Qızılca virusu müalicəyə cavab verməyən çoxsaylı mieloma xəstələri üçün ümid işığı ola bilərmi?

May ayında Mayo Klinikası Jurnalında dərc edilən eksperimental tədqiqatın nəticəsinə görə, xəstəliyi təkrarlamış və digər müalicələrə davamlı olan çoxsaylı mielomadan əziyyət çəkən iki qadın xəstəyə tətbiq edilən qızılca virusu xəstəliyin gedişində müsbət cavab təmin etmişdir.
Çoxsaylı mieloma müalicəsi mümkün olmayan sümük iliyi xərçəngidir. May ayında Mayo Klinikası Jurnalında dərc edilən eksperimental tədqiqatın nəticələri olduqca ümidverici hesab edilmişdir. Tədqiqatçılar bütün müalicə variantlarını itirmiş çoxsaylı mielomadan əziyyət çəkən bir qadın xəstənin yalnız yüksək dozada qızılca virusunun birdəfəlik tətbiqi ilə 6 aydan artıq müddət ərzində heç bir xəstəlik əlaməti olmadan həyatını davam etdirdiyini bildirmişlər.
Digər hüceyrələrə zərər verməmək üçün yenidən qurulmuş qızılca virusunun birdəfəlik dozası xərçəngləşmiş plazma (mieloma) hüceyrələrini məhv etmək məqsədilə iki xəstəyə venadaxili tətbiq edilmişdir. Tədqiqat əvvəllər xərçəngi dəfələrlə təkrarlamış və digər müalicələrə cavab verməyən xəstələrdən ibarət olmuşdur. Mayo Klinikasında tədqiqatı aparan alimlərin vurğuladığına görə, hər iki xəstədə müalicəyə cavab alınmışdır; həm sümük iliyində xərçəngli toxumanın miqdarı, həm də mieloma zülallarının səviyyəsi azalmışdır. Bundan əlavə, 49 yaşında olan qadın xəstələrdən biri 6 aydan artıq müddətdir heç bir xəstəlik əlaməti göstərmədən müalicəyə tam cavab verir.
Yayılmış (metastatik) xərçəngin müalicəsində viroterapiyanın effektivliyinə sübut!
Xərçəngdə viroterapiya tətbiqlərinin ilk sınaqları bizi 1950-ci illərə qədər aparır. Onkolitik virusların (soyuqdəymə, herpes, çiçək virusları) istifadə edildiyi bu tip müalicələr yüz minlərlə xəstəyə tətbiq olunur. Lakin bu tədqiqat metastatik xərçəngdə sistemik onkolitik viroterapiyanın effektivliyini qiymətləndirmək üçün aparılan ilk tədqiqatdır.
Mieloma sümük iliyində yaranan bir növ qan hüceyrəsi olan plazma hüceyrələrindən inkişaf edən və nisbətən nadir rast gəlinən xərçəng növüdür. Mieloma onurğa, qabırğalar və çanaq sümüyü kimi bədənin istənilən yerindəki sümük iliyindən yarana bilər. Çoxsaylı mieloma adlandırılmasının səbəbi onun bir neçə nahiyədə meydana gəlməsidir.
Sümükdə və yumşaq toxumalarda da şiş əmələ gəlməsinə səbəb ola bilən bu xəstəlik immun sistemini stimullaşdıran dərmanlara əksər hallarda cavab verir, lakin sonda immun sisteminə üstün gəlir və nadir hallarda tamamilə müalicə edilə bilir.
Qızılca virusun səbəb olduğu uşaqlıq xəstəliyidir. Qızılcaya qarşı hazırlanmış peyvənd sayəsində xəstəlikdən tamamilə qorunmaq artıq mümkündür. Peyvəndləmə proqramının yaxşı tətbiq olunduğu ölkələrdə demək olar ki, heç rast gəlinməsə də, dünya üzrə hər il yüz minə yaxın uşaq qızılca səbəbindən həyatını itirir.
Yenidən qurulmuş qızılca virusunun mümkün olan ən yüksək dozada ilk istifadəsi
Tədqiqata qatılan bu iki çoxsaylı mieloma xəstəsi əvvəllər qızılcaya məhdud səviyyədə məruz qalmış və buna görə də immun sistemlərində qızılca virusuna qarşı çox miqdarda anticisim olmayan şəxslər arasından seçilmişdir. Xəstələr bundan əlavə digər onkoloji müalicə variantlarından da istifadə etmişlər.
Mexanizmi sadə sözlərlə izah etmək lazımdırsa, yenidən qurulmuş qızılca virusu xərçəng hüceyrələrinin içinə daxil olaraq hüceyrələrin partlamasına səbəb olur. Bundan əlavə, bu müalicə digər mexanizmləri də işə salaraq gələcəkdə mieloma hüceyrələrinin immun sistemi tərəfindən daha effektiv tanınmasına səbəb olur.
Tədqiqat qrupu eyni zamanda virusun baş-boyun, beyin, yumurtalıq xərçəngləri və mezoteliomaya təsirini sınaqdan keçirməyə başlamışdır. Bununla yanaşı, xərçəng hüceyrələrini məhv edə biləcək digər viruslar da araşdırılır və yenidən qurulmağa çalışılır.
Göründüyü kimi, əsası 1950-ci illərə dayanan xərçəng müalicəsində viruslardan istifadə ideyasının yetişməsi, elmi tədqiqata çevrilməsi üçün əlverişli şəraitin və bilik bazasının formalaşması illər çəkə bilər. Hər sözün güclənəcəyi və gerçəkləşəcəyi bir zaman vardır. Ümid edirəm ki, eksperimental mərhələdə olduğu üçün təsiri hələ sübut edilməmiş bu tədqiqatla bağlı alimlər çalışmalarını səngitmədən davam etdirəcək və yaxın gələcəkdə hazırda müalicəolunmaz hesab edilən bir çox xəstəlik üçün çarələr tapılacaq.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.