2-ci xərçəngindən sonra kökündən dəyişən həyat – müğənni Amelie Beyriesin hekayəsi

Amelie Beyries xərçəng diaqnozu aldıqdan sonra həyatının əllərindən sürüşüb getdiyini hiss etdi.
İlk dəfə 28 yaşında xərçəng diaqnozu qoyuldu. Müalicədən sonra hər şeyin yaxşılaşacağını düşündü. Lakin nəzərə almadığı bir çox şey başına gəldi.
Kanada doğumlu pop müğənnisi və mahnı müəllifi Beyries (Bay-riss kimi tələffüz olunur) 2017-ci ildə buraxdığı Landing albomu ilə çox danışıldı. Lakin onun müğənniliyə və mahnı müəllifliyinə uzanan olduqca fərqli hekayəsi var.
"Xəstələnməyin ən mühüm tərəfi nə qədər kövrək olduğumu dərk etməyim oldu”
Landing albomu melanxolik mahnılarla doludur; bəziləri həyatın ən çarəsiz saatlarının qaranlığından təsirlənərkən, bəziləri sağ qalmaq ümidinin qığılcımına çevrilir. Hər parça ağrı görmüş qadının emosional ağırlığını daşıyır.
"Məni 10 il əvvəl tanısaydınız, heç ağlamayan biri idim” deyir, xərçəng müalicələrini danışarkən göz yaşlarını kənara ataraq. "Xəstələnməzdən əvvəl hər şeyi çox nəzarətdə saxlayan biri idim” deyə əlavə edir.
O günlərdə Köhnə Montrealda çətin, sürətli templi ictimaiyyətlə əlaqələr işində çalışır, işdən kənarda həmkarları və müştəriləri ilə şənliklər edərək günlərini keçirirdi. Bu sürətli həyatı süd vəzisində yaranan kütlə ilə qəfil dəyişdi. Həkiminə müraciət etdikdən sonra aqressiv tipli süd vəzi xərçəngi diaqnozu qoyuldu və dərhal kimyaterapiya almağa çağırıldı.
Bu yeddi aylıq müalicə prosesi qismən mastektomiya və iki aylıq radioterapiya ilə başa çatdı.
O günlər asan deyildi, lakin Beyries həyata baxışının və həyatdan aldığı zövqün dəyişdiyini xatırlayır.
İşini bir kənara qoyub bir qədər özünü dinləmək, fikrini yayındırmaq üçün şəhərdən bir dağ evi aldı. Ev ona heç tanımadığı nənəsindən miras qalan pianonu yerləşdirməyə yetəcək qədər yer verdi.
Beyries yeniyetməlik illərində musiqi ilə məşğul olmuşdu, lakin yalnız olduqca həvəskar səviyyədə. Yeni köçdüyü bu dağ evində musiqi ilə bağlı yeni ilhamlar almağa başladı.
Daha sonra Beyriesin yazdığı mahnılardan biri yerli moda jurnalında süd vəzi xərçəngi hekayəsi ilə birlikdə təqdim edildi. Bu, Beyries üçün mənalı jest idi, lakin musiqi karyerasına başlamağı düşünmürdü. Nəhayət, həyatda hər şey əvvəlki halına qayıtmağa başlamışdı və daha çox sarsıntıya ehtiyac duymurdu.
Bir neçə ay sonra xərçənginin təkrarlandığı aşkarlandı və həkimlər yenidən müalicəyə ehtiyacı olacağını dedilər.
"İlk dəfə sizi nəyin gözlədiyini bilmirsiniz" deyə danışır və davam edir "İkinci dəfə isə bilirsiniz və bu, məni çox qorxutmuşdu."
Sol süd vəzi əməliyyatla tamamilə götürüldükdən sonra bu dəfə toparlanmaq o qədər də asan olmamışdı.
Sabit işi olmadığı üçün maddi çətinlik çəkirdi və xəyallardakı kimi olan dağ evi satılmalı idi. Alıcı tez tapılmadığından müflis olmuşdu.
"Hər şey tam qarışıqlıq içində idi" deyə xatırlayır.
Bütün inamını itirdiyi bu çox qaranlıq depressiya dövründə Beyries pianoya qapılıb “Yalnız” adlı mahnısını yazdı.
Beyries israrla düşünürdü ki, heç kim yazılarını dinləməməlidir, lakin dostları onu bunları yayımlamağa razı saldı.
Mahnıları Montreal prodüseri Alex McMahonun əlinə keçdi və prodüser Beyriesi duyğularını açmaq/yaymaq üçün studiyaya dəvət etdi. 1970-ci illərin Fleetwood Mac, Elton John və Cat Stevens mahnıları üzərində birlikdə çalışdılar.

"Landing" albomu həmçinin ailəsindən, hər biri onun yaranmasında rol oynamış üç nəsil qadını təmsil edir. Albomun üz qabığını bəzəyən vizual təsvirlərin hər biri mənalıdır: nənəsinin pianosu, anasının taxdığı kəpənək formalı asqı və həyatı təmsil edən qum saatı.
Beyriesdən gələcək planları soruşulduqda gələcək haqqında danışmağın çətin olduğunu, ikinci albom üçün mahnılar yazdığını, lakin çox uzağı düşünməyi sevmədiyini deyir. Təxminən 1 ildir xəstəliksiz dövrdə (remissiyada) olmasına baxmayaraq, uzunmüddətli planların onun üçün olmadığını daha əvvəl öyrənmişdi.
"Fikrimdə yalnız hazırda baş verənlərə diqqət yetirməyə çalışıram" deyir.
Bütün dünya Beyriesi baş rolunda Will Smithin oynadığı Ümidini itirmə - The Pursuit of Happyness adlı filmin musiqisi ilə tanımışdı.
Mənbələr
News/Toronto – metronews.ca
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.