Oturaq qalmaq beyin sağlamlığına necə təsir edir?

Texnologiya və elmin yaratdığı imkanlar sayəsində həyat bizim üçün artıq daha asandır. Alış-veriş etmək, işləmək, hətta ünsiyyət qurmaq belə oturduğumuz yerdən yerinə yetirə biləcəyimiz fəaliyyətlərə çevrilib. Artıq bir çoxumuz oyaq vaxtımızın böyük hissəsini divanda, masa arxasında və ya avtomobildə oturaraq keçiririk. Fiziki fəallığa və oturmağa ayrılan vaxtın dəyişməsini nəzərə alan tədqiqatçılar son 20 ildə oturmağın insan beyninə təsirləri haqqında araşdırmalar aparmağa başlayıblar.
Amerika Psixologiya Assosiasiyasının nəşr etdiyi Psixologiya və Yaşlanma adlı jurnaldakı bir tədqiqat «yaşlılar üçün» oturmağın, düşünüldüyünün əksinə, beyin üçün həmişə zərərli olmadığını, hətta koqnitiv baxımdan faydalı ola biləcəyini vurğulayıb.
Bu tədqiqat yaşlılarda fiziki fəallıq ümumi sağlamlığa faydalı olsa da, insanlar kifayət qədər fiziki fəal olduqları müddətdə müəyyən vaxt ərzində hərəkətsiz qalmağın bəzi koqnitiv qabiliyyətlərə fayda verə biləcəyini irəli sürür.
Tədqiqatçılar
- qavrama sürəti və mühakimə daxil olmaqla, gündəlik orta və yüksək intensivlikli fiziki fəallığın daha yaxşı axıcı intellektlə (informasiyanın işlənmə sürəti və yaddaş, problemlərin həlli və məntiqi düşünmə) əlaqəli olduğunu,
- oturaraq daha çox vaxt keçirməyin isə söz ehtiyatı testlərində və məntiqi düşünmədə daha yaxşı nəticələrlə əlaqəli olduğunu müəyyən ediblər.
Yaşlılarda oturmağı və koqnitiv funksiyaları qiymətləndirən tədqiqatın təfərrüatları
Tədqiqatçılar 60–80 yaşlı 228 nəfər üçün aerob fəallıq müdaxiləsinin əvvəlki 6 aylıq sınağından əldə edilmiş ilkin məlumatlara diqqət yetiriblər. İştirakçılar sağ əlli olmaları və anamnezlərində nevroloji və ya psixiatrik xəstəlik olmaması şərtləri ilə seçiliblər. Seçim zamanı Mini-Mental Vəziyyət Müayinəsinin və Mental Vəziyyət Sorğusunun nəticələri də nəzərə alınıb (Mental Vəziyyət Müayinəsi insanın orientasiyasını, özü və ətraf mühit haqqında məlumatını, cari hadisələrdən xəbərdarlığını, diqqətini, qısamüddətli yaddaşını və öyrənməsini, uzunmüddətli yaddaşını və mühakiməsini ölçür).
İştirakçılar 7 gün ərzində oyaq olduqları saatlarda bel-çanaq nahiyələrinə hərəkəti aşkarlayan sensor cihazı taxıblar. Məlumatlar oturaraq keçirilən vaxt və orta-yüksək intensivlikli fiziki fəallıq kimi təsnif edilib.
Nəticə
Tədqiqatçılar əldə edilən məlumatları nəzərdən keçirərək axıcı intellekti (informasiyanın işlənmə sürəti, yaddaş və məntiqi düşünmə) və kristallaşmış intellekti (söz ehtiyatı) Virciniya Koqnitiv Yaşlanma Şkalası ilə qiymətləndiriblər.
Nəticədə yaş, cins və dəyişdirilə bilən müxtəlif sosial-iqtisadi, fiziki və funksional sağlamlıq amillərinə görə düzəliş edildikdə, gündəlik orta və yüksək intensivlikli fiziki fəallığa sərf olunan vaxtın axıcı intellektlə (qavrama sürəti və mühakimə) müsbət əlaqəli olduğu müəyyənləşib. Bundan əlavə, oturaraq daha çox vaxt keçirənlərin söz ehtiyatı və məntiqi düşünmə tapşırıqlarında daha yaxşı nəticələr göstərdiyi qənaətinə gəlinib.
Tədqiqatın güclü tərəfinionun aparıcı müəllifi Aqa Burzınskanın sözləri ilə izah etmək istəyirəm: “İnsanlar sorğularda gündəlik hərəkətlərini şişirtməyə, oturaraq keçirdikləri vaxtı isə olduğundan az göstərməyə meyillidirlər. Buna görə bu tədqiqatın mühüm cəhəti insanların həyat tərzini və fiziki fəallığını obyektiv ölçmək üçün sorğu əvəzinə sensorlardan istifadə etməsidir. Bu, gündəlik fəallığın, xüsusilə aşağı intensivlikli fəallığın daha obyektiv qiymətləndirilməsinə imkan verir."
Şərh
Bu tədqiqatın nəticələrinə əsasən daha çox oturmalı olduğumuzu müdafiə edə bilmərəm. Lakin mümkün qədər fiziki fəal olmağın və oturaraq keçirilən vaxtda da zehni fəaliyyətlərlə (məsələn, oxumaqla) beyni stimullaşdırmağın vacib olduğunu düşünürəm. Bu tədqiqatdan çıxarmalı olduğumuz nəticə həm fiziki fəallığa, həm də koqnitiv funksiyalara vaxt ayırmağın — sonuncusu çox vaxt oturaraq da mümkündür — birləşməsinin beynimizin qayğısına qalmağın ən yaxşı yollarından biri olmasıdır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.