Radiosensibilizatorlar, nanoterapevtiklər, nanohissəcik albuminə bağlı Paklitaksel

Bu məqalədə
Nanotexnologiya əsasında qurulan diaqnostik vasitələr artıq klinik təcrübəmizə daxil olmuşdur. Qanda dövr edən və şiş göstəricisi adlandırdığımız bəzi molekulların (şiş markerləri) NT-lərdən istifadə etməklə çox daha həssas və erkən tanınması artıq mümkündür. Məsələn, prostata spesifik antigeni (geniş tanınan adı PSA) müəyyən etmək üçün qızıl NT-lərdən istifadə olunan yeni bioloji barkod müayinəsi hazırlanmışdır. Bu müayinədən istifadə etməklə PSA dəyərlərindəki yüksəlmələr daha həssas müəyyən edilə bilmiş və bunun sayəsində prostat əməliyyatından sonra kimlərə xilasetmə radioterapiyası tətbiq ediləcəyi daha yaxşı müəyyənləşdirilmişdir.
Beyin şişi hüceyrəsinin bir növü olan qblioblastomlar tərəfindən qan dövranına buraxılan mikrovezikullar NT əsaslı üsullarla müəyyən edilə bilmiş və beləliklə, xəstəliyin təkrarlanma potensialı və müalicəyə cavabı barədə fikir yürütmək mümkün olmuşdur.
Nanotexnologiya həmçinin “dövr edən şiş hüceyrələrini” tutmaq üçün hazırlanmış cihazlara daxil edilmişdir. Dövr edən şiş hüceyrələri əsas şişdən damar daxilinə tökülən və qan dövranına qoşulan hüceyrələrdir. Bu hüceyrələr həyati əhəmiyyətli uzaq orqanlarda əlavə şişlər (metastazlar) üçün toxumlar yaradaraq xərçənglə əlaqəli ölümlərin bir çoxuna səbəb olan mexanizmi başladır. Dövr edən şiş hüceyrələrini aşkarlayan vasitələr xəstəliyi real vaxtda izləməyə və erkən diaqnoza imkan verir. Dövr edən şiş hüceyrələrinin başqa bir əhəmiyyəti radiasiya onkologiyasında real vaxtda müalicəyə cavabın qiymətləndirilməsini mümkün edə bilməsidir.
Qeyri-üzvi nanohissəciklər və radiosensibilizatorlar
Uzun zamandır radiosensibilizatorlara maraq var. Radiosensibilizatorlar radioterapiyanın effektivliyini artırmaq üçün şiş hüceyrələrini radioterapiyaya həssas edən dərmanlardır. Bu məqsədlə kimyaterapiya və hədəfə yönəlmiş dərmanlardan istifadə oluna bilər. Xüsusi strategiya yüksək atom nömrəli materialdan istifadə etməklə şiş toxuması daxilində radiasiya dozasını artırmaqdır. Hər hansı toxumanın udduğu radiasiya dozası materialın yüksək atom nömrəsi ilə əlaqəlidir. Məqsəd şiş toxumasında daha yüksək radiasiya dozası təmin edərkən qonşu normal toxumaya daha aşağı radiasiya dozası tətbiq etməkdir. Bir çox tədqiqatda bu məqsədlə qızıl NT-lər radiosensibilizator kimi istifadə edilmişdir. Qızıl yüksək atom nömrəli, əvvəllər tibbi müalicələrdə təhlükəsiz istifadə edilmiş, inert (aktiv olmayan), təhlükəsiz profilə malikdir. Lakin bu vasitələrin hazırda ən təhlükəsiz tətbiq yolu birbaşa şiş daxilinə inyeksiya kimi görünür.
Kimyaradioterapiyanın effektivliyini artırmaq üçün nanoterapevtiklər
Kimyaradioterapiya, yəni kimyaterapiya ilə radioterapiyanın birlikdə tətbiqi onkologiyada mühüm müalicə seçimi olmuşdur. Sağqalmanı uzatmış, xəstəliyə daha yaxşı nəzarət təmin etmişdir, buna baxmayaraq digər müalicə seçimləri ilə müqayisədə daha çox yan təsirə malikdir. İdeal müalicədə məqsəd kimyaradioterapiyanın effektivliyini artırarkən yan təsirlərini azaltmaqdır. Əvvəllər də qeyd etdiyimiz kimi, NT-lər kimyaterapiya dərmanlarının daşınmasında bir çox mühüm səciyyəvi xüsusiyyət daşıyırdı; şişlərdə üstünlüklü yığılma, normal damarlara nüfuz edə bilməmə (yapışmama) kimi. Bu xüsusiyyətlər sayəsində normal toxumaya daha aşağı dərman dozası çatır, yan təsirlər azalır və dərmanın yavaş, nəzarətli paylanması baş verir.
