Rusiya koronavirus müalicəsi tapıbmı? Meflokin nədir, COVID-19-a kömək edirmi? Yan təsirləri

Meflokin 1970-lərdə hazırlanmış, 1980-lərdən fəal istifadə olunan, amma başlıqlarda “Rusiyanın tapdığı” yazılan köhnə və yaxşı tanınan malyariya dərmanıdır. Putin darıxıb “Bu nədir, adımız heç çəkilmir, bizim Sputnik News-dən bir bomba xəbər partladın” demiş ola bilərmi?
Yeni (?) müalicənin köhnə tarixi!..
Meflokin 1970-də xinininsintetik analoqu kimi hazırlanmış birləşmədir. Xinin malyariya müalicəsində ilk istifadə olunan dərmandır və 1820-lərdə xına ağacından ayrılıb.
Meflokinin enterohepatik (bağırsaq-qaraciyər) dövranı və müxtəlif toxumalarda toplanması səbəbindən yarımxaricolma müddəti çox uzundur (20 gün). Neyropsixiatrik yan təsirlərinə görə malyariyada ilk seçilən dərman deyil. Başqa dərmanlara müqavimət varsa seçilə bilər. Epilepsiyası (qıcolması) olanlarda istifadəsi uyğun deyil.
COVID-19 müalicəsində meflokinin yeri varmı?
Əvvəlcə qeyd edək ki, yeni tip koronavirusa bağlı yaranan COVID-19 xəstəliyinə xas müalicə hazırda yoxdur. Bununla belə, çoxlu yeni-köhnə dərman və üsul COVID-19-da sınanır. Hazırda dünyanın mübahisəsiz ən böyük prioriteti koronavirus müalicəsi və qoruyucu vaksindir. Lakin koronavirus müalicə sınaqları deyiləndə meflokin qətiyyən ilk ağla gələn dərmanlardan deyil!
Bu gün Rusiya Federal Biotibbi Agentliyi COVID-19-a qarşı “meflokin əsaslı” dərman hazırlandığını iddia etdi. Açıqlamada dərmanın “epidemiyanın pik nöqtəsini aşmağa və gələcəkdə də nəzarətdə saxlamağa imkan verəcəyi” irəli sürüldü.
Əvvəlcə koronavirus müalicəsində sınanan dərmanların icmalını verək, sonra meflokinlə bağlı, maraqlıdır ki Rusiya mənşəli olmayan, Çin alimlərinin yayımladığı icmaldan danışaq:
Bəs niyə başqa sahədə işlədilən köhnə dərmanın fərqli məqsədlə istifadəsi üçün elmi tədqiqatlar aparılır?
Sıfırdan dərman hazırlamaq bir çox cəhətdən çətin prosesdir. İcazəli dərmanın heyvan modellərində farmakokinetikasının bilinməsi, klinik fazalarda sınanması və ən əsası insanda təhlükəsizliyinin məlum olması çox üstünlük yaradır. Kimyəvi sintez və istehsal baxımından da qısa yol açılır. Mövcud dərmandan əlavə dəyər yaratmaq sıfırdan hazırlamağa nisbətən strateji, vaxta qənaət edən və daha ucuz həllidir. Dünyada sürətlə yayılan epidemiyayla mübarizədə ağıllı həll sayılır.
