Proteomika elminin xərçəngin diaqnoz və müalicəsinə gətirdiyi yeniliklər

Xərçəng “hüceyrə” səviyyəsində genetik xəstəlik olmaqla yanaşı proteomik xəstəlikdir. Başqa sözlə, zülal quruluşundakı pozuntular mühüm yolların funksiyasını itirməsinə və xərçəngləşməyə səbəb olur. Genlərə nisbətən daha funksional olan zülalları araşdıran proteomika elmi xərçəngə qarşı effektiv müalicələrin hazırlanmasında və erkən diaqnozunda ümid vəd edir.
Son illərin araşdırmalarında proteomika elminin fokuslandığı mövzular bunlardır;
1. Nadir xərçəng zülallarının kəşfi: Xərçəngin gec mərhələdə aşkarlanmasının əsas səbəbi uyğun bioloji markerlərin (biomarker) kəşf edilməməsidir. Proteomika elmi kütlə spektrometri adlanan sistemlə zülalları kütlələrinə görə təhlil edərək aşkarlayır. Bu məqsədli tədqiqatlar xərçəng yaradan zülalları çox az olsa belə müəyyən etməyə yönəlib. Ənənəvi diaqnostika üsulları ilə bu nadir zülalları erkən mərhələdə aşkarlamaq mümkün deyil.
Bu mövzudakı son araşdırma HER2/neu zülalını qanda aşkarlamağa yönəlib. Her2/neu zülalı xüsusilə süd vəzi xərçəngində aktivliyi çox yüksək böyümə faktorudur. Bu zülalı hədəfləyən dərmanlar hazırlanıb və fəal istifadə olunur. Həmçinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi şişlərinin yüzdə 30-unda bu zülalın aktivliyi çox yüksəkdir. Adətən şiş müəyyən böyümə qabiliyyətinə çatdıqdan sonra HER2/neu aşkarlana bilir. Tədqiqatçılar kütlə spektrometriyası ilə laboratoriya siçanlarında xərçəngə “erkən mərhələdə” diaqnoz qoymağı bacarmışlar. Siçanlarda erkən aşkarlanmış xərçənglər hədəflənmiş dərmanlarla müalicə edilə və bununla şişin gözlə görünən residivi (təkrarı) önlənə bilmişdir. Tədqiqatçılar yaxın gələcəkdə insandan alınan çox az qanla bu zülalı tutmağı hədəfləyirlər.
2. İnsan Proteom Layihəsi: Bütün genetik xəritəmiz təxminən 12 ilə tamamlandı. 22 min genimiz və 3 milyard bazamız var. Amma zülallar genlərdən mürəkkəb quruluşda olduğundan zülal xəritəmizin çıxarılması uzun vaxt aparacaq. İnsan bədənində 500.000-dən çox zülal növü var. Proteom (insandakı bütün zülallar) xəritəsinin çıxarılmasına başlanmışdır. Layihənin məqsədi zülalların xəstəliklərdəki rolunu açmaqdır. Xərçəng baxımından əhəmiyyəti xərçəngə səbəb olan onkozülalların kəşfini və dərman hazırlanmasını təmin etməsidir.
3. Şiş yuxusuna yönəlmiş tədqiqatlar: Əvvəlki yazılarımızda bildirdiyimiz kimi yatan xərçəng hüceyrələri residivin ən mühüm səbəblərindəndir. Şişin necə və nə vaxt yuxuya getdiyini hələ bilmirik. Amma proteomika elmi bu məsələdə irəliləyişlərə yol açır. Məsələn, qan lövhəciklərindəki (trombosit) bəzi zülalların yatan xərçəng hüceyrələri barədə məlumat verə biləcəyi proqnozlaşdırılıb.
Nəticə olaraq proteomika elmi xərçəng tədqiqatlarında yeni “köməkçi” elm sahəsi kimi yer almağa başlamışdır. Yaxın gələcəkdə bunun sayəsində zülalların xərçəngləşmədəki rolunu daha yaxşı anlayıb effektiv müalicələr hazırlamaq mümkün olacaq. Həmçinin biopsiya toxumasında xərçəng hüceyrəsinin olub-olmadığını kütlə spektrometriyası ilə “real vaxtda və sürətlə” müəyyən etmək mümkün olacaq.
Mənbələr
2. Koomen, J. M., Haura, E. B., Bepler, G.
Proteomic Contributions to Personalized Cancer Care.
Molecular & Cellular Proteomics (2008) MCP, 7(10), 1780–1794.
3. Almog, N., & Klement, G. L.
Platelet Proteome and Tumor Dormancy: Can Platelets Content Serve as Predictive Biomarkers for Exit of Tumors from Dormancy?
Cancers, (2010). 2(2), 842–858.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.