3-cü mərhələ dəri xərçəngi melanomanın müalicəsi üçün pembrolizumab FDA təsdiqi aldı

15 fevral 2019-da ABŞ Qida və Dərman İdarəsi (FDA), limfa düyünü tutulması müsbət olan dəri xərçəngi bədxassəli melanomalı xəstələr üçün şişin əməliyyatla tam çıxarılmasından sonra adyuvant müalicə kimi bir immunoterapiya dərmanı olan pembrolizumabı (Keytruda) təsdiqlədi.
Təsdiq şişi əməliyyatla tam çıxarılmış mərhələ IIIA (> 1 mm limfa düyünü metastazı), IIIB və ya IIIC melanomalı 1019 xəstəni əhatə edən EORTC1325 / KEYNOTE-054 adlı klinik araşdırmaların nəticələri ilə alındı. Selikli qişa və ya okulyar (göz) melanomalı xəstələr araşdırmaya daxil deyildi. Xəstələr təsadüfi (1:1 nisbətində) iki qola ayrıldı və bir qrup hər üç həftədən bir 200 mg pembrolizumab, digər qrup isə plasebo aldı. Müalicənin xəstəlik təkrarlananadək və ya qəbuledilməz toksiklik (yan təsir) yarananadək 1 ilə qədər davam etməsi planlaşdırıldı.
Araşdırmaların ölçmək istədiyi birincili sonlanım nöqtəsi, residivsiz (təkrarsız) sağqalım (relaps free survival, RFS) idi.
Pembrolizumab alan xəstələrin %26sında, plasebo alanların isə %43ündə residiv baş verdi və bu fərq olduqca əhəmiyyətli hesab edildi. Şişin PD-L1 müsbətliyindən asılı olmayaraq plasebo ilə müqayisədə pembrolizumab üçün residivsiz (təkrarsız) sağqalım faydası müşahidə edildi. Median residivsiz sağqalım müddəti plasebo qolunda 20.4 ay ikən, pembrolizumab alan xəstələrin yarısından çoxunda hələ residiv olmadığına görə median RFS müddətinə çatılmadı. Xəstələrin % 76-sı 6 ay və ya daha uzun müddət pembrolizumab aldı.
Xəstələrin % 14-ündə yan təsirlər səbəbindən pembrolizumab dayandırıldı. Pembrolizumab ilə müalicə edilən xəstələrin ən azı % 10-unda bildirilən ən çox görülən yan təsirlər ishal, qaşınma, ürəkbulanma, oynaq ağrısı, hipotireoz (qalxanabənzər vəzi hormonu çatışmazlığı), öskürək, səpgi, asteniya (gücsüzlük, zəiflik), qripəbənzər xəstəlik, çəki itkisi və hipertireoz (qalxanabənzər vəzi hormonu artıqlığı) idi.
Melanomanın adyuvant müalicəsi üçün tövsiyə olunan pembrolizumab dozası, maksimum 1 il ərzində, xəstəlik təkrarlananadək və ya qəbuledilməz yan təsir yarananadək hər 3 həftədən bir 30 dəqiqədə IV infuziya ilə tətbiq edilən 200 mg-dır.
Mənbələr
fda.gov - 15 February 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.