinik sübut yoxdur. Bundan əlavə, noni meyvələri mürəkkəb şəkərlərlə zəngindir və buna görə qan şəkərini sürətlə yüksəldə bilər.
- Marağınızı çəkə bilər: Şəkərli diabet xəstələri meyvə yeyə bilərmi? Meyvələr və diabet barədə faydalı məlumatlar
Qan təzyiqini azaltmaq üçün noni
Qan təzyiqini azaldan təsiri yoxdur.
İmmun sistemini aktivləşdirmək üçün noni
Laboratoriya tədqiqatları noni şirəsinin immun sisteminin müəyyən cəhətlərini yaxşılaşdırdığını göstərir, lakin bu nəticələrin insan orqanizmində də həmişə eyni təsiri göstərəcəyinə dair sübut yoxdur. Bu təsirlərin insanlarda yarandığına dair heç bir klinik tədqiqat sübutu da yoxdur.
Ağrıkəsici kimi noni
Laboratoriya siçanlarında aparılmış tədqiqat bu istifadəni dəstəkləyir, lakin klinik tədqiqatlarda insanlarda eyni təsirin olduğuna dair heç bir sübut yoxdur.
İstifadə edilməməli hallar
- Böyrək çatışmazlığınız varsa: Noni kaliumla zəngindir.
- Şəkərli diabetiniz varsa: Noni meyvə şirəsinin şəkər tərkibi yüksəkdir.
- Kaliumqoruyucu sidikqovucular (diuretiklər), angiotenzinçevirici ferment (ACE) inhibitorları və ya angiotenzin reseptor blokerləri növündə qan təzyiqi dərmanları qəbul edirsinizsə.
- Kimyaterapiya və ya radioterapiya alırsınızsa: Noninin antioksidant təsirləri var və antioksidantların şiş böyüməsini tətikləyə biləcəyinədair tədqiqatlar mövcuddur. - Coumadin kimi qan durulducu dərmanlar qəbul edirsinizsə: Noni şirəsi coumadinin effektivliyini azalda bilər.
- Fenitoin kimi epilepsiya dərmanları istifadə edirsinizsə: Noni şirəsi epilepsiya əleyhinə dərmanların effektivliyini azalda bilər.
- Mədə və bağırsağın hərəkətliliyini (motorikasını) artıran dərmanlar qəbul edirsinizsə. Noni oxşar fəaliyyətə malikdir və digər dərmanların sorulmasına təsir edə və ya əlavə təsirlərini artıra bilər.
Noninin əlavə təsirləri
Tibbi ədəbiyyatda qeydə alınmış hallar:
- Noni şirəsi istifadəsinin mövcud böyrək çatışmazlığını daha da ağırlaşdıra bildiyi müşahidə edilmişdir.
- 3 həftə ərzində gündə 1.5 litr noni şirəsi içən 29 yaşlı və müntəzəm noni şirəsi içən 56 yaşlı iki kişidə qaraciyər transplantasiyası tələb edən qaraciyər çatışmazlığı inkişaf etmişdir.
- 62 yaşlı qadında 3 aydan çox 2 litr noni şirəsi istehlakından sonra kəskin hepatit (qaraciyər iltihabı) yaranmışdır. Noni şirəsi qəbulunu dayandırdıqdan sonra sağalmışdır.
- 41 yaşlı qadında qan durulducu coumadin ilə eyni vaxtda noni meyvə şirəsi istifadəsindən sonra coumadinə davamlılıq yaranmışdır. Noni şirəsi qəbulunu dayandırdıqdan sonra bu hal düzəlmişdir.
Mənbələr
Integrative Medicine About Herbs, Botanicals & Other Products Search About Herbs.
Memorial Sloan Kettering Cancer Center - mskcc.org
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.