Yaşasın həyat! deyən rəssam Frida Kahlo və həyat mübarizəsinin rəsmlərində əksi

Frida Kahlo fiziki və emosional baxımdan çox ağır ağrılar çəkmiş; “Bildiyim tək şey budur ki, rəsm çəkirəm, çünki buna ehtiyacım var” demiş meksikalı qadındır.
Ağrılarını rəsmlərinə köçürməyə çalışan və hər şeyə baxmayaraq “Yaşasın həyat!” deyən Frida Kahlo-nun ilhamverici hekayəsini sizinlə paylaşmaq istəyirik.
Dörd qız uşağı olan ailənin üçüncü qızı idi. 6 iyul 1907-ci ildə Mexico City-nin cənubundakı Coyoacan-da dünyaya gəldi. Lakin o, doğum tarixini Meksika İnqilabının baş verdiyi 7 iyul 1910 kimi qəbul etdi.
Frida Kahlo-nun ilk diqqətçəkən sağlamlıq problemi 6 yaşında uşaq iflici keçirməsi nəticəsində bir ayağının daha qısa və zəif qalması ilə başladı. Məktəb həyatı boyunca da bu, lağ mövzusu olur və onun mübarizəsi o vaxtlar başlayır. Dostları ona "Taxta ayaqlı Frida" deməyə başlayır. Frida o günlər barədə “Bir həqiqət varsa, o da bədənimə ağrının ilk dəfə o gün daxil olmasıdır” demişdi.

18 yaşına çatanda Frida bütün həyatına təsir edəcək qəzanı yaşadı. 17 sentyabr 1925-ci ildə məktəbdən evə qayıdarkən mindiyi avtobusun tramvayla toqquşması nəticəsində ciddi qəza keçirdi. Bu avtobus qəzasında avtobusdakıların çoxu həyatını itirdi. Frida isə ölümdən döndü, möhkəm dəmir çubuq sol bud nahiyəsinə girərək çanaq sümüyündən çıxmışdı və bədəninin bir çox yerində ağır sınıqlar olmuşdu. Bu sınıqlar səbəbindən bədəninin böyük hissəsi gipsdə qaldı və aylarla hərəkətsiz yatdı.
Bir müddət sonra bu gipslər dəmir korsetlə əvəz olundu. Frida-nın ailəsi yatağa bağlı qaldığı bu dövrdə rəsm çəksin deyə ona kətan və boyalar hədiyyə etdi. “Əslində, çox da əhəmiyyət vermədən rəsm çəkməyə başladım” demişdi Frida.
Rəsmə əvvəlcə ağrılarını yüngülləşdirmək üçün başladı. Özünü görə bilmək üçün yatağının üstünə düşəcək şəkildə tavana doğru güzgü qoydurdu. O güzgüyə baxaraq avtoportretlər (öz portretlərini) çəkdi. İlk işi məxmər paltarlı avtoportreti oldu. Özünü bu polad korsetlə dəfələrlə təsvir etdi.

Bu qəzadan sonra ümumilikdə 32 əməliyyat keçirdi. 2 il boyunca daim həkimlərlə görüşürdü və ağrıları üçün çoxlu dərman qəbul etdi. İki ilin sonunda yenidən ayağa qalxmağı bacardı.
Rəsm çəkməyə davam edir və dostları ilə xoş vaxt keçirirdi. Dost görüşlərindən birində dövrün məşhur rəssamı Diego Rivera ilə tanış oldu. Diego Meksikadan kənarda da dünyaca tanınmağa başlamış rəssam idi. Frida Diego-ya heyran idi. Ona rəsmlərini göstərmiş və şərh etməsini istəyərək ilk söhbətlərinə başlamışdı.
Diego və Frida qısa müddət sonra evləndilər, bir-birinin böyük sevgisi və ən yaxın dostu oldular. Lakin çalxantılı münasibətləri Frida-ya böyük sevgi ağrıları çəkdirmişdi və sonrasında “…Diego qəzalarımdan qətiyyən daha dağıdıcı idi” demişdi. Frida sonra bu münasibəti təsvir etmək üçün “Həyatımda iki böyük qəza keçirdim; biri Diego idi, digərində isə bir qatar az qala məni öldürürdü; Diego qətiyyən daha dağıdıcı idi” cümlələrini qurmuşdu.

