COVID-19 dövründə xəstəxana CEO-su olmaq

Bir CEO-nun qələmindən pandemiya; iz qoyan müşahidələr, strateji planlaşdırma, çətin prosesin ağıl, ürək və əməkdaşlıqla idarə edilməsinin hekayəsi... Gəlin, bu hekayəni Memorial Sağlamlıq Qrupunun CEO-su hörmətli Uğur Gençin bizim üçün hazırladığı yazıdan oxuyaq:
Bəşəriyyətin pandemiya ilə mübarizəsi davam edir. Keçmiş əsrlərdə taun, vəba, tif epidemiyaları; bu əsrdə isə meningit, qızılca, qrip, SARS, MERS və Ebola... Tibb dünyası virusların surətdən-surətə girən, yox olduğu düşünüldüyü anda əvvəlkindən güclü ortaya çıxan və hər dəfə daha amansız kimliyə bürünən üzlərinə şahid olur.
2019-cu ildə Çinin Uhan şəhərində yaranan və bütün dünyanı dağıdıcı təsirlə bürüyən COVID-19 pandemiyası da tibbi bilik və texnologiyaların ən yüksək səviyyədə olduğu 21-ci əsrdə bəşəriyyəti böyük sınaqla üzləşdirdi.
Maraqlananlar bilir, elmi-fantastik romanlardakı «qara utopiya» anlayışı bəzilərimizə xəyaldan artıq görünməsə də, təəssüf ki, təsvir edilənlər bu gün gerçək ssenariyə çevrilə bilir. İndi də belə oldu. Dünya yaşayış şəraiti necə olursa olsun, fərq qoymadan hər kəsi xəstələndirən virusun varlığını yalnız yayılmağa başlayanda anladı. Xəstəlik pandemiyaya çevriləndə o böhran mühitində təhlükəni qabaqcadan görən, lazımi tədbirləri erkən görən, strategiyalarını daim yeniləyən, hadisələri yaxından izləyərək cəsarətli qərarlar verən liderlər həm ölkələri, həm də idarə etdikləri qurumlar üçün xaosu nizama çevirə bildilər və biləcəklər. Mən də bacardığım qədər bu prinsiplərdən ayrılmadan ölkəmizin, xəstələrimizin və Memorial Sağlamlıq Qrupunun prosesdən ən az zərərlə çıxması üçün komanda yoldaşlarımla var gücümlə çalışıram.
Nobel mükafatlı portuqaliyalı yazıçı Jose Saramago insanları ağ işığa salaraq kor edən pandemiyanı təsvir etdiyi «Korluq» adlı metaforunda «Baxa bilirsənsə, gör. Görə bilirsənsə, fərqinə var.» deyir. Böhranlar baxmaq və görmək, prosesi dərk edərək lazımi tədbirləri almaq, yaşananlardan dərs çıxarmaq, yeni dünya düzənində qarşılaşılacaq fərqli risklərdə eyni səhvləri etməmək barədə insanlara və əlbəttə, liderlərə yeni baxışlar qazandırır... Liderliyin gətirdiyi məsuliyyətlə böhran prosesləri məhz bu nöqtədə ayrıca əhəmiyyət daşıyır.
Cəsarət böhrana qarşı ən mühüm silahınızdır. Dünyaca məşhur yazıçı Ursula K. Le Guinin hər hərfi ilə cəsarət sözünə məna verən «Ruhumuzu qoymadığımız heç nə işləmir; təhlükəni gözə almadığımız heç nə təhlükəsiz deyil» sözü də bunun ən gözəl nümunələrindəndir... Cəsarətli deyilsinizsə, qətiyyətli və cəsarətli addım atmırsınızsa, bu dövrlərdə verilən bütün qərarların riskini nəzərə alıb keçmiş təcrübədən yararlanmırsınızsa, hadisələrə sakit və təmkinlə yanaşmırsınızsa, əsl liderin məsuliyyətini yerinə yetirmirsiniz. Hər liderin özünəməxsus və həqiqi davranışı ilə nümayiş etdirdiyi ritorik ifadələr var... İlk olmaq, qabaqcıl olmaq kimi... Memorial Sağlamlıq Qrupu olaraq bizim çıxış nöqtəmiz həmişə cəsarət olub! İlk növbədə əməkdaşlarımızın, ailələrinin və xəstələrimizin təhlükəsizliyi üçün ruhumuzu qoyaraq bu mübarizəyə qatıldıq və davam edirik.
