Kosmetika, fərdi qulluq məhsulları və xərçəng riski

Kosmetika və fərdi qulluq məhsulları adətən dəriyə və ya saça tətbiq olunur, lakin tərkibdəki kimyəvi maddələr və əlavələr dəridən sorula bilər. Buna görə bu məhsulların sağlamlıq riski yaradıb-yaratmadığı maraq doğurur. Bəzi kosmetika və / və ya fərdi qulluq məhsulları ilə xərçəng arasında potensial əlaqə araşdırılıb, amma nəticələr qarışıq görünür.
Saç boyası və xərçəng riski
2008 ilində Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) şəxsi saç boyası istifadəsi (daimi, yarımdaimi və təbii boyalar daxil) ilə xərçəng arasında potensial əlaqə üçün epidemioloji (əhali müşahidəsinə əsaslanan) və heyvan məlumatlarını təhlil etdi. IARC saç boyasının şəxsi istifadəsinin insanlarda və təcrübə heyvanlarında kanserogenlik üçün yetərsiz və məhdud sübut təqdim etdiyindən insanlar üçün kanserogen kimi təsnif edilə bilməyəcəyini müəyyən etdi.
O vaxtdan IARC icmalından sonra aparılmış tədqiqatları da əhatə edən bir neçə meta-analiz dərc edilib.
Qeyd: Meta-analiz nədir? Meta-analiz müəyyən mövzuda bir-birindən müstəqil çoxsaylı tədqiqatların nəticələrini birləşdirən və əldə edilən tapıntıları statistik təhlil edən ən geniş tədqiqatlardır. Meta-analiz nəticələri elmi baxımdan ən güclü sübutlardır.
2018 meta-analizi 1980 və 2017 illəri arasında aparılmış, nə vaxtsa saç boyası işlədən qadınlarda süd vəzi xərçəngi riskində mülayim artım tapan 8 hal-nəzarət tədqiqatını əhatə edirdi; xərçəng riski 1.19 dəfə artmışdı.
2019 tarixində dərc edilən böyük prospektiv (gələcəyə yönəlmiş) kohort tədqiqatının təhlili oxşar nəticələr tapdı. Tədqiqat ən azı 1 bacısında süd vəzi xərçəngi olan, lakin qeydiyyat zamanı özündə belə tarixçə olmayan 50.000-dən çox qadını daxil etdi. Telefon müsahibələri, bioloji nümunələr üçün ev ziyarətləri və izləmə sorğuları aparıldı. Saç boyası və ya kimyəvi yumşaldıcı / düzləşdirici ilə xərçəng riski arasında əlaqəni müəyyən etmək üçün tədqiqatçılar Bacı Tədqiqatı iştirakçılarından 46.709 nəfəri daxil etdilər və qeydiyyatdan əvvəlki 12 ayda özlərinin bildirdiyi saç məhsulu istifadəsini qiymətləndirdilər.
Saç məhsullarının istifadə müddəti və ya süd vəzi xərçəngi diaqnozundan əvvəl yığılmış məruzqalma qeyri-müəyyən idi. Hər 5 ilə 8 həftədən bir daimi saç boyası istifadəsi süd vəzi xərçəngi riskində mülayim və statistik əhəmiyyət sərhədində artımla əlaqəli idi (təhlükə nisbəti [HR], 1.09; %95 CI, 1.00-1.19; p = 0.05). Daha tez-tez saç boyayan və düzləşdirici işlədənlərdə risk bir qədər çox idi (təhlükə nisbəti 1,18, % 95 CI, 0,99-1,41; p = 0.02).
İrqə görə təbəqələndikdə saç boyası istifadəsi üçün ən böyük əlaqə qaradərili qadınlarda idi (təhlükə nisbəti 1.45; % 95 CI, 1.10-1.90). Müəlliflər yazdılar: «Daimi saç boyası xüsusilə qaradərili qadınlarda süd vəzi xərçəngi riskini artırır (% 45 qədər). Ümumilikdə nəticələr geniş istifadə edilən saç boyası və düzləşdiricinin süd vəzi kanserogenezində (xərçəng yaranmasında) rol oynaya biləcəyi fərziyyəsini dəstəkləyir.»
Bu məhsulların ağdərili qadınlarda istifadəsi %7 yüksək süd vəzi xərçəngi riski yaratdı (təhlükə nisbəti 1.07; % 95 CI, 0.99-1.16; p = 0.04). Burada da adətən əlaqənin əhəmiyyətli olmadığını bildirən etibar intervalının 1 ilə kəsişdiyini və 1.07 təhlükə nisbətinin çox əhəmiyyətli olmadığını vurğulamaq vacibdir.
Saç boyası istifadəsi ilə sidik kisəsi xərçəngi arasındakı əlaqəni qiymətləndirən tədqiqatların meta-analizlərində artmış risk tapılmayıb.
