Dəri xərçəngləri (bazal hüceyrəli və yastı hüceyrəli) ilə mübarizədə yeni müalicə seçimi: B3 vitamini

Dünyada ən geniş yayılmış xərçəng növü dəri xərçəngidir. Bu xərçəngin ən mühüm stimullaşdırıcısı da günəşə və ultrabənövşəyi şüalara yüksək məruzqalmadır. Buna görə dəri xərçəngindən qorunmada ilk müdafiə günəş işığının bu zərərli təsirini minimuma endirməkdir. Bununla yanaşı, aparılan tədqiqatlar yeni silaha malik olduğumuzu göstərmişdir: B3 vitamini.
Avstraliyanın Sidney şəhərində 2012 və 2014 illərində B3 vitamininin bu təsirini qiymətləndirən tədqiqatlar aparılmışdır. Son 5 ildə ən az iki tip melanoma olmayan dəri xərçəngi (bazal hüceyrəli və yastı hüceyrəli dəri xərçəngləri) diaqnozu qoyulmuş 386 iştirakçı təsadüfi iki qrupa ayrılmışdır. Bu xəstə qruplarına 12 ay ərzində, bir qrupa B3 vitamini (nikotinamid) verilərkən digər qrupa plasebo (tərkibində təsiredici maddə olmayan saxta dərman) müalicəsi tətbiq edilmişdir. On iki ayın sonunda melanoma olmayan dəri xərçəngində dəyişmə nisbətləri araşdırılmışdır. Bu xərçəng növləri ayrı-ayrı araşdırıldıqda B3 vitamini ilə müalicə edilən qrupda bazal hüceyrəli dəri xərçəngində %20, yastı hüceyrəli dəri xərçəngində %30, aktinik keratozda (ultrabənövşəyi radiasiyaya məruzqalma nəticəsində dəridə anormal dəri hüceyrələrinin inkişafı) %13 nisbətində azalma müşahidə edilmişdir. B3 vitamini bu təsirini DNA təmirini artırmaq və ultrabənövşəyi radiasiyanın immun sistemini basdırıcı təsirinin qarşısını almaq yolu ilə həyata keçirir.
Amerika Onkologiya Cəmiyyətinin (ASCO) 2015 illik toplantısında tədqiqatlarının nəticələrini təqdim edən komanda bu nəticəyə gəlmişdir: aparılan tədqiqatlarda melanoma olmayan xərçəng nisbətləri müntəzəm B3 vitamini istifadə edən xəstələrdə əhəmiyyətli azalmışdır. Lakin vitamin istifadəsi müntəzəm olmayan və ya arabir kəsilən xəstələrdə eyni təsir müşahidə olunmamışdır.
Nəticə etibarilə; bu tədqiqatda dəri xərçənginin təkrarının qarşısını almaq üçün B3 vitamininin müntəzəm istifadədə təsirli silah olduğu görülmüşdür. Sadə və ucuz müalicə olması baxımından da olduqca üstünlüklüdür. Lakin bu tədqiqatlar xəstə şəxslərdə aparıldığından xəstə olmayanlara təsiri hələ məlum deyil. Xəstə olmayan şəxslərdə də dəri xərçənginin inkişaf riskini azalda biləcəyi nəzərdə tutulsa da, qəti məlumat yoxdur.
Bu tədqiqatdan yola çıxılaraq ümumi vitamin istifadəsinə istinad edilməməli, həm xərçəngli xəstələrdə müalicə məqsədilə, həm də xərçəngdən qorunmaq üçün vitamin istifadəsi həkim tövsiyəsi olmadan təşviq edilməməlidir.
Mənbə
Mənbələr
https://meetinglibrary.asco.org/content/149209-156
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.