Qoltuqaltı qaşınması xərçəng əlamətidirmi?

Qoltuqaltında qaşınma çox vaxt qıcıqlanma, infeksiya, ekzema və ya dermatit kimi dəri probleminin əlamətidir. Çox nadir hallarda qoltuqaltında qaşınma xərçəng əlaməti ola bilər.
Bu məqalədə qoltuqaltında qaşınmaya səbəb ola bilən iki xərçəng növü izah edilir. Həmçinin qoltuqaltı qaşınmasının 6 fərqli, daha az ciddi səbəbini, qaşınmanın qarşısını necə almağı və nə vaxt həkimə müraciət etməli olduğunuzu ümumiləşdiririk.
Qoltuqaltında qaşınma və xərçəng
Qoltuqaltı qaşınması hallarının əksəriyyəti xərçəng olmayan dəri problemlərindən qaynaqlanır.
Bununla yanaşı, limfomalar və iltihabi süd vəzi xərçəngi, qoltuqaltı qaşınmasına səbəb ola bilən iki xərçəng növüdür.
Limfoma ilə əlaqəli qaşınma
Limfositlər orqanizmi infeksiya və xəstəlikdən qorumağa kömək edən ağ qan hüceyrələridir. Limfoma bu hüceyrələrə təsir edən xərçəngdir.
Limfomanın bir çox fərqli növü var. İki əsas növ Hodgkin limfoma və qeyri-Hodgkin (non-Hodgkin) limfomadır.
Qaşınma Hodgkin limfoma xəstələrinin təxminən %33-ündə, qeyri-Hodgkin limfoma xəstələrinin isə təxminən %10-unda görülür.
Qaşınma dəridə sinir uclarını qıcıqlandıran sitokin adlı kimyəvi maddələr səbəbindən yaranır. İmmun sistemi limfoma hüceyrələrinə cavab olaraq sitokinlər ifraz edir.
Qaşınma limfa düyünlərinin olduğu yerlərdə yarana bilər. Qoltuqaltı daxil olmaqla bədənin müxtəlif nahiyələrində yüzlərlə limfa düyünü var.
Limfomaya görə qaşına bilən digər yerlər:
- limfomanın təsir etdiyi dəri nahiyələri
- ayaqların aşağı hissələri
- bəzi hallarda qaşınma bütün bədənə təsir edə bilər.
Limfomanın digər əlamətləri bunlardır:
- şişmiş limfa düyünləri (ən çox qoltuqaltı, boyun, qasıq)
- qızdırma
- titrətmə
- gecə tərləməsi
- izah olunmayan çəki itkisi
- enerji çatışmazlığı
İltihabi süd vəzi xərçəngi ilə əlaqəli qaşınma
İltihabi süd vəzi xərçəngi süd vəzisinin və ətraf nahiyələrin qaşınmasına səbəb ola bilən nadir süd vəzi xərçəngi növüdür.
İltihabi süd vəzi xərçənginin digər əlamətləri:
- şişmiş və ya böyümüş süd vəzi
- süd vəzisində istilik və ya ağırlıq hissi
- süd vəzisində ağrı və ya həssaslıq
- portağal qabığını xatırladan şişkinlik, qalınlaşma və ya çökəklik kimi dəri dəyişiklikləri
- süd vəzisinin üçdə birindən çoxunu əhatə edən qızartı
- içəri çəkilmiş məmə ucu
Bununla yanaşı, süd vəzisində həssaslıq, istilik, şişkinlik və qaşınma adətən xərçəngdən çox infeksiya kimi daha az ciddi xəstəliyin (məsələn, mastitin) əlamətləridir.
Belə hallarda başqa əlamət yoxdursa, həkim antibiotik müalicəsi tövsiyə edə bilər.
Antibiotik müalicəsi ilə əlamətlər 7 ilə 10 gün ərzində yaxşılaşmırsa, insanlar xərçəng əlaməti və ya başqa hal olub-olmadığını yoxlamaq üçün testlər təyin edə biləcək həkimlərinə müraciət etməlidirlər.
