Xərçəng üçün hazırlanan dərman COVID-19-a bağlı ölüm riskini yarıbayarı azaldır

Bu məqalədə
Xərçəngin müalicəsi üçün hazırlanan sabizabulin təsiredici maddəli, həb şəklində qəbul edilən dərman namizədinin xəstəxanada yatan COVID-19 xəstələrində ölüm riskini 55%-dən çox azaltdığı aşkar edildi.
Tədqiqatçı və Veru Pharmaceuticals şirkətinin baş icraçı direktoru Dr. Mitchell Steiner faza-3 plasebo-nəzarətli tədqiqatlarının aralıq təhlilini xəbər bülletenində təqdim etdi. Tədqiqatın elmi mətni 6 iyulda NEJM Evidence adlı jurnalda dərc edildi.
Veru şirkəti COVID-19-un müalicəsində sabizabulindən istifadə üçün FDA-ya (ABŞ Qida və Dərman İdarəsi) təcili istifadə icazəsi tələbi göndərdi.
Prostat xərçəngini hədəfləyib COVID-19-u vurmaq
4-cü mərhələ hormon basqılanmasına davamlı prostat xərçəngini müalicə etmək üçün hazırlanan sabizabulin antiviral və iltihabəleyhinə aktivliyə malik, ağızdan qəbul edilən mikrotubul pozucu dərmandır. Prostat xərçənginin müalicəsi üçün hələ FDA təsdiqi almayıb.
Mikrotubullar zülal quruluşlu molekullardır və hüceyrə skeletini əmələ gətirirlər. Onların funksiyalarından biri hüceyrə bölünməsi zamanı hər yeni hüceyrəyə aid genetik məlumatı yeni yaranan hüceyrələrə ötürməkdir. Sabizabulin mikrotubulların işini pozaraq hüceyrələrin bölünməsinin qarşısını alır.
Dərmanın mexanizmini nəzərə alan Veru tədqiqatçıları sabizabulinin COVID-19 xəstələrində də ağciyər iltihabının müalicəsinə kömək edə biləcəyini düşündülər (dərmanın təsir mexanizmini yazının sonunda daha ətraflı izah etdik).
NEJM Evidence jurnalında dərc edilən tədqiqatın nəticələri kəskin tənəffüs çətinliyi sindromu (SARS) və ölüm baxımından yüksək risk daşıyan orta və ağır COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən 150 yetkinə əsaslanır. Xəstələr 21 günədək gündə bir dəfə ağızdan 9 mg sabizabulin (98 xəstə) və ya plasebo (52 xəstə) almaq üçün təsadüfi qaydada bölüşdürüldü.
Ümumilikdə, COVID-19 səbəbindən xəstəxanada yatan xəstələrdə ölüm nisbəti sabizabulin qrupunda 20,2%, plasebo qrupunda isə 45,1% idi. Plasebo ilə müqayisədə sabizabulinlə müalicə faiz baxımından ölümdə 55,2% nisbi azalmaya səbəb oldu.
Sabizabulin plasebo ilə müqayisədə intensiv terapiya günlərində 43% əhəmiyyətli nisbi azalmaya, mexaniki ventilyasiya günlərində 49% nisbi azalmaya və xəstəxanada keçirilən günlərdə 26% nisbi azalmaya səbəb oldu.
Arzuolunmaz və ciddi yan təsirlər də sabizabulin qrupunda (61,5%) plasebo qrupuna (78,3%) nisbətən daha az idi.
Nəticə olaraq bu məlumatlar həqiqətən effektiv müalicə imkanlarımızın çox az olduğu ağır COVID-19 xəstələri üçün xeyli təsirlidir. Lakin bu, aralıq təhlildir və təsdiq qurumları, açıq desək, daha çox məlumat görmək istəyəcəklər; bununla belə, xərçəng üçün hazırlanmış dərmanın effektiv olması qəti şəkildə yeni və xeyli maraqlı bir haldır.
*
Sabizabulin haqqında əlavə oxu
Mənbələr
2. Cancer Drug Significantly Cuts Risk for COVID-19 Death - Medscape - Jul 08, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.