Bütün səhiyyə işçiləri bizim qəhrəmanımızdır
COVID-19 ilə mübarizəmizi ön cəbhədə çalışan bütün səhiyyə işçilərinə arxa cəbhədən verdiyimiz dəstəklə birlikdə qazanacağıq. Qurumumuzun yeganə prioritetiən başından bəri əməkdaşlarımızı, ailələrini, xəstələrimizi və yaxınlarını virusdan qorumaq olub. Bütün tədbirlərimizi proaktiv yanaşmalarla bu istiqamətdə gördük və görürük. Fövqəladə hallar və sürətlə dəyişən dinamikanın olduğu böhran dövrlərində prosesi hərtərəfli qiymətləndirən, ehtiyaclara cavab verən, vaxt itirmədən lazımi işləri görən komanda lazımdır. Əvvəlcə bütün tibbi və inzibati proseslər üçün böhran qərargahı yaradaraq işlərin hər sahədə düzgün getməsini təmin etdik. Vəziyyəti duyaraq və dünyadakı yenilikləri yaxından izləyərək mümkün ssenarilərdəki rolumuzu müəyyən etdik və çox əvvəldən hazırlaşdıq.
Böhranın hələ ölkəmizə çatmadığı, lakin dünyanı təsirinə almağa başladığı yanvarın əvvəlində infeksion xəstəliklər mütəxəssislərimizin köməyi, «İnfeksiyaya Nəzarət Komitələrimizin» dəstəyi ilə Dünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin təlimatlarına uyğun bütün lazımi tədbirləri görməyə başladıq. Yaratdığımız böhran qərargahı ilə pandemiya prosesinə dair proqnozlarımızı təhlil etdik və istiqamətimizi buna əsasən müəyyənləşdirdik.
Əməkdaşlarımızın və xəstələrimizin sağlamlığı və təhlükəsizliyi üçün gördüyümüz bəzi tədbirlər:
- Xəstəxanalarımızdakı bütün səhiyyə işçilərinin davamlı təlimlərinə əlavə olaraq böhrandan əvvəl «infeksiyaya nəzarət qaydaları» çərçivəsində verilən təlimlər təkrarlandı.
- Xəstəxanalarımızın «təmiz» qalması üçün xaricdən xəstə qəbulu erkən dayandırıldı.
- Təcili yardımda COVID-19 şübhəsi ilə gələn xəstələrimiz üçün ayrıca sahə yaratdıq. Müraciət edənlərin əvvəlcə hərarəti ölçüldü. Hərarət, öskürək, təngnəfəslik kimi şikayətlər soruşulduqdan sonra yüksək hərarəti olanlar, COVID-19 aşkar edilən və ya şübhəli şəxslər xüsusi müayinələr üçün ayrılmış sahəyə, başqa xəstəlik qrupu düşünülürsə, müvafiq sahəyə yönləndirilir.
- Xəstəxanaya giriş qapılarımızın sayı məhdudlaşdırıldı.
- COVID-19 müsbət və mənfi stasionar xəstələrin mərtəbələri, müdaxilə sahələri, əməliyyat və intensiv terapiya otaqları, bu bölmələrə gedən yollar ayrıldı.
- Xəstə ziyarətləri qadağan edildi. Stasionar mərtəbələr, intensiv terapiya və palliativ qulluq şöbələri daxil bütün bölmələrə ziyarətçi qəbulu dayandırıldı. Müşayiətçi sayı məhdudlaşdırıldı. Stasionar xəstələrə sabit və «tək» müşayiətçinin qalması təmin edildi.
