Divertikulyar xəstəlik çoxsaylı xərçəng növlərinin riskinin artması ilə əlaqələndirildi

Divertikulyar xəstəliyi olan şəxslərdə ağciyər, prostat, süd vəzi, hematoloji, kolon-rektum, mədə, qaraciyər və pankreas xərçəngi riskinin artdığı aşkar edilib.
Qeyd: Divertikulyar xəstəlik və divertikulit, yoğun bağırsaqda (kolonda) yaranan hallardır. Divertikulyar xəstəlikdə bağırsağın daxili qişasında kiçik çıxıntılar və ya ciblər (divertikullar) yaranır. Divertikulit isə bu ciblərin iltihablandığı və ya infeksiyalaşdığı vəziyyətdir. Bu baxımdan divertikulyar xəstəlik daha geniş anlayışdır və daha çox yayılmışdır.

Journal of the National Cancer Institute jurnalında 6 oktyabr 2022-ci ildə dərc edilmiş səhiyyə məlumat bazasının araşdırılmasına görə divertikulyar xəstəliyi olan xəstələrdə bir sıra xərçəng növlərinin yaranma ehtimalı ümumi əhali ilə müqayisədə daha yüksəkdir.
Tədqiqatçılar divertikulyar xəstəlik və kolon-rektum xərçəngi diaqnozu qoyulmuş 76 min xəstənin İsveç reyestrlərindəki tibbi qeydlərinə əsaslanan tədqiqat apardılar. Həmçinin ümumi əhalidən uyğunlaşdırılmış 313 min şəxsin və divertikulyar xəstəliyi olan xəstələrin qardaş-bacısı olan 61 min nəfərin məlumatlarını qiymətləndirdilər.
Median 6 illik izləmədə hər hansı xərçəngin rastgəlmə tezliyi divertikulyar xəstəlik qrupunda ümumi əhalidən daha yüksək idi:
- divertikulyar xəstəliyi olanlarda hər 1000 şəxs-ilə 24,5 xərçəng və
- ümumi əhalidə hər 1000 şəxs-ilə 18,1 xərçəng.
Çoxdəyişənli analizdə divertikulyar xəstəliyi olan xəstələrdə ümumi əhali ilə müqayisədə xərçəng riskində 33% artım var idi.
Xərçəng riski izləmənin ilk ilində ən yüksək idi: 2,27 dəfə. Lakin risk 5 il sonra da əhəmiyyətli dərəcədə yüksək qaldı: 18% daha çox. Risk artımı qadınlar və kişilər arasında oxşar idi.
Divertikulyar xəstəliyi olan xəstələrdə aşağıdakılar da daxil olmaqla bir neçə xərçəng növünün riski artmışdı:
- Bütün solid şişlərdə (orqandan qaynaqlanan xərçənglərdə) 33% risk artımı
- Hematoloji xərçənglər 34%
- Qaraciyər xərçəngi 72%
- Pankreas xərçəngi 62%
- Ağciyər xərçəngi 50%
- Kolon və rektum xərçəngi 42%
- Limfomalar 24%
- Mədə xərçəngi 18%
- Süd vəzi xərçəngi 17%
- Prostat xərçəngi 13%
Divertikulyar xəstəliyi olan xəstələr xəstəliyi olmayan qardaş-bacıları ilə müqayisədə daha yüksək xərçəng riskinə malik idi. Xərçəngin rastgəlmə tezliyi (hər 1000 şəxs-ilə) divertikulyar xəstəlik qrupunda 19,2, qardaş-bacı qrupunda isə 14,4 idi; bu, 26% risk artımına uyğun gəlir.
Nəticə etibarilə kolon və rektum xərçəngi olan divertikulyar xəstəlikli xəstələrdə ümumi xərçəng riski daha yüksəkdir. Divertikulyar xəstəliyin ümumi əhali arasında geniş yayıldığını nəzərə aldıqda bu nəticələr divertikulyar xəstəliyi olanlarda xərçəng barədə məlumatlılığın və həyat tərzi dəyişiklikləri kimi profilaktik strategiyaların zəruriliyini vurğulayır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.