Ölüm sayı artdıqca İsveçin koronavirusla mübarizə planı tənqid yağışına tutuldu

İsveçin Göteborq Universitetinin epidemiologiya professoru Bo Lundback «Rəsmilər və hökumət epidemiyanın İsveçə heç çatmayacağına axmaqcasına inandılar», dedi.
İsveçin yeni koronavirusu məhdud saxlamaq üçün daha yumşaq yanaşması Avropadan və dünyanın bir çox ölkəsindən fərqlənir, ölüm göstəriciləri isə Skandinaviya qonşularından xeyli yüksəkdir.
23 aprel cümə axşamı etibarilə İsveçdə 16.755 təsdiqlənmiş COVID-19 halı və ümumilikdə 2.021 ölüm var. Bu rəqəmlər daha sərt məhdudlaşdırma tədbirləri tətbiq edən qonşuları Finlandiya, Danimarka və Norveçdən çox yüksəkdir.

Skandinaviya qonşularından və Avropanın əksər hissəsindən fərqli olaraq İsveç fövqəladə qapanma əmrləri vermədi.
Əvəzində 50-dən çox şəxsin toplaşmasını qadağan etmək və yaşlılara qulluq mərkəzlərinə ziyarətləri dayandırmaq kimi daha mülayim tədbirlərlə yanaşı vətəndaşları fərdi məsuliyyət götürməyə və sosial təmasdan qaçma qaydalarına əməl etməyə çağırdı.
Beynəlxalq marağa və daxili müzakirələrə baxmayaraq hökumət İctimai Səhiyyə Qurumlarının tövsiyələri ilə yoluna davam etdi. İsveçin COVID-19 epidemiyasına qarşı milli tədbiri herd immunity (sürü immuniteti) oldu. Başlanğıcda Birləşmiş Krallıq da oxşar üsulu qəbul etmişdi, lakin İngiltərədə yoluxma və ölümün çox sürətli artması ilə bu səhiyyə siyasətindən imtina etdi; buna baxmayaraq səhiyyə sistemi tıxandı və dünyada ölüm göstəricisi ən yüksək ölkələrdən oldular. Sürü immuniteti epidemiyaya qarşı məhdudlaşdırıcı tədbir görmədən cəmiyyətin %60-nın virusla təmasını və beləliklə epidemiyanın öz-özünə bitməsini hədəfləyir. Lakin yeni koronavirus çox yoluxucu və nisbətən daha öldürücü olduğundan bu siyasətin tətbiqinə uyğun deyil (baxın əlaqəli yazımız).

Lundback və digər 21 tədqiqatçı ötən çərşənbə axşamı Dagens Nyheter qəzetindəki ortaq məqalədə hökuməti «sürətli və radikal tədbirləri» yenidən nəzərdən keçirib başlamağa çağırdı. Lundback «İsveç bu baxımdan zəif idi və ya heç hazır deyildi» dedi.
Lakin rəsmilər planlarının uzunmüddətli perspektivdə davamlı olduğunu israrla deyir və qısamüddətli məhdudiyyətləri təsirsiz sayaraq rədd edirlər.
Ötən həftə səhiyyə rəsmiləri epidemiyanın mərkəzi olan paytaxt Stokholm bölgəsində ölümlərin yüzdə 40-nın qocalar evi sakinləri olduğunu açıqladı. Bu, çox qorxunc vəziyyətdir.
Yaşlılara qulluq evlərinə ziyarət məhdudiyyətləri elan edilsə də, bu mərkəzlərin sakinlərinin yarısında COVID-19 infeksiyası aşkarlandı. Bundan sonra hökumət epidemiyanın təfərrüatlarını açıqlamaqda çətinlik çəkdi.
Səhiyyə naziri Lena Hallengren bu ayın əvvəlində təqaüdçülərin yaşadığı qulluq evlərində epidemiyanın heyrətləndirici miqyası barədə «Səbəbini hələ tam bilmirik, onsuz da çox mümkün variant yoxdur. Ya ziyarət qadağasına əməl edilmədi, ya da simptomları, yəni əlamətləri olan heyət düşünmədən işə getdi» deyə bildirdi.
Qocalar evlərində adətən az maaşla müvəqqəti müqaviləli işçilər xidmət göstərir və yüngül simptomlarla evdə qalsalar, maaş almırlar.
Qonşu Finlandiyada qulluq işçiləri daha geniş sosial müdafiədən yararlanır; xəstələnəndə maaşlarını itirmədən işdən uzaq qala bilirlər.
Ötən həftə yayımlanan rəqəmlərə görə çoxlu miqrantın yaşadığı Stokholmun ən əlverişsiz məhəllələrindən bəziləri paytaxtın qalan hissəsindən üç qat çox təsirlənib.
Uppsala Universitetinin siyasi elmlər dosenti Gina Gustavsson hökumətin «narahatedici məlumat çatışmazlığı» və ya fərqli sosial mənşəli insanlara maraq azlığı göstərdiyini dedi.
İsveçin baş naziri Stefan Lofven televiziya kanalına açıqlamasında «kifayət qədər hazır olmadıqlarını» qəbul etdi.
*
- KORONAVİRUS HAQQINDA BÜTÜN YAZILARIMIZ -
*
Mənbələr
Swedish coronavirus model under fire as deaths rise.
thejakartapost.com - 15 Nisan 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.