- Bu bölmələrdə çalışan heyət də fərqli qruplara ayrıldı və iş sahələri sabitləşdirildi. Bir-biri ilə təmas edə biləcəkləri ümumi sahələrin olmamasına diqqət edildi.
- Bütün səhiyyə işçilərimizin və heyətimizin uyğun avadanlıq və geyimlə xidmət göstərməsi təmin edildi.
- COVID-19-dan sonra «infeksiyaya nəzarət qaydaları» çərçivəsində başlanmış daha tez-tez rutin dezinfeksiya tədbirlərindən əlavə hər xəstədən sonra hər alət, cihaz və xəstənin toxuna biləcəyi hər səth yenidən dezinfeksiya edildi.
- Xəstəxana girişində əməkdaşların və xəstələrin hərarətini ölçən tibb bacıları təyin edildi. Yüksək hərarəti aşkar olunanlar müəyyən tibbi sahələrə yönləndirilir.
- Öskürək, hərarət və təngnəfəslik, eləcə də xariclə təması olan, riskli və şübhəli sayılan hallar digər xəstələrimizlə təması önləyən ayrıca tibbi sahələrə təcrid olunaraq yönləndirilir.
- Pediatriya poliklinikalarımızda sağlam və xəstə uşaqların bölmələri ayrıldı.
- Əməkdaşlarımız xəstələrlə sosial ünsiyyətdə 1,5 metr «qoruma məsafəsi» saxlayır. Gözləmə sahələrindəki stullar və kreslolar mümkün qədər bir-birindən uzaqlaşdırıldı.
- Yoluxma riskini minimuma endirmək üçün xəstəxanadakı jurnal, qəzet, broşür, menyu kimi bütün çap materialları infeksiya qaydalarına əsasən yığışdırıldı. Uşaq oyun sahələri də bağlandı.
- Xəstəxanalarımızda infeksiya tədbirləri və gigiyena tətbiqləri çərçivəsində poliklinikalar, gözləmə sahələri, dəhlizlər, liftlər, tualetlər, ibadət yerləri kimi sahələr müntəzəm dezinfeksiya edilir.
- Əl gigiyenası üçün ümumi sahələrdə əl dezinfektantları artırıldı.
- Bütün əməkdaşlarımızın sağlamlığı yaxından izlənir və lazımi tədbirləri görmələri üçün mütəmadi məlumat verilir.
- Təmizlik heyətimiz infeksiya qrupları tərəfindən gigiyena qaydaları və təmizlik zamanı birdəfəlik əlcək istifadəsinə əməl etmək barədə məlumatlandırılır. Buna uyğun olaraq otaqlarda və gözləmə sahələrində mebel, televizor pultu, əlil arabası, xərək, qapı, xalça və tekstil məhsulları kimi bütün ümumi istifadə avadanlıqları uyğun vasitələrlə daha tez-tez təmizlənir.
- Təcili yardım avtomobilləri, servis və minik vasitələrinin müvafiq şirkətlər tərəfindən dezinfeksiyası təmin edilir.
Səhiyyə qurumu olaraq təcili yardım, poliklinika xidmətləri, cərrahiyyə mərkəzləri və bütün bölmələrimizlə hər ixtisas üzrə diaqnostika və müalicəni davam etdiririk. İctimai sağlamlıq şüuru ilə xəstələrimizə SAĞLAMLIQ EHTİYACLARINIZI TƏXİRƏ SALMAYIN! deyirik. Xəstəxanaya getmək qorxusuna görə vaxtında müdaxilə edilməyən, xüsusən təxirə salınması mümkün olmayan xəstəliklərin ciddi sağlamlıq problemlərinə gətirə biləcəyi barədə xəbərdarlıq edərək, COVID-19-a qarşı bütün lazımi tədbirlərin alındığını, xəstələrin bütün sağlamlıq ehtiyacları üçün hər ixtisasda təhlükəsiz şəkildə, ayrılmış sahə və bloklarda xidmətin davam etdiyini bütün kanallardan bildiririk.
