Gənc Hanser xəstələrində fertilliyin müzakirəsi niyə unudulur?!

Xərçəngli gənc yetkinlərin üzləşdiyi fertillik problemlərinin xəstə sənədlərində yetərincə qeyd edilmədiyi, müalicədən əvvəl xəstələrlə bu mövzunun müzakirəsinin və onların fertillik mərkəzinə yönləndirilməsinin nəzərdən qaçdığı Milli Hərtərəfli Xərçəng Şəbəkəsinin (NCCN) 2020 Virtual İllik Konfransında bir posterdə təqdim edildi.
Xərçəng müalicələri, xüsusən kimyaterapiya, həyat keyfiyyətinə mənfi təsir edən hallardan biri olan sonsuzluğa (infertilliyə) səbəb ola bilər. Xüsusilə uşaq sahibi olmağı düşünən gənc yetkin qadın və kişi xərçəng xəstələrinə təsir edən bu sahədəki tədqiqatlarda mühüm irəliləyiş əldə edilib. Tibbi onkoloq kimi fertilliyin qorunması xərçəngin diaqnostika və müalicə prosesində ən çox önəm verdiyim və erkən mərhələli hər gənc xərçəng xəstəsi ilə apardığım söhbətdir. Bu mövzuda hətta bir xəstəni də nəzərdən qaçırmamağa çalışırıq... Bu sahənin dünya üzrə qabaqcıl adlarından biri türk alimi Dr. Kutluk Oktaydır (baxın: Kutluk Oktayın süd vəzi xərçəngi xəstələrində fertilliyin qorunması tədqiqatları).
Yazımızın mövzusu olan tədqiqatda alimlər xərçəngli gənc yetkinlərlə fertilliyin qorunması barədə söhbət aparılıb-aparılmadığını müəyyən etmək üçün 218 xəstə arasında sorğu keçirdilər. İştirakçıların median, yəni ortanca yaşı 37 idi; ən gənc iştirakçı 18, ən yaşlısı 45 yaşında idi. Xərçənglər arasında müxtəlif solid, yəni orqan şişləri və hematoloji, yəni qan və sümük iliyindən qaynaqlanan xərçənglər vardı, bəzi xəstələrə isə kök hüceyrə transplantasiyası edilmişdi. Tədqiqatçılar həmçinin səhiyyə xidməti göstərənlərin fertilliyin qorunması üzrə məsləhət barədə bilik və təcrübələrini araşdırdılar.
Sorğunun nəticələri fertillik məsləhətinin müzakirə və sənədləşdirilməsinin xəstələrin % 50-dən azında baş verdiyini göstərdi. Xərçəng müalicəsinə başlamazdan əvvəl fertilliyin qorunması barədə söhbət aparılmamasının əsas səbəbləri / bəhanələri
- müalicəyə başlamağın təcililiyi və
- ümumi xərclər idi.
Bildirilən əlavə maneələr
- müxtəlif fertilliyi qoruma seçimləri haqqında məlumat azlığı,
- bu tətbiqlərin bəzi xərçəng mərkəzlərinin standart yanaşmalarına daxil olmaması,
- aydın olmayan yönləndirmə təlimatları və
- səhiyyə xidməti göstərənlərin rollarının aydın olmaması idi; geri ödəniş çətinlikləri kimi.
Hazırda həm Amerika Klinik Onkologiya Cəmiyyətinin, həm də NCCN-nin təlimatları müalicəyə başlamazdan əvvəl xərçəngli bütün yeniyetmə və gənc yetkin xəstələrə fertilliyin qorunması seçimləri barədə məsləhət verilməsini tövsiyə edir.
Tədqiqatçılar multidissiplinar komanda yanaşmasından istifadəni və reproduktiv tibb mütəxəssisləri ilə sıx əməkdaşlığı tövsiyə edirlər. Həmçinin xərçəng xəstələrində fertilliyin qorunması üzrə müasir təcrübələri izləmək vacibdir. Xəstə ilə bu mövzunun müzakirəsini və bu görüşün xəstə epikrizində sənədləşdirilməsini artırmaq üçün digər addımlar mövcud fertilliyi qoruma seçimləri barədə həkimlərin təlimi, aydın və vaxtında müraciət prosesinin hazırlanması, müxtəlif səhiyyə xidməti göstərənlərin rollarının dəqiqləşdirilməsidir.
Mənbələr
Fertility preservation discussion in young adults with cancer: how often are we documenting?
Poster presentation at: NCCN 2020 Virtual Annual Conference; Accessed May 6, 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.