Qoltuqaltında qaşınmanın digər səbəbləri
Qoltuqaltında qaşınma adətən qıcıqlanmanın və ya müxtəlif infeksiyaların əlamətidir.
Aşağıdakı 6 hal qoltuqaltı qaşınmasının daha yayılmış səbəbləridir.
İntertriqo
İntertriqo dəri büküşlərində yaranan səpgidir. İstilik və nəmlik dəri büküşləri arasında qaldıqda maya, göbələk və ya bakteriya çoxalmasına səbəb olur.
Səpgi adətən qırmızı və ya qəhvəyi olur, qaşına və ya yanma hissi yarada bilər.
Qoltuqaltı intertriqonun tez-tez yarandığı nahiyədir. Aşağıdakı yerlərdə də ola bilər:
- boyun büküşündə
- süd vəzilərinin altında
- göbəyin altında
- qasıqda
- ayaq barmaqlarının arasında
Həkim qaşınma və qıcıqlanmanı azaltmaq üçün yerli steroid krem təyin edə bilər. Ağır hallarda infeksiyanı aradan qaldırmaq üçün antibiotik və ya göbələkəleyhinə krem təyin edə bilər.
Ekzema
Ekzema termini dərinin qıcıqlanmasına səbəb olan hallar qrupunu bildirir. Ən çox görülən əlamətləri qaşınma və qızartıdır. Ekzema bədənin istənilən yerində ola bilər.
Bəzi insanlar ekzemanın dəriyə başqa formalarda da təsir etdiyini görə bilər. Ekzemanın digər dəri əlamətləri bunlardır:
- quruluq
- həssaslıq
- şişkinlik
- sızıntı və ya qabıqlanma
- dəridə tünd sahələr
- kobud, qalın dəriyə bənzər və ya pulcuqlu ləkələr
Ekzemanın tam müalicəsi olmasa da, bəzi müalicələr əlamətləri yüngülləşdirməyə və vəziyyətin pisləşməsinin qarşısını almağa kömək edir.
Diaqnoz və mümkün müalicələri müzakirə etmək üçün dermatoloqa müraciət edilməlidir.
Qıcıqlandırıcı kontakt / təmas dermatiti
Dezodorant, sabun və paltar yuyucu vasitə bəzi insanların dərisini qıcıqlandıra bilər.
Qıcıqlandırıcı kontakt (təmas) dermatiti ekzemanın bir növüdür. Dəri qıcıqlandırıcı ilə təmas etdikdə yaranır.
Bu hal tək bir toksik maddəyə və ya qıcıqlandırıcı maddəyə təkrar-təkrar məruzqalma nəticəsində yarana bilər.
Qoltuqaltı nahiyə ilə təmas edən istənilən maddə qıcıqlandırıcı ola bilər. Nümunələr bunlardır:
- su
- sabunlar
- ülgüclər
- dezodorant
- paltar yuyucu vasitə
- yumşaldıcı
Qaşınma, yanma və batma kontakt dermatitinin tez-tez görülən əlamətləridir. Ağır hallarda dəri çatlaya və qanaya bilər.
Kontakt dermatitindən şübhələnənlər dərini yaxşılaşdıracaq və vəziyyətin pisləşməsinin qarşısını alacaq müalicələr tövsiyə edən həkimə müraciət etməlidirlər.
İsti səpgisi
Miliaria kimi də tanınan isti səpgisi adətən isti və rütubətli havada yaranan dəri qıcıqlanmasıdır.
İsti səpgisi tər vəziləri tutulub tər ifraz edə bilmədikdə yaranır. Vəzilərdə qalan su onların şişməsinə səbəb olur. Bu, ağrılı qaşınma və ya iynələnmə hissi verir.