Yuxarıdakı cədvəldə yeni koronavirus üçün müxtəlif səviyyəli işlərdə qiymətləndirilən dərmanları görürük. Lakin insanlarda xəstəlik yaradan başqa viruslar üçün də oxşar uzun siyahı var. International Journal of Infectious Diseases-də (Beynəlxalq Yoluxucu Xəstəliklər Jurnalı) yayımlanan geniş icmal 120 antiviral dərmanın geniş spektrli istifadəsini və araşdırmaların keyfiyyətini qiymətləndirib. “Geniş spektrli antiviral” tək virus və ya ailəsini deyil, bir neçə virusu və ya ailəsini hədəfləyən dərmandır. Fərqli virusların hüceyrəyə girib təsir etmək üçün oxşar yollar işlətməsi əsasında geniş təsirli antivirallara baxılıb. Meflokin kimi ilk hazırlananda antiviral olmayan, sonradan antiviral aktivliyi sınanan dərmanlar var. Meflokin əvvəl dediyimiz kimi antiparazitar malyariya dərmanıdır, indi fərqli istifadəsi araşdırılır. Siyahıda başqa çoxlu dərman da var: bakterial infeksiya (antibakterial/antibiotik), xərçəng, immunosupressiv müalicə, psixoz və ürək aritmiyası kimi sahələrdə təsdiqli dərmanlar. Bunların müxtəlif virus xəstəliklərində istifadəsi də öyrənilir.
Elmi ədəbiyyatda yeni tip koronavirus (SARS-CoV-2) ilə bağlı COVID-19 müalicəsində meflokini araşdıran işlərin yox dərəcəsində az olduğu görünür. Xüsusilə son aylarda yeni koronavirus barədə minlərlə elmi yayım olduğu düşünüləndə bu azlıq diqqət çəkir. Chinese Medical Journal jurnalında 6 mart 2020-də yayımlanan işdə laboratoriyada panqolin adlı məməlinin in vitro hüceyrə kulturasında (hüceyrələri uyğun laboratoriya şəraitində çoxaldaraq əldə etmək) bazardakı çoxlu dərman sınanıb. Sefarantin, selamektin və meflokin adlı maddələrin laboratoriyadakı panqolin hüceyrələrində koronavirusa təsir etdiyi, bunlardan sefarantinin ən effektiv göründüyü və insanlarda sınaqdan keçirilə biləcəyi bildirilib.
Nəticədə meflokinin yeni tip koronavirus müalicəsində “insanlarda” effektivliyinə dair elmi sübut dəyərində məlumat yoxdur. Yalnız in vitro hüceyrə kulturasında çox az tədqiqatı var, növbəti addım olan heyvan tədqiqatı belə yoxdur.
Bəs Rusiya göstərə biləcəyi elmi məlumat olmadan və ya tapdıqlarını dedikləri müalicəni elmi yayımlamaq əvəzinə niyə mətbuatla açıqladı?
Rusiyanın koronavirusla mübarizəsi nümunədir, yoxsa seçki və ticarət qayğılı təbliğatdır?
Rusiyanın bildirdiyi aşağı hal və ölüm göstəriciləri gerçəkdir, yoxsa rəqəmlər gizlədilir? İndiyədək cəmi 1264 hal və 228 ölüm bildirilib. Lakin sosial mediada çoxlu rus ölkənin Çernobıl keçmişini xatırladıb şəffaf davranılmadığını deyir. Çoxlu halın COVID-19-la əlaqəsiz sətəlcəmdən ölüm kimi qeyd edildiyi bildirilir. Belə fikirlər deyən rus müxalif vətəndaşların həbsi barədə çoxlu xəbər də var. Məsələnin Rusiya prezident seçkisi tərəfi də var. Koronavirus pandemiyası olmasaydı, Putin-ə ömürlük prezidentlik səlahiyyəti verilməsi ehtimalı yüksək seçki olacaqdı. Lakin epidemiya yayılanda seçki ləğv edildi. Gələn həftə ölkə üzrə tətil elan olundu.
- BÜTÜN KORONAVİRUS YAZILARIMIZ -
Mənbələr
Repurposing of clinically approved drugs for treatment of coronavirus disease 2019 in a 2019-novel coronavirus (2019-nCoV) related coronavirus model.
Chinese Medical Journal: March 06, 2020
2. Andrew Roth in Moscow
Coronavirus delays Russian vote on Putin staying in power.
theguardian.com - Published onWed 25 Mar 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.