DNA-nı təbii zədələrdən qoruyan mexanizm kəşf edildi

Xərçəngin əsas səbəbi DNA zədələridir. Siqaret və ultrabənövşəyi şüalar DNA-ya ciddi zərər verərək ağciyər və ya dəri xərçənginə səbəb olur. Bu zədələr ətraf mühit amilləri ilə bağlı olduğuna görə bu riskləri asanlıqla azalda bilərik. Lakin hüceyrənin öz fəaliyyətindən qaynaqlanan DNA zədələrindən necə qoruna biləcəyimiz bilinmirdi. Zədə yarandıqdan sonra DNA-nın necə bərpa edildiyinə dair məlumatımız isə vardı (baxın Prof. Dr. Aziz Sancarın işləri). Hüceyrələrimiz çoxalarkən qız hüceyrələrə DNA-nı bərabər paylamaq üçün DNA-nın surətinin çıxarılmasını həyata keçirir. Bu proses zamanı DNA-da müəyyən zədələr yaranır. Bu zədələrin əksəriyyətinin qarşısını almaq olmur və onlar həyat tərzindən asılı deyil. Bu çərçivədə fevral 2019-da Nature Cell Biologydə dərc olunan araşdırmada hüceyrələri təbii DNA zədələrindən qoruyan yeni mexanizm kəşf edildi. Bu inkişaf təsirli xərçəng müalicələrinin hazırlanmasına imkan verə bilər.
Araşdırma Danimarkadakı Kopenhagen Universitetində aparılıb. Araşdırmada müəyyən ixtisaslaşmış zülalların zədələnmiş DNA-nı necə əhatəyə aldığı və bərpa edilənədək qoruduğu kəşf edildi. Bu vəziyyət dəqiq sistem və zamanlama ilə həyata keçirilir. Eyni araşdırma qrupu 2011-ci ildə DNA replikasiyasından qaynaqlanan irsi DNA zədələrinin ixtisaslaşmış orqanoidlərdə qorunduğunu kəşf etmişdi. Bu orqanoidlərə 53BP1 nüvə strukturları adı verilmişdi.
Bu araşdırmada isə, 53BP1 xüsusi molekullarla işarələnərək ilk dəfə zədələnmiş DNA nəsillər boyunca izlənildi və bütün mexanizm aydınlaşdırıldı. Qız hüceyrələr bu irsi DNA zədələrini 53B11 nüvə strukturları ilə izləyərək bərpa etməyə çalışır. Eyni zamanda bu bərpa sisteminin ən mühüm molekulunun RAD52 adlı şişi basqılayan zülal olduğu kəşf edilib.
Bəs bu araşdırma bizə nə ifadə edir?
- Təbii DNA zədələrinə qarşı qoruyucu mexanizm kəşf edildi.
- Bu kəşf yeni nəsil xərçəng müalicələrinin hazırlanmasına töhfə verə bilər. Əksər xərçəng dərmanları sürətlə çoxalan xərçəng hüceyrələrində DNA zədəsini hədəfləyir. DNA zədəsinin bərpasının zamanlamasını və mexanizmini anlamaq daha az yan təsirli müalicələrə yol aça bilər.
Mənbələr
53BP1 nuclear bodies enforce replication timing at under-replicated DNA to limit heritable DNA damage.
Nature Cell Biology, 25 February 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.