Frida-nın həyatda ən çox istədiyi şeylərdən biri uşaq sahibi olmaq idi. Sağlamlıq problemlərinə görə bir dəfə hamiləliyini sonlandırmalı oldu. Bundan sonra ard-arda iki dəfə bətnindəki körpəni itirdi. Frida Kahlo 1932-ci ildə çəkdiyi “Henry Ford Hospital” adlı əsərində yaşadığı ağrıları kətana köçürdü.

Diego-Frida münasibəti hər gün daha da pisləşirdi, hətta Diego Frida-nın böyük bacısı ilə də münasibət yaşamışdı. Ayrılsalar da, Frida-nın ağlının bir küncündə həmişə Diego var idi. Hətta Frida ona yazdığı məktubda duyğularını belə ifadə etmişdi: “Səni sevməyə başladığım o gündən bəri ağrı çəkən ürəyim var.”
Həm fiziki, həm də psixoloji baxımdan ciddi ağrılarla mübarizə aparan Frida ağır depressiyaya düşdü və o dövrdə özünü maral bədənində təsvir etdi. Frida içində olduğu ruh halını bədəninə oxlar sancılmış halda meşədə gəzən bu maralla anlatmışdı. Bu tabloda çarəsizlik və ümid bir yerdədir. Ağrısı heç dinməyən “yaralı bir maral” idi bu. Frida tənha idi və ağrı çəkirdi.

Frida-nın Diego-dan ayrılıq ağrısı o qədər böyük idi ki, bu ağrını yüngülləşdirməyin yalnız bir yolunu tapdığını deyirdi: rəsm! Frida, “İki Frida” adlı tablosunda o dövrdə yaşadığı ikiləşməni, qəzəbi əks etdirmişdi. Tablodakı iki qadın Frida-nın iki halını simvolizə edirdi. Sağdakı qadın ənənəvi geyimdə Diego-nun uşaqlıq rəsmini tuturdu. Soldakı qadın isə daha avropasayağı geyimdə idi. Qadınları bir-birinə ürəkdən bağlamışdı. Soldakı qadın əlindəki qayçı ilə ürəyinin qanamasını dayandırmağa çalışırdı, amma paltarı artıq qana bulanmışdı. Əl-ələ tutuşaraq oturduqları yerdən bizə baxan bu qadınların tək dostu özləri idi.

Mübarizədən vaz keçmədi
1950-ci illərdə sağlamlıq vəziyyəti daha da pisləşmişdi. Onurğasındakı problemlərə görə 9 ay xəstəxanada yatdı. Rəssam kimi ölkəsində ilk sərgisini bundan qısa müddət sonra keçirə bildi. O dövrdə yataq xəstəsi idi və qətiyyən yataqdan qalxmamalı idi. Lakin Frida ölkəsindəki ilk sərgisinin açılışını qaçırmaq istəmirdi. Yataqdan çıxa bilmirdisə, onda yatağı ilə sərgiyə getdi.
Bir neçə ay sonra isə sağ ayağını itirdi.
Frida Kahlo 47 yaşında, 13 iyul 1954-cü ildə ağciyər emboliyasından həyatını itirdi.
55-i avtoportret olmaqla 143 tablo qoyub getdi.
Öldüyü il çəkdiyi Yaşasın həyat adlı bu tablo onun həyata baxışını anladır kimidir.

Hər şeyə baxmayaraq yaşamağı sevən və ümidini itirməyən Frida yaratmağa da davam etmişdi. Hazırda Mexikoda evi və emalatxanası birlikdə muzeyə çevrilmişdir və ziyarətə açıqdır. Yolunuz Mərkəzi Amerikaya düşərsə, ziyarət etməyinizi tövsiyə edirik.
ƏLAQƏLİ MÖVZULAR
2-ci xərçəngindən sonra kökündən dəyişən həyat — müğənni Amelie Beyries-in hekayəsi
Arzuları və ürəklərə toxunan hekayəsi ilə kəndlilərə ümid verən Hasan Cengiz bəy
5 yaşlı Garrett vəsiyyəti və yetkinliyi ilə bütün dünyanı ağlatdı
Mənbələr
theguardian.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.