Piylənmə əməliyyatı və kolorektal xərçəng: Risk varmı?

Piylənməsi olan şəxslər üçün müalicə seçimləri kimi bariatrik əməliyyatlar – boru mədə əməliyyatı (sleeve qastrektomiya), Roux-en-y mədə şuntlanması və laparoskopik band – getdikcə daha populyar olur.

Piylənmənin fərddə müəyyən xərçənglər (xüsusilə qida borusu, mədə, bağırsaq xərçəngləri) baxımından riski artırdığı artıq dəqiq məlumdur. Bunu nəzərə alaraq piylənmənin yetərincə müalicəsi pasiyentin ümumi sağlamlığı, xüsusilə potensial xərçəng riski düşünüləndə çox vacibdir.

Piylənmə ilə əlaqəli yanaşı xəstəliklərə (hipertoniya və diabet kimi) mövcud təsirindən əlavə, xüsusilə piylənmə cərrahiyyəsinin pasiyentin kolorektal (yoğun bağırsaq) xərçəng riskini necə dəyişə biləcəyi haqqında böyük araşdırmalar var.
Piylənmə əməliyyatından sonra kolorektal xərçəng riski nə qədərdir?
1-ci tədqiqat – Fransa
Ziddiyyətli məlumatlar göstərən bir neçə tədqiqat səbəbindən piylənmə cərrahiyyəsindən sonra kolorektal xərçəngin yaranması bir qədər mübahisəli mövzudur.
Bu yaxınlarda Fransada aparılmış çoxmərkəzli kohort tədqiqatı 1 milyondan çox piylənmə pasiyentini araşdırıb.
Bu şəxslərin 74,131-i (araşdırılmış ümumi məlumatların %7-si) piylənmə əməliyyatı keçirib.
Piylənmə əməliyyatlarına laparoskopik band, sleeve qastrektomiya və mədə şuntlanması daxildir.
Nəticələr
- Piylənmə əməliyyatı keçirmiş pasiyentlərin orta yaşı əməliyyat olunmayan qrupdan daha az idi və ümumi kolorektal xərçəng göstəricisinin əməliyyat olunmayan qrupda %1,3, piylənmə əməliyyatı keçirmiş qrupda isə %0,6 olduğu müəyyən edildi (P < .001).
- Yeni kolorektal xərçəng diaqnozu göstəriciləri mədə şuntlanması (%0,5) və ya boru mədə əməliyyatı (%0,5) keçirmiş pasiyentlərdə tənzimlənən mədə bandı əməliyyatı keçirmiş pasiyentlərdən daha az idi (%0,7) (P=.04).
- Əməliyyat olunmayan kohortda kolorektal poliplərin yaranma göstəricisi %6,8, piylənmə əməliyyatı olunmuş qrupda isə %3,5 idi.
- Piylənmə əməliyyatlarında mədə şuntlanması və boru mədə əməliyyatı ilə müqayisədə tənzimlənən mədə bandından sonra kolorektal polip yaranma göstəricisinin daha yüksək olduğu görünür (%3,1 ilə müqayisədə %0,5; P < .001).
Tədqiqatçılar piylənmə əməliyyatı keçirməmiş, eyni yaşda və eyni bədən kütlə indeksinə malik pasiyentlərin ümumi əhali ilə müqayisədə %34 artmış kolorektal xərçəng riskinin olduğunu söyləyirlər. Demoqrafik uyğunlaşdırmadan sonra aparılmış analizdə piylənmə əməliyyatı keçirmiş pasiyentlərin kolorektal xərçəng riski ümumi əhaliyə paralel və ya əməliyyat olunmayan pasiyentlərdən %32 aşağı idi.
Piylənmə əməliyyatı xərçəng riskini necə azalda bilər?
Piylənmə əməliyyatı keçirmiş pasiyentlərdə kolorektal xərçəng riskinin azalmasını izah etmək üçün irəli sürülmüş patofizioloji mexanizmlər bunlardır:
- piylənmə əməliyyatının bağırsaq florasında yaratdığı dəyişikliklər,
- piylənmə ilə əlaqəli digər xəstəliklərin azalması,
- fiziki aktivliyin artması və
- iltihabi hormonların azalması ilə əlaqəli ola bilər.
Bu tədqiqatların nəticələrini bir yerə toplayıb xülasə etsək, bunun yalnız Fransa məlumat bazasından alınmış pasiyentlərlə aparılmış tədqiqat olduğunu da unutmamalıyıq.
2-ci tədqiqat – ABŞ