Böhranın ilk anından xəstələrimizə təhlükəsiz tibbi xidmət göstərmək və yanlarında olduğumuzu nümayiş etdirmək üçün həyata keçirdiyimiz «Memorial e-Doktor» tətbiqini də davam etdiririk. Bununla xəstələrimizin ehtiyac duyduğu tibbi xidmətə evdən də çatmasını təmin edirik. Xəstələr istədikləri ixtisasdakı həkimlə smartfon vasitəsilə görüntülü danışa bilirlər. Evdə qulluq xidmətlərimizlə də hər cür sağlamlıq problemi üçün mütəxəssis həkim müayinəsi, tibb bacısı xidməti, laboratoriya və radiologiya müayinələri daxil bir çox xidməti lazım olduqda evdə və ya iş yerində göstərə bilirik. Körpələrin rutin izləmə və peyvəndlərinin axsamaması üçün mütəxəssis həkim və tibb bacılarımızla evdə qiymətləndirmə aparırıq.
Böhran dövrlərində liderlərin düzgün qərarları ilə yanaşı, bu qərarları komandaları ilə uyğunluq və əməkdaşlıq içində gündəlik strategiyalarla dəyişən şərtlərə uyğunlaşdırması da çox vacibdir. Eyni qərarlarda israr etməmək, hadisələri yaxından izləmək, prosesi çox yaxşı qiymətləndirib yenilənmiş və lazım gəldikdə ani strategiyalarla qurumu yeniləmək hədəflərin əsas çərçivəsi olmalıdır. Memorial olaraq cəsarət və qətiyyətlə atdığımız hər addımın başda səhiyyə işçilərimiz olmaqla bütün xəstələr və yaxınları üçün önəmini bilərək məsuliyyətlə hərəkət edirik.
Böhrana əvvəlcədən hazırlaşmaq uğurun çox mühüm hissəsidir. Nələrin baş verəcəyini düzgün təxmin etmək və buna uyğun mövqe tutmaq böhrandakı uğurun açarıdır... Yalnız erkən irəliləməklə həm qurumlarda, həm ölkədə fərqindəlik yarada bilərsiniz. Buna görə böhranlarda liderlərin rolu çox vacibdir... Düzgün və cəsarətli qərarlar, bunları həyata keçirəcək güclü komandalar və ani addımlarla bu prosesdən uğurla çıxmağımıza heç bir maneə yoxdur.
Bütün bunları edərkən empatiyanı mərkəzdə saxlamağın çox vacib olduğunu düşünürəm
Türkiyə səhiyyə sektorunda 20-ci ilini tamamlayan Memorial Sağlamlıq Qrupunun xəstəsinə ən çox önəm verən qurum kimi anılması bizi həmişə qürurlandırır. Bu prosesdə həmin təsəvvürü daha da gücləndirdiyimizi düşünürəm. Bütün bu zəhmət və uğurların altında eyni ortaq hisslər dayanır. Daim dediyim prinsipim var: «Xəstələrimiz bizim anamız-atamız, bacı-qardaşımızdır». Bu çətin dövrdə də həmişə bunu düşünərək, özümüzü onların yerinə qoyaraq bütün addımlarımızı atdıq.
