Elektron siqaretlər ağciyər xəstəliyinə necə səbəb olur?

Tənəffüs yolu xəstəlikləri bütün dünyada xəstələnmənin və xəstəliklə bağlı ölümlərin əsas səbəblərindən biridir. Siqaret çəkmək isə bu gün tənəffüs yolu xəstəliklərinin yaranmasının ən mühüm səbəbidir. Bu məlumatlarla yanaşı, tütün məhsullarında olduğu kimi elektron siqaretlər də istifadəçiləri nikotin, ultra incə hissəciklər və digər toksik, yəni zəhərli komponentlərin təsirinə məruz qoyur. Ağciyərlərə toksik təsir göstərən bəzi maddələr, o cümlədən propilenqlikol, diasetil (kərə yağı aromatı), sinnamaldehid (darçın aromatı), benzaldehid (gilas aromatı) və metallar elektron siqaretlərdə adi siqaretlərə nisbətən daha yüksək səviyyədədir. Siqaret və elektron siqaret mövzusunda aparıcı adlardan olan Stanton A. Glantzın daxil olduğu komandanın 2019-cu ilin dekabrında dərc olunan məqaləsində heyvan tədqiqatlarının nəticələrinə toxunulub və insanlara dair müşahidə məlumatları təqdim edilib. Buna əsasən elektron siqaretlərin immun cavabı zəiflədərkən ağciyərlərdə iltihabi reaksiyaları və oksidləşdirici stresi artırdığı aşkar edilib. Oksidləşdirici stress hüceyrə metabolizmi zamanı yaranan hidroksil radikalı, superoksid radikalı və hidrogenperoksid kimi reaktiv oksigen növlərinin (ROS) artması və onları zərərsizləşdirən mexanizmlərin yetərsiz qalması nəticəsində oksidləşmə tarazlığının pozulması kimi müəyyən edilir. Elektron siqaret kartriclərinin mayelərindəki propilenqlikol və qliserinin qarşılıqlı təsirindən yaranan akroleinintəkrar-təkrar təsirinə məruz qalmaq ağciyər toxumalarında iltihaba, müdafiənin azalmasına, neytrofillərin aktivləşməsinə, artıq selik istehsalına və ağciyər toxumasının zədələnməsinə səbəb olur. Bütün bunlar xroniki obstruktiv ağciyər xəstəliyinə (KOAH) də səbəb olan mexanizmlərdir. Siçanlarda göstərildiyi kimi, elektron siqaret təsiri virus və bakteriya mənşəli infeksiyalara qarşı ağciyər toxumasının müdafiə sistemini zəiflədir. Bu eksperimental nəticələrə uyğun olaraq elektron siqaret istifadəçilərinin burun boşluqlarında immunitetlə bağlı genlərin ifadəsinin, adi siqaret çəkənlərlə müqayisədə də daha çox olmaqla, əngəlləndiyi göstərilib. Tənəffüs yollarımızda doğuşdan immun müdafiəmizi təmin edən bəzi zülallar var və elektron siqaretlər adi siqaretlərə bənzər şəkildə bu müdafiə zülallarının profilinə mənfi təsir göstərir. Bioloji baxımdan uyğun nəticələr verən tədqiqatlar elektron siqaretlərin uşaqlarda və böyüklərdə tənəffüs yolu xəstəlikləri, yəni emfizema, xroniki bronxit və KOAH ilə əlaqəli olduğunu göstərir.
Tədqiqatın diqqətçəkən məqamları
• Bu tədqiqat elektron siqaret istifadəsi ilə tənəffüs yolu xəstəliyi arasındakı əlaqənin əhali əsaslı ilk geniş təhlilidir və elektron siqaret istifadəsinin tənəffüs yolu xəstəliklərinin inkişaf ehtimalını artırdığını göstərir.
• Elektron siqaret istifadəsindən doğan risklər adi siqaretlərdən qaynaqlanan risklərdən asılı deyil və adi siqaret risklərinə əlavə olaraq yaranır.
• Nəticələr heyvan və insan tədqiqatlarının birlikdə qiymətləndirilməsi ilə əldə edilib.
• Elektron siqaret istifadəsi emfizema, xroniki bronxit və KOAH ilə əlaqəlidir və bu xəstəliklərin yaranma ehtimalını artırır.
• Tədqiqatın eninə kəsiyin qiymətləndirilməsi əvəzinə uzununa aparılması daha güclü nəticələrin əldə olunmasına imkan verib.
• Tədqiqatın başqa bir güclü tərəfi elektron siqaretlər bazara çıxdıqdan illər sonra yaranan tənəffüs yolu xəstəliklərinin diaqnozundan 1 il sonra yenidən qiymətləndirilmə aparılaraq diaqnozlar haqqında məlumat toplanmasıdır.
Nəticə etibarilə elektron siqaret istifadəsi bütün tütün məhsullarına əlavə olaraq və onlardan asılı olmadan tənəffüs yolu xəstəlikləri riskini artırır. Siqaret də daxil olmaqla bütün tütün məhsullarını tərgidib elektron siqaretə keçmək nəzəri olaraq tənəffüs yolu xəstəliklərinin inkişaf riskini azalda bilər kimi görünsə də, siqaretə əlavə elektron siqaret istifadəsinin geniş yayılması da nəzərə alındıqda mövcud sübutlar artan xəstəlik riski ilə bunun tam əksini göstərir. Tədqiqat müəlliflərinin vurğuladığı son cümlə isə “elektron siqaret tövsiyə edilməməlidir” olub.
Mənbələr
Association of E-Cigarette Use With Respiratory Disease Among Adults: A Longitudinal Analysis
American Journal of Preventive Medicine, 16 December 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.