Dezodorant / tərləmə məhsulları və xərçəng riski
2013 ilində dərc edilmiş 2 hal-nəzarət tədqiqatının meta-analizində müntəzəm dezodorant / antiperspirant istifadəsi ilə süd vəzi xərçəngi riskinin artmadığı tapıldı. Sonra yalnız bir əlavə hal-nəzarət tədqiqatı dərc edildi. Burada dezodorant / antiperspirant istifadəsini xüsusi vurğulamayan təlimli müsahibəçilərlə üzbəüz danışan 209 süd vəzi xərçəngi xəstəsi və 209 sağlam nəzarət iştirak etdi. İştirakçılar tədqiqatın məqsədini bilmirdilər. Çoxdəyişənli təhlildə dezodorant / antiperspirant ilə süd vəzi xərçəngi arasında əlaqə tapılmadı, lakin məhsulları 30 yaşdan əvvəl gündə bir neçə dəfə işlədən qadınlarda risk artmışdı. Bununla belə tədqiqat diaqnozdan əvvəl 5 ilə qədər istifadəni qiymətləndirdi; bu, şişin başlanması və irəliləməsi üçün qeyri-adi qısa müddətdir. Həmçinin bu sorğu iştirakçıları siqaretçəkmə vəziyyətinə görə təbəqələndirməmişdi.
Fərdi qulluq və dəriyə qulluq məhsulları
Bacı Tədqiqatı Qrupunun digər təhlili fərdi qulluq, saç və dəriyə qulluq məhsullarını qiymətləndirdi. Göz kölgəsi, göz qələmi, tuş, tonal krem, makiyaj təmizləyicisi, dırnaq boyası, ətir və pomada kimi gözəllik məhsullarını orta dərəcədə və ya tez-tez işlədən ağdərili qadınlarda nadir işlədənlərə görə süd vəzi xərçəngi riski mülayim artmışdı: orta istifadədə 1.13, tez-tez istifadədə 1.15 dəfə. Həmçinin üz, təmizləmə, yaşlanma və ayaq kremi, bədən və əl losyonu daxil dəriyə qulluq məhsullarını tez-tez işlədən ağdərili qadınlarda mülayim artım oldu (təhlükə nisbəti 1.13; % 95 CI, 1.00-1.29). Talk pudrası, saç spreyi, saç geli, pomada, şampun, saç kremi və düzləşdirici kimi saç məhsulları ilə süd vəzi xərçəngi arasında əlaqə yox idi. Qaradərili qadınlarda heç bir fərdi və ya dəriyə qulluq məhsulu istifadəsi ilə risk arasında əlaqə yox idi; lakin statistik gücü məhdudlaşdıran az sayda xərçəng halı vardı.
Nəticələr digər prospektiv kohorta, əhaliyə əsaslanan Norveçli Qadınlar və Xərçəng kohortuna oxşar idi. Tədqiqata müntəzəm izləmə sorğularını tamamlayan, əl kremi, üz kremi və bədən losyonu kimi təsvir edilən dəriyə qulluq məhsullarının təsirini və estrogen reseptoru (ER) müsbət və ya mənfi süd vəzi xərçəngi və endometrium (uşaqlıq) xərçəngi riskini qiymətləndirən 106.978 qadın daxil edildi. Nəticədə tez-tez və az istifadə müqayisəsində dəriyə qulluq məhsulları ilə premenopauzal (menopauzadan əvvəl) və ya postmenopauzal (menopauzadan sonra) süd vəzi xərçəngi (ER ekspressiyasından asılı olmayaraq) və ya endometrium xərçənginin yaranması arasında əlaqə yox idi.
Mənbələr
2. Gera R, Mokbel R, Igor I, Mokbel K. Does the use of hair dyes increase the risk of developing breast cancer? A meta-analysis and review of the literature. Anticancer Res. 2018.
3. Sandler DP, Hodgson ME, Deming-Halverson SL, et al. The Sister Study cohort: baseline methods and participant characteristics. Environ Health Perspect. 2017.
4. Eberle CE, Sandler DP, Taylor KW, White AJ. Hair dye and chemical straightener use and breast cancer risk in a large US population of black and white women. Int J Cancer. Epub 2019 Dec 3.
5. Towle Km, Grespin ME, Monnot AD. Personal use of hair dyes and risk of leukemia: a systematic literature review and meta-analysis. Cancer Med. 2017.
6. Turati F, Pelucchi C, Galeone C, Decarli A, La Vecchia C. Personal hair dye use and bladder cancer: a meta-analysis. Ann Epidemiol. 2014.
7. Hardefeldt PJ, Edirimanne S, Eslichk GD. Deodorant use and breast cancer risk. Epidemiol. 2013.
8. Linhart C, Talasz H, Morandi EM, et al. Use of underarm cosmetic products in relation to risk of breast cancer: a case-control study. EBioMedicine. 2017.
9. Taylor KW, Troester MA, Herring AH, et al. Associations between personal care product use patterns and breast cancer risk among white and black women in the Sister Study. Environ Health Perspect. 2018.
10. Rylander C, Veierød MB, Weiderpass E, Lund E, Sandanger TM. Use of skincare products and risk of cancer of the breast and endometrium: a prospective cohort study. Environ Health. 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.