Siqaret çəkənlərin COVID-19 infeksiyasına niyə daha meyilli olduğu müəyyən edildi

Şübhəsiz, çox yaxşı tanıdığımız ictimai sağlamlıq mesajı COVID-19 pandemiyası və yeni tədqiqatlarla yenə qarşımızdadır: Siqaret çəkirsinizsə, dayandırın, nə qədər tez olsa, o qədər yaxşıdır!


Tütün istifadəçiləri çoxsaylı xroniki xəstəliklərlə üzləşirlər və British Columbia Universiteti alimlərinin 8 apreldə dərc etdikləri məqalə bu zərərli vərdişin niyə COVID-19-a tutulma riskini artırdığını göstərir.
Məlum olduğu kimi, SARS-CoV-2 adlı yeni növ koronavirus insan hüceyrələri üzərindəki ACE-2 reseptorlarına bağlanaraq hüceyrəyə daxil olur. Tədqiqatın baş müəllifi Janice Leung "Virusun hər yaşda insana təsir etdiyini, lakin əsasən 55 yaş və yuxarıda infeksiyanın daha ağır keçdiyini, həmçinin xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi xroniki xəstəlikləri olanların COVID-19-a tutulma faizinin yüksək olduğunu bilirik. Lakin bunun əsas səbəbi bilinmirdi. Tədqiqatımızın başlanğıc nöqtəsi məhz buradır" deyərək davam edir: "Bu əlaqənin əsas nöqtəsinin ACE-2 ola biləcəyi fərziyyəsi ilə başladıq. Tənəffüs yolundakı fizioloji rolu hələ tam bilinməsə də, siçan tədqiqatlarında ACE-2 zülalının ağır ağciyər zədələrindən qoruduğu müəyyən edilib. Bu zülalların KOAH olanlarda sağlam insanlardan daha çox olması onların COVID-19 üçün niyə daha yüksək risk altında olduğunu izah edə bilər."
Tədqiqatın təfərrüat və nəticələrinə keçməzdən əvvəl qısaca qeyd etmək faydalıdır: KOAH ağciyərlərdə yerləşən və bronx adlandırılan hava kisəciklərinin tıxanması / elastikliyini itirməsi nəticəsində yaranan nəfəsalma çətinliyi, öskürək və təngnəfəsliyə səbəb olan xroniki xəstəlikdir. Tədqiqatlar xəstəliyin ən böyük risk amilinin siqaret və digər tütün məhsulları istifadəsi olduğunu sübut edib. Həmçinin passiv siqaretçəkmə adlanan siqaret tüstüsünə məruzqalma da xəstəliyin tezliyini artırır. JAMA jurnalında dərc edilən başqa hal tədqiqatına görə xroniki tənəffüs xəstəlikləri olanlarda COVID-19-dan ölüm nisbəti %6.3, digərlərində isə 2.3-dür.
Bu məlumatlar əsasında qurulan təcrübədə 21 KOAH xəstəsinin və 21 sağlam şəxsin ağciyərlərindən alınan epitel hüceyrələrində istehsal edilən ACE-2 zülal nisbətləri araşdırıldı.
Nəticələr müqayisə edilərkən şəxslər həmçinin heç siqaret çəkməyən, fəal siqaret çəkən və keçmişdə siqaret çəkmiş kimi qiymətləndirildi.
Tədqiqatın ən mühüm nəticəsi bu idi: fəal siqaret çəkən və KOAH olanlarda ACE-2 zülalı səviyyəsinin heç siqaret çəkməyən və KOAH olmayanlara nisbətən olduqca yüksək olduğu tapıldı. ACE-2 reseptorunun çoxluğu hüceyrəyə daha çox virusun girişini asanlaşdırır.
Tədqiqatın siqaret çəkənlərdə COVID-19 riskinin niyə artdığını izah etdiyini bildirən qrup siqareti dayandırmağın əhəmiyyətini yenə vurğulayaraq əlavə edir: "Tədqiqatda həmçinin əvvəllər siqaret çəkmiş, indi çəkməyənlərlə heç siqaret çəkməyənlərin ACE-2 zülalı miqdarının olduqca yaxın olduğunu gördük. Bu nəticələr xüsusilə ağır epidemiya ilə üzləşdiyimiz bu günlərdə siqareti dayandırmağın nə qədər mühüm olduğunu yenə göstərir. Həmçinin KOAH xəstələrinin sosial təcrid və əl yuma qaydalarına ciddi riayət etməsi görülə biləcək ən mühüm tədbirlərdəndir."

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Tobacco Free Initiative” (Tütünsüz Təşəbbüs) hesabatında bildirildiyi kimi siqareti dayandırdıqdan bir neçə dəqiqə sonra belə qandakı nikotin və karbonmonoksid kimi kimyəvi maddələr, öskürək və bəlğəm istehsalı kimi simptomlar azalır. Nəticə olaraq heç vaxt gec deyil; yaxınlarınız və öz sağlamlığınız üçün siqaret və tütün məhsullarından uzaq durun, sağlam qalın.
*
Aşağıda SARS-CoV-2-nin quruluşunu, COVID-19 xəstəliyinin klinik gedişini, virusun həyat dövrünü və immun sisteminin necə cavab verdiyini görmək olar.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.