Xərçəngdə erkən diaqnoz üçün nə bilməliyəm? Nə etməliyəm? Süd vəzi xərçəngi

Süd vəzi xərçəngi süd vəzi toxumasında yaranan və demək olar ki, hər 8 qadından birində görülən xərçəng növüdür. İnkişaf etmiş ölkələrdə süd vəzi xərçənginin artmasının səbəbləri artan gözlənilən ömür müddəti, artan şəhərləşmə və Qərb həyat tərzi kimi göstərilə bilər.
Xərçəng şəxsin həyatda qarşılaşa biləcəyi ən narahatedici vəziyyətlərdən biri olsa da, süd vəzi xərçəngi erkən mərhələdə aşkarlandıqda tam müalicə oluna bilən xəstəlikdir. Bugünkü yazımızın mövzusu qadınlarda ən çox görülən xərçəng növü olan süd vəzi xərçəngində “Erkən diaqnoz üçün nə bilməliyəm və nə etməliyəm?” sualına cavab tapmaqdır.
Süd vəzi xərçənginin risk amillərini bilməliyəm!
Cinsiyyət: Qısaca qadın olmaq süd vəzi xərçənginin inkişafında əsas risk amilidir. Kişilərdən 100 dəfə çox görülür.
Yaş: Süd vəzi xərçəngi riski yaşlandıqca artır. 45 yaşdan gənc təxminən 8 qadından 1-ində yayılma göstərən süd vəzi xərçənginə rast gəlinərkən, 55 yaş və yuxarı qadınların 3-də 2-sində yayılma göstərən süd vəzi xərçəngi vardır.
Genetik risk amilləri: Süd vəzi xərçəngi hallarının %5-10-u genetikdir. Ailədən keçən qüsurlu genlər (mutasiya) nəticəsində yaranır. Genetik süd vəzi xərçənginin ən çox rast gəlinən səbəbi BRCA1 və BRCA2 genlərində genetik mutasiyadır. Normal hüceyrələrdə bu genlər zülal istehsal edir və hüceyrənin anormal inkişafına mane olaraq xərçəngin qarşısını alır. Lakin bu iki gendən birinin genetik mutasiyaya uğramış nüsxəsi ailədən keçibsə, həyat ərzində süd vəzi xərçənginə tutulma riskinin yüksək olduğu deməkdir. BRCA mutasiyası olan ailə üzvləri üçün risk %80 nisbətindədir. Genetik mutasiyalı qadınların xərçəngə tutulma yaşı genetik mutasiya daşımayan qadınlardan daha gəncdir və xərçəng əksər hallarda hər iki süd vəzisinə təsir edir. Genetik mutasiyalı qadınlar yumurtalıq xərçəngi kimi başqa xərçənglərin inkişaf riskini də daşıyırlar.
ATM, TP53, CHEK2, PTEN, CDH1, STK11, PALB2 gen mutasiyaları da süd vəzi xərçəngi və digər xərçənglərin inkişafında nadir də olsa təsirli olur. Lakin bu mövzuda daha çox elmi tədqiqata ehtiyac vardır.
Ailə tarixçəsi ilə əlaqə: Ailəsindəki qadın üzvdə əvvəllər süd vəzi xərçəngi görülmüş şəxsdə süd vəzi xərçəngi riski yüksəkdir. Birinci dərəcəli qohumlarda (ana, bacı və ya qızı) əvvəllər süd vəzi xərçənginə rast gəlinməsi bu riski ikiqat artırır. Birinci dərəcəli 2 qohumda görülməsi riski 3 dəfə artırır. Lakin ailəsində bu xəstəliyə rast gəlinmiş süd vəzi xərçəngli qadınların nisbəti %15-dən azdır. Bu o deməkdir ki, süd vəzi xərçənginə tutulan qadınların %85-dən çoxu bu xəstəliyi ailədən almır.
Şəxsi tarixçənin əhəmiyyəti: Bir süd vəzisində xərçəng aşkar edilmiş qadının digər süd vəzisində və ya eyni süd vəzisinin başqa yerində xərçəngə rastgəlmə nisbəti 3-4 dəfə artır. Bu, ilk xərçəngin təkrarlanması vəziyyətindən fərqlidir.
İrq və etnik mənsubiyyətlə əlaqə: Afroamerikalı qadınlarla müqayisədə ağdərili qadınların süd vəzi xərçənginə tutulma ehtimalı bir qədər yüksəkdir.
Sıx süd vəzi toxuması: Sıx süd vəzi toxumasına (mammoqramda görüldükdə) malik qadında süd vəzi xərçəngi riski daha yüksəkdir.
