Xərçəngdə istifadə olunan görüntüləmə (radiologiya) testləri hansılardır?

Bu məqalədə
Bədənin şəkillərini çəkmək, problemləri aşkar etmək və nə olduqlarını anlamaq üçün görüntüləmə testlərindən istifadə edirik. Bu testlər xərçəngi axtarmaq, nə qədər yayıldığını və müalicənin işləyib-işləmədiyini görmək üçün ən mühüm vasitəmizdir.
Görüntüləmə testləri nədir?
Görüntüləmə testi həkimlərin bədəninizdə baş verənləri görməsi üçün istifadə olunan üsuldur. Bu testlər bədəninizə enerji formaları (rentgen şüaları, səs dalğaları, radioaktiv hissəciklər və ya maqnit sahələri kimi) göndərir. Fərqli toxumalar bu enerji növlərinə fərqli reaksiya verir; beləliklə sərhədləri seçilən anatomik görüntülər yaranır və ya toxumadakı anormal quruluş (məsələn, şiş) görünən olur.
Onkologiyada görüntüləmə testləri nə üçün istifadə edilir?
Görüntüləmə testləri xərçəngdə çoxsaylı səbəblərlə istifadə edilir:
- Hələ heç bir əlamət verməmiş erkən mərhələlərdə xərçəng axtarmaq üçün. Buna erkən diaqnoz və ya xərçəng skrininqi testləri deyilə bilər.
- Şikayəti və ya xərçəng əlamətləri olan şəxsdə şiş axtarmaq üçün. Buna ilkin şişin axtarışı deyirik. Həmçinin şikayətlərin xərçəngdən, yoxsa başqa xəstəlikdən yarandığına qərar verməyə kömək edə bilərlər.
- Bəzən şişin xərçəng olma ehtimalını proqnozlaşdırmağa kömək edə bilərlər. Bu, səhiyyə mütəxəssislərinin biopsiyanın lazım olub-olmadığına qərar verməsinə kömək edə bilər (biopsiyada şübhəli toxumadan kiçik nümunə götürülüb mikroskop altında araşdırılır). Dəyişikliyin xərçəng olduğuna əmin olmaq üçün demək olar ki, həmişə biopsiya lazımdır.
- Şişin harada olduğunu, hətta bədənin dərinliyində də göstərə bilərlər. Biopsiya lazımdırsa, bu kömək edir.
- Xərçəngin mərhələsini tapmağa kömək edə bilərlər (yayılıb-yayılmadığını və / və ya nə qədər yayıldığını).
- Radioterapiyada şüanın haraya fokuslanmasını göstərmək və müalicəni planlaşdırmaq üçün.
- Şişin müalicə ilə kiçildiyini, eyni qaldığını və ya müalicədən sonra böyüdüyünü göstərə bilərlər. Bu, onkologiya komandasına müalicənin nə qədər yaxşı işlədiyi barədə fikir verir.
- Müalicədən sonra xərçəngin təkrarlanıb-təkrarlanmadığını (residiv) tapmağa kömək edə bilərlər.
-Əlaqəli mövzu: Biopsiya nədir, növləri, kimlərə və necə aparılır?
Görüntüləmə testləri xərçəng diaqnozu və müalicəsinin yalnız hissəsidir. Tam xərçəng araşdırmasına tibbi anamneziniz (şikayətlər və risk amilləri), fiziki müayinə, qan analizləri və digər laboratoriya testləri də daxildir.
Xərçəng müalicəsindən əvvəl, yəni diaqnoz zamanı sonradan istifadə üçün ətraflı görüntüləmələr istənilir. Bu görüntülər daha sonra müalicə zamanı dəyişiklikləri izləmək üçün istifadə olunur.
Görüntüləmə testləri mükəmməl deyil
Görüntüləmə testləri xərçəng müalicəsində ən mühüm köməkçilərimizdəndir, lakin məhdudiyyətləri vardır. Məsələn, çox vaxt təkbaşına dəyişikliyin xərçəngdən yaranıb-yaranmadığını qəti göstərə bilmirlər.
Görüntüləmə testləri xərçəngi yalnız şiş müəyyən ölçüyə çatdıqdan sonra göstərə bilir. Radioloji üsullarla görünmək üçün şişlər təxminən 5 millimetr olmalıdır və 5 millimetrlik şişdə demək olar ki, milyon xərçəng hüceyrəsi vardır. Tək xərçəng hüceyrəsini göstərən görüntüləmə üsulu hələ yoxdur; bu, xərçəng təbabətinin ən mühüm araşdırma sahələrindəndir (PSMA-PET kimi nüvə müayinələri və maye biopsiyalar bu məqsədlə sınanır). Testlərdə şiş görünməsə də, müalicənin davamının səbəbi məhz bu görünməyən xərçəng hüceyrələridir (adyuvant müalicə).
Görüntüləmə testlərini kim edir və kim şərh edir?
Həkim, radiologiya texniki və ya başqa sertifikatlı səhiyyə mütəxəssisi görüntüləmə testi edə bilər. Test xəstəxana, özəl klinika, görüntüləmə mərkəzi və ya həkim kabinetində aparıla bilər. Böyük tibb mərkəzlərində adətən radiologiya və ya nüvə təbabəti bölməsində aparılır.
Radioloq və nüvə təbabəti mütəxəssisi görüntüləmə texnikalarında ixtisaslaşmış həkimlərdir; həm çəkilişi idarə edir, həm testdəki görüntüləri şərh edirlər. Tapıntılar barədə hesabat yazıb həkiminizə göndərirlər. Hesabatın surəti sağlamlıq qeydlərinizin hissəsinə çevriləcəkdir. Digər həkimləriniz (onkoloqlar, cərrahlar və s.) də görüntülərə baxa bilər.
Görüntüləmə testlərinin növləri
Fərqli testlər fərqli orqanları yaxşı göstərir. Həkimlər hansı orqanda şişdən şübhələnirlərsə, uyğun radioloji üsulu seçirlər.
- Kompüter tomoqrafiyası (BT): Rentgen şüaları istifadə edilir. Ağciyərləri və qarındaxili orqanları yaxşı göstərir.
- Maqnit rezonans görüntüləmə (MRG): Elektromaqnit sahəsi və radiotezlik dalğaları istifadə edilir. Beyin, qaraciyər, süd vəzi, sümük, baş-boyun və aşağı qarın nahiyəsi şişlərində seçilir.
- Mammoqrafiya: Rentgen şüaları istifadə edilir. Süd vəzi xərçəngi skrininqi.
- Nüvə təbabəti müayinələri (məsələn, PET-BT, PET-MRG): Radioaktiv hissəciklər istifadə edilir və yaranan nüvə müayinəsi görüntüsü kompüter tomoqrafiyası və ya maqnit rezonans görüntüsü ilə birləşdirilə bilər. Bədənin hər yerindəki orqan şişlərini görüntüləmək üçün istifadə edilir (PET-BT beyin və qaraciyərdə zəifdir).
- Ultrasəs (USG): Səs dalğaları istifadə edilir. Süd vəzi, qaraciyər, qarındaxili orqanlar və baş-boyun nahiyəsində səthi şişlərdə. Həmçinin biopsiyalar tez-tez USG nəzarətində aparılır.
Aşağıda xərçəng diaqnozu, mərhələləndirilməsi və müalicə cavabını qiymətləndirməkdə ən çox istifadə etdiyimiz PET-BT görüntüləmə vasitəsi barədə məlumat əldə edə bilərsiniz.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.