Oxşar nəticələr ABŞ əsaslı tədqiqatda da tapılıb. Nəzarət qrupu ilə müqayisədə piylənmə əməliyyatı olunmuş piylənmə pasiyentlərində istənilən xərçəng növü üçün aşağı risk müşahidə edilib. Bu aşağı risk kolon xərçəngini də əhatə edirdi.
3-cü tədqiqat – Skandinaviya ölkələri
Piylənmə əməliyyatı keçirmiş pasiyentlərdə kolorektal xərçəng riskini qiymətləndirən tədqiqatların hamısı olmasa da, bir qismi oxşar nəticələr bildirib.
Tao və həmkarları Skandinaviya ölkələrindəki (Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç) pasiyentlər arasında kolorektal xərçəng riskini qiymətləndiriblər. Maraqlıdır ki, bu tədqiqatda kolon xərçəngi riski piylənmə əməliyyatından 10 il və ya daha çox müddət sonra artıb. Kolon xərçəngi üçün ümumi təhlükə nisbəti daha yüksək idi, lakin əməliyyat keçirməmiş pasiyentlərlə müqayisədə piylənmə əməliyyatı keçirmiş pasiyentlərdə statistik əhəmiyyətli deyildi. Lakin piylənmə əməliyyatından sonra təhlükə nisbəti 10 ilə 14 ilə qədər yüksəldi.
Bu tədqiqatda araşdırmaçılar kolon xərçəngini düz bağırsaq xərçəngindən ayrı qiymətləndirdilər. Təkcə düz bağırsaq xərçəngi üçün artmış risk tapmadılar və əməliyyat növünün yoğun bağırsaq selikli qişasında (daxili örtükdə) dəyişikliklər və öd turşularına məruzqalma da daxil olmaqla xərçəng riskini dəyişdirən əsas mexanizmə təsir edə biləcəyini irəli sürdülər.
4-cü tədqiqat – Birləşmiş Krallıq
İngiltərədə aparılmış oxşar tədqiqatın məlumatları əməliyyat keçirməmiş pasiyentlərlə müqayisədə istənilən növ piylənmə əməliyyatı keçirmiş pasiyentlərdə kolorektal xərçəng riskinin artdığını göstərdi (şans nisbəti [OR], 2.19, 95% CI 1.21-3.96). Bununla belə, mədə şuntlanması – lakin band və ya boru mədə əməliyyatı deyil – əməliyyat keçirməmiş pasiyentlərlə müqayisədə artmış kolorektal xərçəng riski ilə əlaqəli idi (OR 2.63, 95% CI 1.17-5.95).
Nəticə
Kolorektal xərçəngin yaranma riskini aydınlaşdırmaq üçün istənilən piylənmə əməliyyatı növünün patofizioloji mexanizmini araşdıran gələcək tədqiqatlara ehtiyac var. Hazırkı ziddiyyətli məlumatlar mövcud xərçəngin irəliləməsinin və ya yeni xərçəngin yaranmasının ehtimal ki, çoxamilli olduğunu göstərir. Daha çox araşdırma aparıldıqca və məlumat toplandıqca piylənmə əməliyyatı keçirmiş pasiyentlərin daha tez-tez kolorektal xərçəng skrininqi etdirməli olub-olmadığı, yəqin ki, daha geniş müzakirə mövzusu olacaq. Bu müddətdə həm simptomlu, həm də simptomsuz pasiyentlərdə daha aqressiv kolorektal xərçəng skrininqi və / və ya piylənmə əməliyyatından sonrakı müşahidə nəzərdən keçirilməlidir.
Mənbələr
2. Bailly L, Fabre R, Pradier C, Iannelli A. Colorectal cancer risk following bariatric surgery in a nationwide study of French individuals with obesity. JAMA Surg. 2020
3. Schauer DP, Feigelson HS, Koebnick C, et al. Bariatric surgery and the risk of cancer in a large multisite cohort. Ann Surg. 2019
4. Tao W, Artama M, von Euler-Chelpin M, et al. Colon and rectal cancer risk after bariatric surgery in a multicountry Nordic cohort study. Int J Cancer. 2020
5. Mackenzie H, Markar SR, Askari A, et al. Obesity surgery and risk of cancer. Br J Surg. 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.