Menstruasiya (aybaşı) ilə əlaqə: Erkən aybaşı olan (12 yaşından əvvəl menstruasiya başlayan), daha çox aybaşı dövrü olan və/və ya menopauzadan sonrakı (55 yaşdan sonrakı) qadınlarda süd vəzi xərçəngi riski bir qədər çoxdur.
Radioterapiya: Başqa xərçəng növünün (Hodgkin xəstəliyi və ya qeyri-Hodgkin limfoması kimi) müalicəsi üçün döş qəfəsinə alınan radiasiya süd vəzi xərçəngi riskini əhəmiyyətli artırır. Gənclikdə süd vəziləri hələ inkişaf dövründə ikən döş qəfəsinə alınan radiasiya süd vəzi xərçənginin inkişaf riskini ən çox artıran dövrdür. Lakin 40 yaşdan sonra alınan radiasiya müalicəsinin süd vəzi xərçəngi riskini artırmadığı müşahidə edilmişdir.
Kombinə hormon müalicəsi: Menopauzadan sonra istifadə olunan kombinə hormon müalicəsi süd vəzi xərçənginə tutulma riskini və həyati risk nisbətini artıra bilər. Hətta 2 il kimi qısa istifadə müddətində belə risk mövcuddur. Kombinə hormon müalicəsi xərçəngin daha irəliləmiş mərhələdə aşkarlanma riskini də artıra bilər. Risk artımı yaxın keçmişdə və hazırda hormon istifadə edən qadınlarda daha çoxdur. Buna görə rutin süd vəzi yoxlamalarının və skrininq testlərinin müntəzəm etdirilməsi gələcəkdə yarana biləcək xərçəngin qarşısının alınmasında əsas rol oynayır.
Estrogen müalicəsi: Bəzi tədqiqatlarda menopauzadan sonra təkbaşına istifadə olunan estrogenin süd vəzi xərçənginin inkişaf riskini artırmadığı görülmüşdür. Əslində bunun səbəbi əvvəllər uşaqlığı çıxarılmış və estrogen istifadə edən qadınlarda süd vəzi xərçəngi riskinin daha az olduğunun görülməsidir.
Estrogen müalicəsi süd vəzi xərçəngi ilə yanaşı 10 ildən artıq istifadə olunduqda yumurtalıq xərçəngi riskini də artırır; həmçinin ürək xəstəlikləri, qanda laxtalanma kimi bəzi problemləri artırır. Kolorektal xərçəng və osteoporoz riskini azaldır, lakin osteoporozun qarşısını alan və onu müalicə edən daha təsirli yollar olduğundan mümkün zərərləri yaxşı hesablanmalıdır.
Alkoqol istifadəsi Gündəlik 2-5 stəkan alkoqollu içki qəbul edən qadınlarda risk 1,5 dəfə yüksək olur və həddindən artıq alkoqol istifadəsinin digər bəzi xərçəng növlərinin inkişaf riskini artırdığı məlumdur.
Piylənmə: Menopauzadan sonra artıq çəkili və ya piylənmiş olmaq süd vəzi xərçəngi riskini artırır. Menopauzadan sonra artıq yağ toxumasının olması estrogen səviyyəsini yüksəldərək süd vəzi xərçənginin inkişaf şansını artırır. Yüksək insulin səviyyəsinin süd vəzi xərçəngi daxil bəzi xərçəng növləri ilə əlaqəsi vardır.
Fiziki aktivliyin əhəmiyyəti: Həftədə ən az 1,25 – 2,5 saat sürətli yeriş qadında süd vəzi xərçəngi riskini %18 nisbətində azaldır.
Siqaretin təsiri: Uzunmüddətli çox siqaret istehlakının süd vəzi xərçəngi riskini artırdığı müəyyən edilmişdir.
Süd vəzi xərçənginin əlamətlərini bilməliyəm
Süd vəzisində şişkinlik və/və ya düyün hiss edən hər qadın narahat olacaqdır. Süd vəzisində kütlə süd vəzi xərçənginin ən çox rast gəlinən əlamətlərindən biri olsa da, daha nəzərəçarpan əlamətləri mövcuddur. Süd vəzisinin hamısında və ya bir hissəsində şişkinlik, dərisində qızartı və ya rəng dəyişikliyi nadir görülən, lakin olduqca aqressiv və həyat itkisi riski daşıyan iltihablı süd vəzi xərçənginin əlamətləri ola bilər.
Aşağıdakı dəyişiklikləri gördükdə gecikmədən həkimə müraciət etməlisiniz
- Süd vəzisində və ya qoltuqaltında əllə hiss olunan kütlə (sərtlik, şişkinlik)
- Süd vəzi dərisində yara, qızartı və ya qalınlaşma, ödem (portağal qabığı görünüşü)
- Süd vəzisində və məmə ucunda forma pozuntusu, içəri çəkilmə, çökmə və ya asimmetriya
- Məmə ucu dərisində soyulma, qabıqlanma kimi dəyişikliklər
- Məmə ucundan ifrazat (qanlı və ya şəffaf rəngli)
Süd vəzi xərçəngində erkən diaqnoz üçün nə etməliyəm?
