Palliativ qayğı tibb bacısının ölümü izah etdiyi TikTok videosu milyon bəyənmə aldı

Julie McFadden adlı palliativ qayğı tibb bacısı cəmiyyəti məlumatlandırmaq üçün çəkdiyi TikTok videoları ilə milyonlarla insana çatdı. Medscape Medical News ilə müsahibəsində Julie təbii ölüm prosesini normallaşdırmağa, cəmiyyətin bunu qəbul etməsinə, kədərinin azalmasına və proseslə bağlı sualları cavablandırmağa çalışdığını bildirdi.
Əvvəllər 14 il intensiv terapiya tibb bacısı işləyən Julie təcrübələrini cəmiyyətə çatdırmaq üçün TikTok-dan istifadə qərarı verdi. Son 5 ildə Los Angeles-də palliativ qayğı / hospis (son dövr qayğı evi) tibb bacısı işləyirdi və 6 ay əvvəl bacı/qardaşı qızlarından ilhamlanıb TikTok videoları çəkməyə başladı. Təsadüfi videolar paylaşdıqdan 4 gün sonra baxış sayı onu çox təəccübləndirdi. O gündən tibb bacısı Julie təxminən 300 paylaşımı ilə milyonlarla izləyiciyə çatdı. Şən videoları arasında məzəli, dəhşətli, ümidverici, qeyri-adi hadisələrlə qarşılaşdığı, tibb bacısının gündəlik həyatını, ölmək üzrə olan xəstələrin son anlarını və ölümdən dönən xəstələri izah etdiyi videolar var.
Ən diqqətçəkən videoları tez-tez yaşadığı 2 vəziyyətlə bağlıdır. Birincisi “rally” adlanan, “ölümqabağı yaxşılaşma” vəziyyətidir. Julie populyar videosunda "Çox xəstə və ölmək üzrə olan bəzi xəstələrimiz qəfil yaxşılaşmış kimi görünərək yeməyə, danışmağa, hətta yeriməyə başlayırlar. Əvvəlki hallarına dönmüş kimi görünürlər, hətta qan göstəriciləri normaldır. Lakin bir neçə gün ərzində və ya həmin gecə ölürlər. Bunun niyə, necə olduğunu bilmirik və izah edə bilmirik" deyir.
İkinci vəziyyət xəstənin ölümündən bir ay əvvəl baş verir. Julie-yə görə xəstələr ölmüş qohumlarını, dostlarını, ev heyvanlarını və mələkləri gördüklərini, yalnız özlərinin görə bildiyini deyirlər. Adətən qorxmurlar, əksinə bu onları rahatladır. Mesaj göndərildiyini, hər şeyin yaxşı olacağını və yardıma gələcəklərini eşitdiklərini deyirlər.
Pandemiyada tibb bacısı işləmək ona yeni təcrübələr qazandırdı və palliativ qayğıda işləmək onu intensiv terapiyadan daha xoşbəxt edir. Lakin bu qədər ölümlə qarşılaşmasına baxmayaraq necə bu qədər müsbət qala bilir?
"İntensiv terapiya təcrübəm ölümə baxışımı dəyişdi. Ölüm hamımızın başına gələ biləcək bir şeydir və onu sirli hesab edirəm. İndi ölmək üzrə olan insanlara son günlərindən zövq almağa kömək edirəm və bu məni xoşbəxt edir."
Julie palliativ qayğıda işləyərkən xəstələrin vəziyyətini yaxınlarına düzgün izah etməyi öyrəndiyini deyir. İşinin müqəddəs və insanlar arasında körpü olduğunu düşünür. "Bədənimiz doğulmaq və ölmək üçün yaranıb. Bunu qəbul etdikdə ölüm daha rahat yaşanır."
*
- Əlaqəli mövzu: Xərçəngdə ölüm prosesini danışmaq - artıq vaxtı çatmadımı?
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.