Döş xərçənginə cərrahi baxışın sonu gəlirmi?

Döş xərçəngi sistemli xəstəlikdir, bununla belə xəstələrin əksəriyyətinə “lokallaşmış” dediyimiz erkən mərhələlərdə diaqnoz qoyulur (mərhələ I-dən mərhələ III-ə qədər). Döş xərçənginin sistemli olması şiş hələ 1-2 cm ikən fərq edilsə belə xərçəng hüceyrələrinin şişin ətrafına, qoltuqaltı limfa düyünlərinə və ya sistemli olaraq mikroskopik ölçüdə yayılma potensialını ifadə edir. Makroskopik (görünən) ölçülü şişlər on milyonlarla xərçəng hüceyrəsi ehtiva edərkən, mikroskopik (gözlə görünməyən) şiş yığımları on minlərdən milyonlara qədər xərçəng hüceyrəsi ehtiva edə bilər. Döş xərçənginin mikroskopik yayılma potensialı isə bu amillərdən asılıdır: yaş, şişin ölçüsü, limfa düyünü metastazının olub-olmaması, şişin genetik xüsusiyyətləri, dərəcəsi (grade), hormon reseptoru vəziyyəti, HER2 vəziyyəti.
“Mastektomiya” və “Qismən mastektomiya” terminlərinin dəyişdirilməsi
Əməliyyatla döş toxumasının götürülməsini ifadə edən mastektomiya və parsial (qismən) mastektomiya terminləri döş xərçənginin cərrahi hədəfini və əsas biologiyasını düzgün əks etdirmir və bu uyğunsuzluq tez-tez xəstələr arasında çaşqınlıq yaradır. Mastektomiya və parsial mastektomiya terminlərinə cərrahi məqsədi aydınlaşdırmaq, xəstənin məlumatlılığını, uyğunluğunu və qavrayışını artırmaq üçün makroskopik debulking ifadəsi əlavə edilməlidir. Debulking cərrahiyyəsi şiş həcmini azaldan əməliyyatı ifadə edir.
Döşün əməliyyatla çıxarıldığı cərrahi prosedur olan “mastektomiya” ilk dəfə 1882-də Dr. William Halsted tərəfindən aydın təsvir və tətbiq edilib (baxın döş xərçənginin tarixi). Daha sonra başqa mastektomiya növləri qəbul edilib. Bu gün ən çox tətbiq olunan mastektomiya növü şişin ətrafındakı normal döş toxuması ilə birlikdə çıxarıldığı, lumpektomiya da adlandırılan parsial mastektomiyadır və bu əməliyyatlar ümumilikdə döşqoruyucu cərrahiyyə çərçivəsində qiymətləndirilir.
Artıq döş xərçənginin yaş, şişin ölçüsü, limfa düyünü metastazı, şişin genetik xüsusiyyətləri, dərəcəsi, hormon reseptoru və HER2 vəziyyəti kimi klinikopatoloji amillərdən asılı olaraq müxtəlif dərəcələrdə mikroskopik yayılma potensialı daşıyan sistemli xəstəlik olduğunu bilirik. Başqa sözlə, mastektomiya və ya lumpektomiya aparıldıqda xərçəngin regional və ya sistemli olaraq mikroskopik səviyyədə qalması üçün ciddi ehtimal var. Bu ehtimalı azaltmaq üçün neoadyuvant (əməliyyatdan əvvəl kiçildici) və adyuvant (əməliyyatdan sonra qoruyucu) müalicələr döş xərçəngində tez-tez tətbiq olunur. Döş xərçəngində adyuvant müalicələrdən radioterapiya lumpektomiyadan sonra qalan mikrometastatik yığımları məhv etmək üçün nəzərdə tutulub. Həmçinin adyuvant kimyaterapiya və hormonal müalicə, sistemli yayılmış mikrometastatik xəstəliyə qarşı nəzərdə tutulub.
Mastektomiya və parsial mastektomiya terminləri onilliklərdir yenilənməyib və müasir tətbiqi əks etdirmək üçün “makroskopik debulking mastektomiya” və “makroskopik debulking qismən mastektomiya” adlandırılmalıdır. Əlavə olunan “makroskopik debulking” sifəti gözlə görünən (onkoloji görüntüləmə üsulları ilə fərq edilə bilən) əsas şişin makroskopik səviyyədə çıxarılması faktını ifadə edir və bu, hələ də mühüm miqdarda mikroskopik xərçəng hüceyrələrinin qalma ehtimalının olduğunu bildirir.
