Sarı kantaron çayı və yağı hansı xəstəliklərdə sınanır?

Bu məqalədə
Sarı kantaronun digər adları
- Qılıncotu
- Babasılotu
- Cadugər otu
- Saint John's wort
- Hypericum perforatum (elmi adı)
Sarı kantaron nədir?
Sarı kantaron Avropa, Qərbi Asiya və Şimali Afrika mənşəli olduğu düşünülən, lakin hazırda dünyanın bir çox yerində geniş yayılan bitkidir. Tibb sahəsində ən çox araşdırılan bitkilərdən biridir. Çiçək açan üst hissələri müalicəvi xüsusiyyətləri ilə tanınır və baş ağrısı, böyrək problemləri və nevroloji xəstəliklər üçün istifadəsinin yüzillik tarixi var. Ənənəvi tibbdə sarı kantaron çay və yağ şəklində istifadə olunur. Həmçinin Amerikanın yerli xalqları tərəfindən yaraların sağalması, ilan sancması, bit və ishal üçün istifadə edilmişdir. Bu gün sarı kantaron xüsusilə Avropa ölkələrində antidepressant, həyəcanı azaldan vasitə kimi, yuxu və mövsümi affektiv pozuntunun müalicəsində istifadə olunur.
Əsas müalicəvi xüsusiyyətləri hansılardır?
Sarı kantaron bitkisi depressiyanı yüngülləşdirə bilər. Lakin bu bitki kimyaterapiya daxil olmaqla bir çox dərmanın təsirini azalda bilər! İnsanlar və heyvanlar üzərində aparılmış tədqiqatlara görə sarı kantaron depressiyaya qarşı əhəmiyyətli dərəcədə təsirli və yaxşı qəbul edilən bitki mənşəli dərmandır (fitoterapiya). Həmçinin qadınlarda menstruasiyaöncəsi ağrı və qarın şikayətlərinin yüngülləşdirilməsinə kömək edə bilər.
Müalicəvi təsirləri tərkibində olan hiperikum (hypericum), hiperisin (hypericin) və hiperforin (hyperforin) adlı birləşmələrlə əlaqələndirilmişdir. Heyvan tədqiqatlarında sarı kantaronun neyroprotektiv (sinir sistemini qoruyan) təsirləri olduğu müəyyən edilmişdir, lakin daha çox tədqiqata ehtiyac var.
Sarı kantaron hansı xəstəliklərin müalicəsində sınanır?
Depressiyanın müalicəsində
İnsanlarda aparılmış bir çox tədqiqat bu bitkinin depressiya üçün istifadəsini dəstəkləyir. SSRI qrupu antidepressantları kimi beyində serotonin miqdarını artıraraq antidepressant təsir göstərir.
Həyəcan pozuntusunun müalicəsində
Bir çox tədqiqat depressiyanın müalicəsində təsirli nəticələr göstərsə də, həyəcan pozuntusunun müalicəsi üçün diqqətəlayiq tədqiqat aparılmamışdır.
Xroniki yorğunluğun müalicəsində
Bəzi araşdırmalar xroniki yorğunluğun müalicəsində istifadəsini dəstəkləyir, lakin daha çox tədqiqata ehtiyac var.
Yuxusuzluğun müalicəsində
Bu məqsədlə istifadəsinə dair sübut yoxdur.
Menstruasiya dövrü ilə bağlı şikayətlərin (premenstrual sindromun) azaldılmasında
Klinik tədqiqatlar sarı kantaronun menstruasiyaöncəsi əlamətləri azalda bildiyini göstərmişdir. Həmçinin menopauza dövründə istilik basmalarını azalda bildiyini göstərən tədqiqatlar mövcuddur.
Mövsümi əhval pozuntusunun müalicəsində
İndiyədək aparılmış bir neçə tədqiqat sarı kantaronun bunun üçün təsirli olmadığını göstərir.
Yaraların sağalması üçün yerli (krem) şəklində
Laboratoriya tədqiqatlarında sarı kantaron antibiotik və virusəleyhinə vasitə kimi təsir göstərir, lakin klinik tədqiqatlarda yaraların sağalmasına kömək edə biləcəyinə dair sübut yoxdur.
