Xərçəng müalicəsində qida təhlükəsizliyi – nədir və əhəmiyyəti

Qida təhlükəsizliyi müalicə alan xərçəng xəstələri üçün vacibdir. Müalicədə bəzən dərmanlar, bəzən xəstəlik səbəbindən immun sistemimiz zəifləyə bilər. Səbəb mikroblardan qoruyan ağ qan hüceyrələrinin azalmasıdır. Buna neytropeniya deyilir.
Qidalarla bədənə daxil olan bakteriya, parazit və viruslar çox vaxt xəstəlik yaratmır. Lakin neytropeniya kimi immun sisteminin zəiflədiyi dövrlərdə qida mənşəli xəstəlik yaranma riski artır.
Qidaların təmizlənməsi, hazırlanması və saxlanması barədə məlumatlılıq bu dövrdə daha az xəstələnməyə kömək edə bilər. Yazıda qida mənşəli xəstəliklərin qarşısını almaq üçün məlumatlandırmağı hədəflədik.
Bəzi qidalar çoxlu bakteriya ehtiva edə bilər. Xüsusilə xərçəng müalicəsi zamanı belə qidaların istehlakından çəkinmək lazımdır.
Bunlar:
- Az bişmiş ət və ya quş əti, dəniz məhsulları
- Çiy yumurta, çiy yumurtalı smuzilər, çiy yumurtalı Sezar salatı sousu
- Çiy brokoli, çiy maş lobyası (salmonella və E. Coli bakteriyasının olma riski var)
Düzgün təmizləmə üsulları
- Tualetdən sonra, ev heyvanını oxşadıqdan sonra və yeməkdən əvvəl əllərinizi ilıq su və sabunla 20 saniyə yuyun.
- Mətbəx bezlərini tez-tez dəyişin.
- Tərəvəz və meyvə istifadədən əvvəl yaxşı yuyulmalıdır. Sabun, yuyucu və xlor istifadə edilməməlidir. Qabıqlı meyvə-tərəvəzi fırça ilə təmizləyə bilərsiniz.
- Konservi açmazdan əvvəl qapağı təmizləməyi unutmayın.
Qidaların saxlanması
- Yeməyi 4 dərəcə və ya aşağıda soyudun. Dondurulmuş qidanın donunu soyuducuda açın. Donun açılması üçün əvvəlcədən yetərli vaxt ayırın.
- Donu açılmış qidanı təkrar dondurmayın.
- Ət, quş əti, dəniz məhsulu, yumurta və digər tez xarab olanları mütləq soyuducuda saxlayın.
- Yeməyi hazırladıqdan sonra 2 saat ərzində yeyin.
- Bir hissəsi kiflənmiş meyvə-tərəvəzi atın.
- Qabığı çatlamış yumurta istifadə etməyin.
- Qoxusu dəyişmiş qidanı yeməyin. Dadını yoxlamayın!
Çarpaz kontaminasiyadan (çirklənmədən) çəkinin
Çarpaz kontaminasiya qida mənşəli xəstəlik və ya qida zəhərlənməsində tez işlənən termindir. Bakteriya və virusla çirklənmiş səthdən çirklənməmiş başqa səthə onların keçməsi ilə yaranır.
- Çiy ət, quş əti və dəniz məhsullarını digər qidalardan ayırın. Donlarını açarkən geniş qab və soyuducunun alt hissəsini seçin.
- Dəzgahda fərqli qidaları ayrı saxlayın. Ət və tərəvəz üçün ayrı taxta və bıçaq istifadə edin.
Düzgün bişirmə
- Bütün ət, quş əti və balığın yaxşı bişdiyinə əmin olun. Ətin düzgün temperaturda bişdiyini bilməyin tək yolu qida termometridir. Ətin 71°, quş ətinin 80°, yumurtalı yeməyin 71°, balığın 62° olması tövsiyə edilir.
- Mikrodalğada bişirərkən soyuq sahə qalmamasına diqqət edin. Bu, bakteriya qalmasına səbəb ola bilər. Hər yerin yaxşı qızdığına əmin olun.
- Yumurtanın sarı və ağını yaxşı bişirin.
- Şorbanı qızdırarkən yenidən qaynayanadək bişirin.
Diqqətli məhsul seçimi
- Alarkən son istifadə tarixini yoxlayın və ən təzəni seçməyə çalışın.
- Qablaşdırmanın zədəsiz və düzgün olduğuna əmin olun.
- Marketdə kəsilmiş məhsul almayın (məsələn, qarpız dilimi və ya doğranmış meyvə).
- Ticarət mərkəzində tanıtım üçün verilən qida və içkilərdən istifadə etməyin.
- Alış-verişdə ət, quş əti və dəniz məhsullarını başqa məhsuldan ayrı paketləyin.
- Xüsusilə yayda qidanı avtomobildə çox saxlamayın.
- Maşında saxlanıb verilən yumşaq dondurma yeməyin.
Qida mənşəli xəstəliyə tutulmamaq üçün yemək hazırlayıb yeyərkən bu tövsiyələrdən yararlana bilərsiniz. Təhlükəsiz qidanın seçiminizdən asılı olduğunu və müalicədə bunu ən yaxşı şəkildə edə biləcəyinizi unutmayın. Müalicə zamanı və sonra balanslı qidalandığınıza, yetərli kalori və su aldığınıza əmin olun. Sadə görünən tövsiyələr belə sizi xəstəlikdən qoruyub davamlılıq verəcək.
Mənbələr
U.S. Food and Drug Administration, Food Safety for People with Cancer, 2011
Jeanne Besser and Barbara L. Grant, MS, RDN, CSO with American Cancer Society, What to eat during cancer treatment, 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.