Əlaqəli mövzu:
Adlandırmadakı bu dəyişiklik xəstələr üçün müalicə planlarını aydınlaşdıra bilər
“Makroskopik debulking” (gözlə görünən şişlərin əməliyyatla çıxarılması) terminini əlavə etmək xəstənin məlumatlılığının artmasına, müalicə planlarının aydınlaşmasına və bəlkə də müalicələrə uyğunluğun artmasına gətirəcək. Çünki təkbaşına mastektomiya və ya qismən mastektomiya termini istifadə edildikdə sanki döş xərçəngi hüceyrələri bədəndən tam təmizlənibmiş kimi təəssürat yaranır. Bir çox xəstənin tez-tez verdiyi sual budur: “Şişim çıxarılıbsa, niyə adyuvant kimyaterapiyaya, hormon müalicəsinə, şüa müalicəsinə ehtiyacım var?” Xəstələrə döş xərçənginin mikroskopik yayılma potensialı olan sistemli xəstəlik olduğu və əməliyyatdan sonra başqa adyuvant müalicələrə ehtiyacları ola biləcəyi barədə məlumat verilməlidir. Həmçinin xəstələr yaşdan, xəstəliyin mərhələsindən, dərəcəsindən, reseptor vəziyyətindən və genomik amillərdən asılı olaraq mikroskopik xəstəlik yayılmasının müxtəlif ehtimallarının olması barədə məlumatlandırılmalıdırlar.
İki nümunə
Məsələn, döşündə 6 cm şiş və eyni tərəf qoltuqaltı limfa düyünlərində tutulma olan (patoloji mərhələ T3N1), estrogen reseptoru-mənfi, progesteron reseptoru-mənfi, HER2 reseptoru-mənfi (yəni üçlü neqativ) döş xərçəngli xəstənin qoltuqaltı limfa düyününün çıxarılması və makroskopik debulking lumpektomiyadan sonra mütləq radioterapiyaya və kimyaterapiyaya ehtiyacı var. Alternativ nümunə olaraq 7 mm şişi olan, lakin qoltuqaltı limfa düyünü tutulması və ya uzaq metastazı olmayan (patoloji T1bN0M0), estrogen reseptoru-mənfi, progesteron reseptoru-mənfi, HER2-müsbət döş xərçəngli xəstə makroskopik debulking mastektomiyadan sonra əvvəldən mövcud olma potensialı olan mikrometastatik xəstəliyin qarşısını almaq üçün adyuvant anti-HER2 müalicəni 1 ilə qədər almalıdır.
Əlaqəli mövzu:
Döş xərçəngi cərrahiyyəsinə baxışın dəyişməsinin digər faydaları
Xəstələri makroskopik debulking barədə məlumatlandırmaq həkimlərin adyuvant kimyaterapiya, hormonal müalicə və radioterapiyanın arxasındakı məntiqi izah etməyə sərf etdikləri vaxta qənaət edə bilər. Poliklinika ziyarətlərindən əvvəl xəstələrə maarifləndirici vərəqələr verilə və ya xəstələr makroskopik debulking və sistemli xərçəngin müxtəlif üsullarla aradan qaldırılması anlayışlarını izah edən nüfuzlu tədris saytlarına yönləndirilə bilər. Xəstələr döş xərçənginin mikroskopik yayıla bilən sistemli xəstəlik olduğunu qavrayıb əməliyyatın ümumilikdə bütün xərçəngi tam aradan qaldırmaya biləcəyini anlasalar, gözləntiləri və bəlkə də adyuvant müalicələrə uyğunluqları yaxşılaşar. Nəhayət, “makroskopik debulking” anlayışı yalnız döş xərçəngi üçün deyil, bir çox başqa xərçəng üçün də keçərlidir (məsələn, yumurtalıq xərçəngi).
Mənbələr
Breast Cancer Surgical Terminology Should Be Updated to Reflect Modern Medical Practice
ascopost.com - 10 February 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.