ChatGPT xərçəng xəstələrini maraqlandıran suallara düzgün və qənaətbəxş cavab verirmi?

Bu məqalədə
Xərçəng diaqnozu qoyulmuş şəxslər üçün məlumat əldə etmək müalicə zamanı narahatlıqlarını azaltmaq və düzgün qərarlar vermək baxımından son dərəcə vacibdir. Həmçinin bir çox xərçəng xəstəsi və yaxınına görə diaqnozdan sonrakı ən böyük ehtiyaclardan biri xəstəlik haqqında məlumat almaqdır. Lakin internet kimi geniş mənbələr toplusunda düzgün məlumat tapmaq çətin ola və yanlış istiqamətləndirə bilər.
GPT ilə dəyişən dünya
Son 2 ildə ChatGPT kimi böyük dil modellərindən istifadə edən yeni nəsil süni intellekt dəstəkli çatbotlar bu problemi həll etməyə və xəstələrin ehtiyac duyduqları məlumatı sürətlə əldə etməsinə kömək etməyə çalışır. Bəs süni intellekt ciddi sağlamlıq problemləri barədə verilən suallara nə dərəcədə düzgün cavab verir?
Dr. Jharna Patel və komandası Ginekoloji Onkologiya Cəmiyyətinin 2024-cü il Qadın Xərçəngləri Toplantısı zamanı (Society of Gynecologic Oncology’s (SGO) 2024 Annual Meeting on Women’s Cancer) süni intellekt əsaslı çatbot ChatGPT-nin (versiya 3.4) ginekoloji xərçənglərə dair tez-tez verilən genetik məsləhət suallarını düzgün və qənaətbəxş cavablandıra bildiyini göstərib.
Bu tədqiqat süni intellektin xərçəng xəstələrinin narahatlığını azaltmaq və onları məlumatlandırmaq potensialını vurğulayır.
İnsanların rəqəmsal dünyada paylaşdıqları ilə öyrədilən süni intellekt
ChatGPT-nin öncüllük etdiyi böyük dil modelləri milyardlarla insanın internetdəki məzmunlarda sözləri necə işlətdiyinə baxaraq hər hansı cümlənin növbəti sözü üçün yüksək ehtimallı variantları proqnozlaşdıra bilir. ChatGPT kimi generativ süni intellekt çatbotları isə növbəti sözü proqnozlaşdırmaq sayəsində suallara təbii dildə cavablar yarada və mürəkkəb mətnlərin aydın xülasələrini hazırlaya bilir.
Tədqiqatın baş müəllifi, Nyu-York Universitetinin (NYU) Langone Health mərkəzində ginekoloji onkologiya mütəxəssisi Dr. Jharna M. Patel təqdimatda bunları deyib:
"Məlumatlarımız göstərir ki, bu alət xəstələrin narahatlığını azaltmaq və onları məlumatlandırmaq üçün tez-tez verilən suallara cavab vermək potensialına malikdir. Xəstələrə xərçəngləri barədə məlumat verməyə kömək edə bilməsi üçün alətə ginekoloji onkoloqlar tərəfindən daha çox məlumat daxil edilməlidir."
Süni intellekt cavablarının qiymətləndirilməsi
Tədqiqatçılar GPT-nin imkanlarını araşdırmaq üçün genetik testlər və genetik sindromlara dair məsləhət kimi xəstələrin tez-tez verdiyi, peşəkar cəmiyyətlərin qaydalarına uyğun 40 sual seçmək məqsədilə ginekoloji onkoloqlarla məsləhətləşiblər.
Seçilmiş suallar ChatGPT-yə verildikdən sonra çatbotun cavabları tədqiqatda iştirak edən ginekoloji onkoloqlar tərəfindən 1–4 ballıq şkala ilə qiymətləndirilib. Ballar aşağıdakıları ifadə edib:
- 1 bal: Düzgün və əhatəli
- 2 bal: Düzgün, lakin əhatəli deyil
- 3 bal: Qismən düzgün, qismən yanlış
- 4 bal: Tamamilə yanlış
Hər balı alan cavabların nisbəti ümumilikdə və hər sual kateqoriyası üzrə hesablanıb.
Qiymətləndirmənin nəticəsinə görə cavabların nisbəti belə olub:
- Düzgün və əhatəli cavablar üçün 82,5% (n=33)
- Düzgün, lakin əhatəli olmayan cavablar üçün 15% (n=6)
- Qismən yanlış cavablar üçün 2,5% (n=1)
- Tamamilə yanlış cavablar üçün 0%
Genetik məsləhət sualları kateqoriyası ChatGPT-nin yaratdığı həm düzgün, həm də əhatəli cavabların ən yüksək nisbətinə malik olub. Çatbot 20 sualın hamısında 100% dəqiqlik göstərib. Həmçinin ChatGPT müəyyən genetik pozğunluqlarla bağlı suallara cavab verərkən də eyni dərəcədə yaxşı nəticə göstərib. Məsələn, ginekoloji onkoloqlar bəzi xərçənglərin yaranmasına təkan verdiyi məlum olan BRCA1 və ya BRCA2 gen mutasiyaları barədə cavabların 88,2%-sinin (n = 15/17) düzgün və tam olduğunu bildiriblər; Lynch sindromunda isə cavabların 66,6%-sının (n = 2/3) düzgün olduğunu müəyyən ediblər.
Yekun
GPT kimi yeni nəsil süni intellekt alətlərini daha çox məlumatla öyrətməyə davam etməklə və daha yaxşı suallar verməyi öyrənməklə bu nəticələrin daha da yaxşılaşacağı gözlənilir. İnformatika mütəxəssislərinin məqsədi alət hazır olduqda onu klinikada, əlbəttə ki, tibb mütəxəssislərinə kömək üçün tətbiq etməkdir.
Yekun olaraq, süni intellekt dəstəkli çatbotlar xərçəng xəstələrinin məlumat əldə etməsini asanlaşdıraraq müalicə proseslərini yaxşılaşdıra və narahatlıqlarını azalda bilər. Lakin bu alətlərin daha da təkmilləşdirilməsi və tibb mütəxəssisləri ilə əməkdaşlıq şəraitində istifadə olunması lazımdır.
Əlaqəli mövzu: Onkologiyada süni intellekt – Hazırda nə edilir və gələcəkdə bizi nələr gözləyir?
Mənbələr
2. Jharma M. Patel et al. (2024). ChatGPT accurately performs genetic counseling for gynecologic cancers. Society of Gynecologic Oncology’s 2024 Annual Meeting on Women’s Cancer.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.