Bəzi Covid-19 xəstələrində qalıcı dad və qoxu itkisi yaranır

26 iyul 2022-ci ildə The BMJ adlı jurnalda onlayn yayımlanan bir tədqiqata görə, COVID-19 xəstələrinin bir qismində qalıcı qoxu və dad pozğunluğu yaranır.
Sinqapur Milli Universitetinin Yong Loo Lin fakültəsindən Benjamin Kye Jyn Tan və həmkarları qoxu və dadbilmədə qalıcı funksiya pozğunluğu olan COVID-19 xəstələrinin nisbətini araşdırmaq üçün 3699 xəstəni əhatə edən 18 tədqiqatın məlumatları əsasında sistematik icmal və meta-analiz apardılar.
Əlaqəli mövzu: Covid-19-dan sonra 7 aya qədər davam edən əlamətlər hansılardır?
Tədqiqatçılar xəstələrin təxminən 4,4–5,6%-ində, qalıcı qoxu və dad funksiyası pozğunluğunun yarana biləcəyini müəyyənləşdirdilər. Bu göstəricilər xəstələrin özlərinin verdiyi məlumatlara əsaslanır. Bununla belə, həssaslıq analizlərinə görə bu göstəricilər əslində baş verən vəziyyəti olduğundan az qiymətləndirə bilər.
Ümumilikdə xəstələrin;
- 74,1%-i 30-cu gündə,
- 85,8%-i 60-cı gündə
- 90%-i 90-cı gündə və
- 95,7%-i 120 gündə qoxubilmə duyğularını bərpa etdi.
Xəstələrin;
- 78,8%-i 30-cu gündə,
- 87,7%-i 60-cı gündə,
- 90,3%-i 90-cı gündə və
- 98%-i 120-ci gündə dadbilmə duyğularını bərpa etdi.
Kişilərlə müqayisədə qadınların qoxubilmə duyğularını bərpa etmə ehtimalı yarıbayarı az idi. Yəni qadınlar bu problemlərdən daha çox əziyyət çəkirlər. Eyni şəkildə qadınlar Covid-19 ilə əlaqəli qoxu-dad funksiyası pozğunluğu və ya burun tutulması barədə demək olar ki, iki dəfə çox məlumat verdilər.
Nəticə etibarilə xəstələrin əksəriyyətinin ilk üç ay ərzində qoxu və ya dadbilmə duyğularını bərpa etməsi gözlənilsə də, nəzərəçarpan bir alt qrupda uzunmüddətli qoxu-dad funksiyası pozğunluğu yaranır. Hazırda bu vəziyyətin dəqiq müəyyənləşdirilmiş bir müalicəsi yoxdur. Bu xəstələr vaxtında müəyyənləşdirmə, fərdiləşdirilmiş müalicə və əlaqəli qalıq fəsadlar üçün uzunmüddətli izləmə tələb edirlər.
*

Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.