Skrininq testləri ilə süd vəzi xərçənginin erkən mərhələdə müəyyən edilməsi mümkündür. Skrininq testlərinin məqsədi əlamətləri ortaya çıxmadan xərçəngi diaqnoz etməkdir. Skrininq test və müayinə üsulları ilə heç bir əlamət göstərməyən şəxslərdə xərçəng kimi xəstəliyi aşkar etmək deməkdir.
Süd vəzi xərçəngində erkən diaqnoz üçün bir-birini tamamlayan üsullar vardır;
- Şəxsi (öz-özünə edilən) süd vəzi yoxlamaları
- Klinik (həkim tərəfindən edilən) süd vəzi yoxlamaları
- Mammoqrafiya/süd vəzi ultrasəs müayinəsi
- Lazım olan digər skrininq testləri
Süd vəzi xərçənginin erkən diaqnozu üçün 20 yaşdan sonra hər ay öz-özünə süd vəzi yoxlaması, qırx yaşdan sonra da ildə bir dəfə həkim tərəfindən süd vəzi yoxlaması və ildə bir dəfə mammoqrafiya tövsiyə olunur.
Süd vəzi xərçəngində erkən diaqnozla qorunmaq mümkündür
Süd vəzi xərçənginə erkən mərhələdə diaqnoz qoyulması müalicə seçimlərinin sayını, müalicənin uğurlu olma və sağ qalma şansını əhəmiyyətli artırır. Süd vəzi xərçəngi yayılmadan əvvəl erkən mərhələlərdə aşkar edilərsə, xəstələrin % 90-dan çoxu normal həyatını davam etdirir.
Süd vəzi xərçəngi skrininq testləri zamanı aşkarlanarsa, şiş daha kiçikdir və süd vəzisi ilə məhduddur. Şiş böyük ölçülərə çatmadan diaqnoz qoyulmuş xəstələrdə süd vəzisi qoruna bilir. Buna görə şəxslərin erkən diaqnoz barədə məlumatlılığı və həkimlərin bu mövzuda həssas yanaşmaları son dərəcə vacibdir.
Erkən diaqnoz üçün əsasən tövsiyə edilən, bir-birini tamamlayan üsulların müvafiq yaş aralığında tövsiyə olunan tezlikdə aparılması vacibdir. Ailəsində çoxlu süd vəzi və over (yumurtalıq) xərçəngi tarixçəsi olanlara; BRCA1 və 2 gen təhlil testləri müsbət olan birinci dərəcəli yaxını olanlara süd vəzi və yumurtalıq xərçəngi skrininqlərinə daha erkən yaşlarda başlamaq, izləmələrini müntəzəm aralıqlarla və həkim nəzarətində etdirmək tövsiyə olunur.
Süd vəzi xərçənginin erkən diaqnozu üçün skrininq tövsiyələri
20 – 40 yaş arası qadınlar:
- Aylıq öz-özünə süd vəzi müayinəsi: 20. yaşların başlanması ilə hər qadının aylıq dövrlərlə aybaşı qanaması bitdikdən sonrakı ilk həftə öz-özünə süd vəzi müayinəsi aparması tövsiyə edilir.
- Həkim tərəfindən edilən klinik süd vəzi müayinəsi: hər 3 ildə bir aparılmalıdır.
40 yaşdan yuxarı qadınlar:
- Aylıq öz-özünə süd vəzi müayinəsi: hər qadının aylıq dövrlərlə aybaşı qanaması bitdikdən sonrakı ilk həftə öz-özünə süd vəzi müayinəsi aparması tövsiyə olunur; aybaşı olmursunuzsa, hər ay eyni gün edilməsi tövsiyə edilir.
- Həkim tərəfindən edilən klinik süd vəzi müayinəsi: süd vəzi xərçəngi əlamətləri olmayan 40 yaşdan yuxarı qadınlar yaxşı olar ki, hər il süd vəzi müayinəsi olunsunlar.
- Mammoqrafiya və ya tomosintez (süd vəzisinin 3 ölçülü görüntülənməsi): 40 yaşdan başlayaraq iki ildə bir dəfə mammoqrafiya edilməlidir.
Qeyd: Bu tövsiyə edilən testlərdən hər hansı birində anormallıq olduqda həkimlə məsləhətləşilməli və skrininq tezliyi həkim tərəfindən müəyyən edilməlidir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.