HIV infeksiyası, AIDS xəstəliyi
Mövzu ilə bağlı azsaylı tədqiqatlar yüksək toksiklik (yan təsir) olmasına baxmayaraq heç bir faydasının olmadığını göstərmişdir.
Diqqət çatışmazlığı / hiperaktivlik pozuntusu
Aparılmış azsaylı araşdırmalar sarı kantaronun diqqət çatışmazlığı / hiperaktivlik pozuntusu üçün təsirli olmadığını göstərmişdir.
Sarı kantaron istifadə etməyi düşünənlərə xəbərdarlıqlar
- Sarı kantaron istifadəsi dərinizin günəşə qarşı daha həssas olmasına səbəb ola bilər.
- Sarı kantaron kimyaterapiyanın təsirini azalda və radioterapiyanın dəridəki yan təsirlərini artıra bilər.
- Xəstələr əməliyyatdan, kimyaterapiyadan və ya radioterapiyadan əvvəl sarı kantaron istifadə etməməlidirlər.
- Digər reseptli antidepressantlara əlavə olaraq sarı kantaron istifadəsi nəticəsində bədəndə serotoninin həddindən artıq toplanması ciddi vəziyyət yarada bilər.
- Bu bitkidən istifadə edərkən ağrı, iynələnmə, sağalmayan yaralar, dərinin və gözlərin saralması kimi qeyri-adi əlamətlər olarsa, dərhal həkiminizlə əlaqə saxlayın.
Aşağıdakı hallarda istifadə etməyin
- Hamiləsinizsə və ya əmizdirirsinizsə
- Hamiləlik əleyhinə həblər istifadə edirsinizsə: sarı kantaron hamiləlik riskini artıra bilər.
- Radioterapiya alırsınızsa: sarı kantaron müalicənin təsirini azalda bilər.
- Kimyaterapiya alırsınızsa: sarı kantaron kimyaterapiyanın təsirini azalda bilər.
- Metotreksat qəbul edirsinizsə: sarı kantaron bu dərmanın toksik təsirlərini artıra bilər.
- Əməliyyat olunacaqsınızsa: əvvəlcədən istifadəni dayandırmalısınız.
- Qan durulaşdırıcı və ya digər laxtalanma əleyhinə müalicə alırsınızsa: sarı kantaron onların təsirini artıra və ya azalda bilər.
- Ürək çatışmazlığını və ya ürək ritmi problemlərini müalicə etmək üçün dərman istifadə edirsinizsə: sarı kantaron onların təsirini azalda bilər.
- Depressiya və/və ya həyəcan pozuntusu üçün dərman istifadə edirsinizsə: sarı kantaronun əlavə təsirləri ola bilər və serotonin toplanmasına bağlı yan təsirlərə səbəb ola bilər.
- Bipolyar pozuntunuz varsa: bu bitki bipolyar pozuntusu olan bir neçə xəstədə şikayətlərin artmasına səbəb olmuşdur.
- Miqren və ya klaster baş ağrısı üçün dərmanlar istifadə edirsinizsə: sarı kantaronun müxtəlif təsirləri ola bilər, ağrıları artıra bilər.
- Yüksək qan təzyiqi (hipertoniya) üçün dərman istifadə edirsinizsə: sarı kantaron bu dərmanların təsirini azalda və ya artıra bilər.
- Şəkərli diabet üçün dərman istifadə edirsinizsə: sarı kantaron diabet dərmanlarının təsirini azalda bilər.
- İmmunosupressiv (immun sistemini zəiflədən) müalicə və ya AIDS müalicəsi alırsınızsa: sarı kantaron bu dərmanların təsirini azalda bilər.
- Xolesterini azaldan dərmanlar qəbul edirsinizsə: sarı kantaron onların təsirini azalda bilər.
- Öskürəyi yatıran və ya allergiya dərmanları qəbul edirsinizsə: sarı kantaron onların təsirini azalda bilər.
Nəticə olaraq sarı kantaron yüngül depressiyanın müalicəsində və premenstrual sindrom şikayətlərinin azaldılmasında kömək edə bilər, lakin bir çox dərmanla qarşılıqlı təsirə girdiyindən aldığınız müalicə və dərmanları göstərərək mütləq həkiminizlə və əczaçınızla məsləhətləşin.
Mənbələr
mskcc.org
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.