8 maddədə uşaqlıq xərçəngini anlamaq

1. Uşaqlıq xərçəngi nədir?
Uşaqlıqda xərçəngli şişin olmasıdır. Xərçəng çox vaxt uşaqlığın daxili toxuması, yəni endometrium adlandırılan nahiyədə müşahidə olunur, lakin bəzən əzələlərdə də ola bilər. Uşaqlıq orqanının tibbi adı uterusdur. Buna görə "uşaqlıq xərçəngi", "uterus xərçəngi" və "endometrium xərçəngi" çox vaxt eyni tibbi vəziyyəti ifadə etmək üçün istifadə olunur. ABŞ xərçəng statistikasına görə hər il təxminən 50.000 qadın uşaqlıq xərçəngi diaqnozu alır. Menopauzadan sonra qadınlarda bu risk artır.
2. Uşaqlıq xərçəngi irsidirmi?
İrsi amillər də bu xərçəngə meylinizi əhəmiyyətli dərəcədə təsir edən amillər arasındadır. Məsələn, irsi pozuntu olan Lynch sindromubəzi xərçəng növlərinin riskini artırır. Qadınlarda bu, ən çox uşaqlıq xərçəngi riskini artırır. Lakin irsi probleminizin olması mütləq xərçəngə tutulacağınız demək deyil. Belə halda həkiminiz sizi daha yaxından izləyir və erkən diaqnostika ilə erkən müalicə ala bilərsiniz.
3. Uşaqlıq xərçənginin əlamətləri nələrdir?
Menstruasiya dövrlərindən kənarda və ya menopauzadan sonra qırmızı, çəhrayı və ya ağ rəngli axıntınız varsa, müayinə olunmalısınız. Olmamalı vaxtda müşahidə olunan hər hansı qanaxma uşaqlıq xərçəngi və ya başqa sağlamlıq probleminin işarəsi ola bilər. Nadir hallarda bəzi qadınlarda normal vəziyyət kimi də rast gəlinə bilər. Buna həkiminiz qərar verə bilər. Həmçinin qasıqda ağrı, istənilməyən çəki itkisi, cinsi əlaqə zamanı ağrı, sidiyə çıxarkən çətinlik və ya ağrı kimi şikayətləriniz olarsa, həkiminizə görünməlisiniz.
4. Uşaqlıq xərçəngi necə diaqnoz edilir?
Həkiminiz ultrasəs ilə xaricdən və ya kiçik kamera ilə vaginanın içindən müayinə edə bilər. Həkiminiz xərçəng olub-olmadığını mikroskopda araşdırmaq üçün uşaqlığınızdan kiçik toxuma parçası götürür; bu prosedura biopsiya deyilir. Dəqiq xərçəng diaqnozu biopsiya ilə götürülən parçanın patoloji laboratoriyada araşdırılması ilə qoyula bilər.
5. Uşaqlıq xərçəngi necə müalicə edilir?
Diaqnoz qoyulan xəstəyə həkimi uşaqlığın hamısının və ya bir hissəsinin əməliyyatla çıxarılmasını tövsiyə edə bilər. Digər müalicə üsulları arasında radioterapiya, hormon müalicəsi və ya hədəfə yönəlmiş müalicə üsullarından həkiminizin uyğun gördüyü tətbiq olunur.
6. Uşaqlıq xərçəngi cinsi həyata təsir edirmi?
Müalicə prosesi və sonrakı dövr cinsi həyatınıza mənfi təsir edə bilər. Məsələn, vaginal quruluq kimi şikayətləriniz ola və ya hormon müalicəsi cinsi istəyinizi azalda bilər. Əməliyyatdan sonra bəzi qadınlar isə artıq ağrıları qalmadığı üçün cinsi həyatlarının müsbət dəyişdiyini bildirmişlər.
7. Hamiləlik
Gənc qadınlarda da rast gəlinsə də, qadınların əksəriyyətində uşaqlıq xərçəngi menopauzadan sonra müşahidə olunur. Müalicədən sonra hamiləlik düşünürsünüzsə, müalicəyə başlamazdan əvvəl həkiminizlə danışın. Radioterapiya, əməliyyat və hormon müalicələri mayalanmaya təsir edə biləcəyindən, bəlkə yumurtalarınızın saxlanması lazım gələ bilər.
8. Uşaqlıq xərçənginin qarşısı alına bilərmi?
Uşaqlıq xərçəngində erkən diaqnostika məqsədilə skrininq aparılması mübahisəli mövzudur; bununla belə, menopauzaya keçid dövründə qadınlar uşaqlıq xərçəngi haqqında məlumatlandırılmalı və menopauza dövründə gözlənilməz qanaxma və ya ləkələnmə olduqda həkimə müraciət etməlidirlər. Müntəzəm müayinə və analizləriniz aparılarsa, xəstəlik erkən aşkarlanaraq müalicə şansı artır. İrsiyyət və yaş kimi amillər uşaqlıq xərçənginə tutulma ehtimalınızı artıra bilər. Lakin qorunmaq üçün edə biləcəkləriniz var: sağlam qidalanaraq ideal çəkidə qalmaq və çoxlu fiziki məşq etmək.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.