Yeni koronavirusun (SARS-COV-2) BAĞIRSAQ hüceyrələrini yoluxdurduğu aşkar edildi

COVID-19 xəstələrinin bir qismində qastrointestinal simptomlar, yəni mədə-bağırsaq əlamətləri müşahidə olunur. Lakin indiyədək SARS-CoV-2 adlandırılan yeni tip koronavirusun qastrointestinal sistemlə əlaqəsi aydınlaşdırılmamışdı. May 2020-ci ildə Science jurnalında dərc edilmiş tədqiqatda SARS-CoV-2-nin bağırsaqları yoluxdurub çoxala bildiyi aşkar edildi. Tədqiqatda molekulyar biologiyanın ən vacib yeniliklərindən olan süni orqan modelləri istifadə edildi.
COVID19 xəstələri xüsusən tənəffüs orqanları ilə bağlı əlamətlər göstərirlər. Bunlar öskürək, nəfəs almaqda çətinlik və qoxu hissinin itməsi kimi əlamətlərdir. SARS-CoV-2 %90-a çatan nisbətdə öskürək və asqırma zamanı yaranan tənəffüs damcıları ilə yayılır. Xəstələrin 3-də birində ürəkbulanma və ishal kimi qastrointestinal, yəni mədə-bağırsaq sistemi ilə bağlı əlamətlər müşahidə olunur. Bundan başqa, xəstələrdə tənəffüs sistemi əlamətləri düzəldikdən sonra virus uzun müddət qeyri-aktiv formada nəcisdə aşkarlana bilir. Bu məlumatlar virusun tənəffüs damcılarından başqa təmas yolu ilə də yayıla bildiyini göstərir.
Tənəffüs və qastrointestinal sistemlərin orqanları fərqli görünsə də, müəyyən oxşarlıqları var. COVID-19 xəstəliyini törədən SARS-CoV-2 virusunun hüceyrələrə daxil ola bildiyi ACE2 reseptorunun olması burada həlledicidir. Bununla belə, indiyədək bağırsaq hüceyrələrinin həqiqətən yoluxub-yoluxmayacağı və virus hissəcikləri istehsal edib-etməyəcəyi (replikasiya) məlum deyildi.
Tədqiqatçılar SARS- CoV-2-nin bağırsaq hüceyrələrini yoluxdurub-yoluxdurmadığını araşdırmaq üçün süni bağırsaq sistemi orqan modellərindən istifadə ediblər. Orqanoid kimi də tanınan süni orqanlarla insan bədənindəki orqanların iş sistemləri oxşar şəkildə modelləşdirilə bilir. Süni bağırsaq modellərinə SARS- CoV-2 virusu əlavə ediləndə virusun sürətlə çoxaldığı görüldü. Elektron mikroskopu ilə bağırsaq hüceyrələrinin quruluşu görüntülənərək virusun bu hüceyrələri yoluxdurma qabiliyyəti araşdırıldı.

Yuxarıda, SARS-CoV-2 ilə yoluxmuş bağırsaq orqanoidlərinin elektron mikroskop görüntüsü. Mavi və yaşıl rənglər orqanoid quruluşlarını göstərir. Ağ rənglə SARS-CoV-2 göstərilib.
Eyni zamanda bağırsaq hüceyrələrinin virusa cavab mexanizmləri RNA sekvensləmə üsulu ilə araşdırılıb. Bu üsul hüceyrələrdə virusa qarşı hansı genin aktivləşdiyini göstərir. İnterferonla əlaqəli genlərin aktivləşdiyi görüldü. İnterferonla əlaqəli genlər virus infeksiyalarına qarşı immun cavabın yaranmasında iştirak edir.
Tədqiqatçılar orqanoidləri SARS-CoV-2-nin hüceyrələrə daxil ola bildiyi ACE2 reseptörünün daha yüksək və daha aşağı səviyyələrinə malik hüceyrələrlə böyütdülər. Təəccüblüdür ki, virusun ACE2 reseptörünün həm yüksək, həm də aşağı səviyyələrində hüceyrələri yoluxdurduğunu gördülər. Nəticədə bu tədqiqatlar virusun hüceyrələrimizə girişini əngəlləməyin yeni yollarına gətirə bilər.
Bəs bu tədqiqat bizim üçün nə deməkdir?
- SARS-CoV-2-nin qastrointestinal sistemdə çoxala bildiyi aşkar edilib.
- Bu tədqiqat COVID-19 testlərində yalnız burun və boğaz yaxmaları ilə məhdudlaşmayaraq daha əhatəli təhlillər üçün nəcis nümunələrinin də istifadə edilə biləcəyini nəzərdə tutur.
- SARS-CoV-2-nin biologiyası və yayılma prinsipi baxımından mühüm tədqiqatdır.
KORONAVİRUS HAQQINDA BÜTÜN YAZILARIMIZ
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.