Memorial Sağlamlıq Qrupu 5 böyük şəhərdə 11 böyük xəstəxana, 3 tibb və 1 wellness mərkəzi ilə xidmət göstərir. Biz 7 min nəfərlik böyük ailəyik. Koronavirus pandemiyasında həm xəstəxanalarda, həm inzibati tərəfdə olmaqla 2 cəbhədə mübarizə aparırıq. Bu çətin yolda bütün ailə üzvlərinin böyük mənzərəni, əslində orijinal tablonu görməsi çox vacibdir. İdarəçilikdə həmişə şəffaflığa inanmışam. Şəffaflığın əsası səmimi və açıq ünsiyyətdir. Məsələn, Memorial Sağlamlıq Qrupunun bütün əməkdaşlarına COVID-19 ölkəmizdə görünməzdən əvvəlki tarixlərdən bəri müntəzəm məlumat veririk. Qurum daxilində daim bir-birimizdən güc almaq, bir-birimizi inkişaf etdirmək üçün İnsan Resursları Direktorluğunun işi çərçivəsində təlimlər, onlayn söhbətlər təşkil edirik. Özümün də həvəslə iştirak etdiyi çox effektiv layihə aparırıq.

«CEO ilə virtual söhbət» layihəsində bütün məkanlarımızdakı komanda yoldaşlarının maraqlandığı sualları cavablandırıram, gündəm və gələcək barədə qarşılıqlı qiymətləndirmə aparırıq. Səmimi və «Birlikdə bacaracağıq» mesajlı bu söhbətlər, inanın, çox xoşdur və hamımıza yaxşı təsir edir.
Hamımız bilirik ki, bu proses sonsuz davam etməyəcək və yaxın zamanda normallaşmaya doğru sürətlə irəliləyəcəyik. Ölkə olaraq tutduğumuz sabit mövqe yeni dünya düzənində bizə çox müsbət qazanc gətirəcək. Addımlarımızı daim yeniləyib hər dövrə uyğunlaşdırmaq, hər gün açıqlanan cədvəldəki itkilərimizə alışmamaq, tək bir canın hər şeydən qiymətli olduğunu bilmək və normallaşmanı yeni strategiyalarla qarşılamaq lazımdır. Bunun üçün çox çalışırıq.
Geriyə baxanda «Yeni normal» düzənimizdə səhiyyə işçilərinin fədakarlığını, tanımadıqları insanların canını qurtarmaq üçün öz həyatlarını necə heçə saydıqlarını, sevdiklərindən ayrı, insana həsrolunma hissi ilə gecə-gündüz anlayışını aradan qaldıran fədakarlıqlarını xatırlayacağıq. Bunları heç unutmayacağam.
Nazım Hikmətin misralarındakı kimi...
...ağ xalatınla bir laboratoriyada
insanlar üçün ölə biləcəksən,
özü də üzünü belə görmədiyin insanlar üçün,
özü də heç kəs səni buna məcbur etməmişkən,
özü də ən gözəl, ən həqiqi şeyin yaşamaq olduğunu bildiyin halda.
...Tutaq ki, ağır əməliyyatlıq xəstəyik,
yəni ağ masadan
bir daha qalxmamaq ehtimalı da var.
Bir az erkən getməyin kədərini duymamaq mümkün olmasa da
biz yenə danışılan Bəktaşi lətifəsinə güləcəyik,
hava yağışlıdırmı deyə pəncərədən baxacağıq,
yaxud səbirsizliklə gözləyəcəyik
ən son agentlik xəbərlərini...
İnsanın mərkəzdə olduğu daha gözəl sabahlarda görüşmək arzusu ilə... Sağlam qalın.
Uğur Genç, Memorial Sağlamlıq Qrupu, CEO
COVID-19 pandemiyasında ictimai sağlamlığı, xəstələrini, xüsusilə səhiyyə işçilərini qorumaq üçün Memorial Sağlamlıq Qrupu əlindən gələn hər şeyi etdi. Bütün səhiyyə işçiləri adından Memorial Sağlamlıq Qrupunun CEO-su hörmətli Uğur Gençə və bütün rəhbərlərimizə ürəkdolusu təşəkkürlər.
- Əlaqəli mövzu: Koronavirus epidemiyasına dövlətlərin reaksiyası və GƏLƏCƏK SSENARİLƏRİ
- KORONAVİRUS HAQQINDA BÜTÜN YAZILARIMIZ
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.