Doksorubisin adlı kimyaterapiya dərmanının liposomal formulları xərçəng müalicəsi üçün hazırlanmış ilk NT terapevtikidir. Peqilləşdirilmiş (polietilen qlikolla örtülmüş) liposom daxilində kapsullaşdırılmış doksorubisin formasıdır. Bu dərman Kaposi sarkomasını müalicə etmək üçün hazırlanmışdır (AIDS-lə əlaqəli bu xəstəlikdə yaranan lezyonlar dəridə, ağız daxilində, burunda, boğazda və digər orqanlarda böyüyür). Liposomla örtülmüş doksorubisin klassik doksorubisindən daha az kardiotoksikdir. Liposomal doksorubisin həmçinin yumurtalıq xərçəngi və çoxsaylı mielomanın müalicəsi üçün istifadə olunur.
Nanohissəcik albuminə bağlı Paklitaksel (nab-Paklitaksel), yaxın zamanda təsdiq almış nanohissəcik kimyaterapevtikidir. Mədəaltı vəzi, süd vəzi və yumurtalıq xərçənginin müalicəsinə müsbət töhfələr vermişdir. Həmçinin radiosensibilizator xüsusiyyəti var, tətbiq olunan radiasiya dozasının %50-yə qədər azaldılmasını təmin etmişdir.
Kiçik hüceyrəli olmayan ağciyər xərçəngində Paklitaksel və Docetaksel adlı kimyaterapiya dərmanlarının polimer NT formulları radioterapiya ilə birlikdə sınanmağa başlanmışdır.
Bundan əlavə, kiçik molekul formasında ciddi toksik təsir daşıdığı üçün istifadə oluna bilməyən bəzi dərmanların NT formulyasiyaları daha az yan təsir və yüksək effektivliklə istifadə edilməyə başlanmışdır. Məsələn, Wortmannin DNA təmirini zəiflədən radiosensibilizatordur. Wortmanninin NT formulyasiyası kiçik molekul formasına nisbətən 3-5 dəfə daha yaxşı tolere edilir.
NT-lərdən istifadə etməklə radiasiya vasitəli dərman daşıma sistemləri
Radioterapiya NT terapevtiklərinin şişə çatmasını asanlaşdırmaq üçün istifadə oluna bilər. İonlaşdırıcı radiasiya şişləri qidalandıran damarların keçiriciliyini artıra və əvvəllər qeyd etdiyimiz EPR adlı təsiri təmin edə bilər (artan keçiricilik və tutulma təsiri: enhanced permeability and retention (EPR) effect). Kifayət qədər yüksək enerjili radiasiyaya məruz qaldıqda atomlar ionlaşır; buna ionlaşdırıcı radiasiya deyilir. Beləliklə, atomların elektronları ayrıla və ionlar yarana bilər. Canlı hüceyrələr və daha mühümü, bu hüceyrələrdəki DNA bu ionlaşmadan zərər görür. Radioterapiya bu prinsip əsasında işləyir, şiş hüceyrələrinin DNA-sı məhv edilərək şiş hüceyrəsinin ölümü başladılır.
Həqiqətən də tədqiqatlarla göstərilmişdir ki, radioterapiya NT terapevtiklərinin şişdə yığılmasını artırmışdır. Bu üstünlüklü yığılma təsiri daha sonra hipertermiyanın başladığı dərman buraxılması ilə effektiv müalicəyə çevrilə bilər.
Mövcud məlumatların və tədqiqatların düşündürdüyünə görə radiasiya vasitəli dərman daşınması xərçəng müalicəsində yeni strategiya ola bilər.
Gələcək
Xərçəng müalicəsində irəliləyişlər texnoloji inkişaflarla paralel olmuşdur. Məsələn, radiasiya onkologiyasında böyük inkişaf sayılan intensivliyi tənzimlənən radiasiya terapiyası (intensity-modulated radiation therapy) fizika və kompüter elmlərindəki inkişaflar sayəsində mümkün olmuşdur. Gələcəkdə onkologiyanın irəliləməsində böyük hərəkətverici qüvvənin nanotexnologiya olacağı demək olar ki, şübhəsizdir.
Xülasə olaraq, NT əsaslı dərmanlar radioterapiyanın effektivliyini artıra, metastatik limfa düyünlərinin daha yaxşı tanınmasını təmin edə, fərdi müalicəni mümkün edə, kimyaterapiya dərmanlarının effektivliyini artırarkən daha aşağı yan təsir vəd edə bilər.
Mənbələr
2. Martin OA, Anderson RL, Russell PA, et al: Mobilization of viable tumor cells into the circulation during radiation therapy. Int J Radiat Oncol Biol Phys 88:395-403, 2014
3. Shewach DS, Lawrence TS: Antimetabolite radiosensitizers. J Clin Oncol 25:4043-4050, 2007
4. Jeremic B, Aguerri AR, Filipovic N: Radiosensitization by gold nanoparticles. Clin Transl Oncol 15:593-601, 2013
5. Lammers T, Subr V, Peschke P, et al: Image-guided and passively tumour-targeted polymeric nanomedicines for radiochemotherapy. Br J Cancer 99:900-910, 2008
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.