Prostat xərçənginin müalicəsində kabazitakselin daha aşağı dozası FDA təsdiqi aldı

14 sentyabr 2017-də ABŞ Qida və Dərman İdarəsi FDA, əvvəllər dosetaksel kimyaterapiyası tərkibli müalicə rejimi istifadə etmiş, hormon müalicəsinə davamlı 4. mərhələ prostat xərçəngi olan xəstələrin müalicəsində prednizon ilə birlikdə 3 həftədə bir 20 mg/m2 dozada kabazitakseli (ticarət adı Jevtana) təsdiqlədi. 2010-cu ildə eyni göstəriş üçün kabazitakseli yenə hər 3 həftədə bir, lakin daha yüksək olan 25 mg/m2 dozada təsdiqləmişdi.
Təsdiq əvvəllər dosetaksel tərkibli müalicə rejimi istifadə etmiş, metastatik, hormon basdırılmasına davamlı prostat xərçəngi olan 1200 xəstənin daxil edildiyi çoxmərkəzli, randomizə edilmiş, açıq etiketli tədqiqatdan alınan məlumatlara əsaslanmışdır. Bu tədqiqat kabazitakselin bazara çıxarkən ilk təsdiqlənmiş 25 mg/m2 dozası ilə daha aşağı 20 mg/m2 dozasının müqayisəsini qiymətləndirmək üçün aparılmışdır. Xəstələrə kabazitaksel 25 mg/m2 (n = 602) və ya 20 mg/m2 (n = 598) dozada verilmişdir.
İlkin cavab göstəriciləri %80-90 səviyyəsində olsa da, demək olar bütün metastatik prostat xərçəngi xəstələrində kişi hormonları olan androgenləri basdıran müalicələrə zamanla davamlılıq yaranır. Bu vəziyyəti tibb dilində kastrasiyaya davamlı prostat xərçəngi adlandırırıq.
20 mg/m2 dozada kabazitaksel alan xəstələrin ümumi sağqalmasının 25 mg/m2 dozada kabazitaksel alan xəstələrlə müqayisədə aşağı olmadığı müşahidə edilmişdir. Təxmini orta ümumi sağqalma aşağı dozalı qolda 13.4 ay, yüksək dozalı qolda isə 14.5 ay olmuşdur.
Təhlükəsizlik nəticələri araşdırıldıqda yüksək dozada kabazitaksel alan xəstələrdə sümük iliyi basqılanması, infeksiyalar və digər yan təsirlər daha çox görülmüşdür. Son müalicə dozasının verilməsindən sonrakı 30 gün ərzində ölümlər (%5.4 qarşı %3.8) və müalicə başlanandan sonrakı 30 gün ərzində erkən infeksiya ilə əlaqəli ölümlər (%1.3 qarşı %0,7) müqayisə edildikdə yenə 25 mg/m2 qolunda 20 mg/m2 qoluna nisbətən daha çox müşahidə edilmişdir. İnfeksiya ilə bağlı erkən ölümlərin hamısı 60 yaşından yuxarı xəstələrdə baş vermişdir. Tədqiqatda yüksək riskli klinik xüsusiyyətləri olan xəstələrə sümük iliyi hüceyrələrini stimullaşdıran dərmanlarla profilaktika (qan göstəricilərinin azalmasının qarşısını alan inyeksiya müalicəsi) tövsiyə edilmişdir.
Kabazitaksel ilə müalicə edilən xəstələrin ən azı %10-unda ağ qan hüceyrələrinin və qan lövhəciklərinin sayının azalması, qanazlığı, halsızlıq, ürəkbulanma, qusma, qəbizlik, əzələ zəifliyi, qarın ağrısı, qanlı sidik, kürək ağrısı və iştahasızlıq kimi yan təsirlər görülmüşdür. Ağır infeksiyalar da bildirilmişdir. Qızdırmalı ağ qan hüceyrəsi azalması (febril neytropeniya) 25 mg/m2 qolundakı xəstələrin %9-unda, aşağı doza olan 20mg/m2 kabazitaksel alan xəstələrin isə %2-sində yaranmışdır. Hər iki qolda dozanın dayandırılmasının ən geniş səbəbləri yorğunluq və qanlı sidikdir.
Kabazitakselin tövsiyə olunan dozası, gündə 10 mg ağızdan prednizon (kortizon) ilə kombinasiyada bir saatlıq venadaxili infuziya kimi hər üç həftədə bir tətbiq edilən 20 mg/m2-dir. Xəstələrdə 25 mg/m2 dozalı müalicə həkimlərin qərarına görə istifadə edilə bilər.
Mənbələr
Fda.gov
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.