İsti səpgiləri adətən kiçik sızanaq və ya qabarcıq qrupları şəklində görünür. Bu qruplar əsasən qoltuqaltında və dərinin dəriyə toxunduğu digər yerlərdə görülür.
İsti səpgisinin yarana biləcəyi yerlər bunlardır:
- boyun
- süd vəzilərinin altında
- dirsək büküşlərində
- qasıq ətrafında
İsti səpgisi adətən dəri soyuduqda keçir. Soyuq kompres və geniş paltar geyinmək dəri qıcıqlanmasını yüngülləşdirə bilər.
Bəzi hallarda həkim ağrı və narahatlığı azaltmaq üçün losyon verə bilər.
Hiperhidroz
Hiperhidroz tər vəzilərinin həddindən artıq tər istehsal etdiyi haldır.
Bu hal bütün bədəndəki tər vəzilərinə və ya qoltuqaltı kimi müəyyən nahiyələrdəkilərə təsir edə bilər.
Hiperhidroz narahatlıq yaratsa da, nisbətən zərərsiz haldır. Lakin qoltuqaltında qaşınmaya səbəb ola bilən göbələk infeksiyası riskini artırır.
Zəif gigiyena
Qoltuqaltında çoxsaylı müxtəlif bakteriyalar olur; bu, təbii dəri floramızın bir hissəsidir. Zəif gigiyena dəridə tərin və çirkin yığılmasına səbəb olaraq bu bakteriyaların çoxalmasına yol aça bilər.
Həddindən artıq bakteriya qoxuya və infeksiya riskinin artmasına səbəb olur; bu da qaşınma yarada bilər.
Qoltuqaltını təmiz saxlamaq qoltuqaltı qaşınmasının qarşısını almaq üçün vacibdir.
Nə vaxt həkimə müraciət edilməlidir?
Qoltuqaltı qaşınmasının xərçəng əlaməti ola biləcəyini düşünənlər həkimə müraciət etməlidirlər. Bəzi xərçənglər erkən aşkarlandıqda daha asan müalicə edilə bilər.
Qoltuqaltında aşağıdakılardan narahat olanlar da həkimə müraciət etməlidirlər:
- bakterial və ya göbələk infeksiyası
- ekzema və ya dermatit kimi dəri problemi
- davamlı isti səpgisi
Qoltuqaltında qaşınmanın qarşısını almaq üçün məsləhətlər
Aşağıdakı məsləhətlər bakterial və göbələk infeksiyalarının qarşısını almağa kömək edə bilər:
- dərini sərin və quru saxlamaq
- məşqdən sonra duş almaq
- duş və ya vannadan sonra qoltuqaltını yaxşı qurutmaq
- qolsuz jilet və ya geniş köynək geyinmək
- hava keçirən və tər hopduran materiallar istifadə etmək
Aşağıdakı məsləhətlər qoltuqaltı ekzemanın əlamətlərini yüngülləşdirməyə kömək edə bilər:
- sərt kimyəvi maddələr ehtiva edən sabun və dezodorantlardan çəkinmək
- quru ülgüclə təraşdan çəkinmək
- dərini qurutmaq üçün yüngül toxunuş hərəkətindən istifadə etmək
- körpələr və həssas dərili şəxslər üçün paltar yuyucu vasitələr istifadə etmək
- ətirli paltar yumşaldıcılarından çəkinmək
Xülasə
Qoltuqaltında qaşınma adətən xərçəng olmayan dəri probleminin əlamətidir. Yayılmış nümunələr dəri infeksiyalarını və ya ekzema kimi xroniki dəri problemini əhatə edir.
Nadir hallarda qoltuqaltı qaşınması xərçəng əlaməti ola bilər. Limfoma və iltihabi süd vəzi xərçəngi qoltuqaltı qaşınmasına səbəb ola bilən iki xərçəngdir.
Mənbələr
Can itchy armpits be a sign of cancer?
medicalnewstoday.com - Wed 14 August 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.