Sıçrayan genlərin hekayəsi və xərçəngdə əhəmiyyəti

İnsan genomunun təxminən %50-ni transpozon adlanan genlər təşkil edir. Transpozonlar bir hüceyrədə olan və yerləşdiyi bölgədən ayrılıb hüceyrə genomunda hərəkət edə bilən DNT ardıcıllıqlarıdır. Kompüterlərdə olduğu kimi köçür-yapışdır, kəs-yapışdır əməliyyatları edə bilən transpozonlar təkamülün müxtəliflik yaratmasında mühüm rol oynayır. Lakin bəzi hallarda xərçəng kimi genetik xəstəliklərin görülməsinə yol aça bilər.
Transpozonlar ilk dəfə 1940-cı ildə Barbara McClintock tərəfindən qarğıdalı bitkisində kəşf edilmişdir (bu kəşfi ona 1983-cü ildə Nobel Mükafatını qazandırmışdır). Xalq arasında sıçrayan və ya tullanan gen kimi də bilinən transpozonlar özünü köçürüb sıçraya bildiyi kimi, yerləşdiyi DNT bölgəsindən məlumatları kəsərək də sıçraya bilər. Buna görə transpozonlar 1. sinif transpozon və 2. sinif transpozon olmaqla 2 qrupa ayrılır.
1. sinif transpozonlar – yəni retrotranspozonlar – özlərini köçürüb DNT üzərindəki başqa bölgəyə yapışdırır (iş prinsipi kompüterdəki köçür-yapışdır məntiqi ilə eynidir). Retrotranspozonlar “əks transkripsiya” (transkripsiyada DNT-dən RNT istehsal edilərkən əks transkripsiyada RNT-dən DNT sintez edilir) əməliyyatı apara, yəni öz DNT-lərini sintez edə bilərlər. Beləliklə eyni hüceyrədə başqa bölgələrə yapışa bildikləri kimi bəzən başqa hüceyrələrə də keçə bilərlər. Retrotranspozon bir genə yapışdıqda həmin genomun böyüməsinə səbəb olur. Retrotranspozonlar öz daxilində viral retrotranspozon, uzun səpələnmiş nukleotid elementləri (LINE) və qısa səpələnmiş nukleotid elementləri (SINE) olmaqla 3 yerə ayrılır. Viral retrotranspozonlar əks transkripsiya üçün əks transkriptaza fermentlərini kodlaşdırır. HIV və AIDS kimi retroviruslara bənzəyirlər. İnsan genomunun %8-ni təşkil edir və 100-5000 baz uzunluğundadırlar. LINE-ların isə tam uzunluqlu olanlarında əks transkriptaza fermenti var. Həmçinin əksəriyyəti endonukleaza fermentlərindən istifadə edərək fosfodiester (DNT və RNT-də şəkərlə fosfat arasındakı bağdır) bağlarını qıra və RNT polimeraza II fermenti vasitəsilə çoxala bilər. İnsan genomunda 500.000 fərqli LINE var və onlar genomun %17-ni təşkil edir. SINE-lar 500 baz cütündən qısadır. RNT polimeraza III fermenti ilə yaranıb tRNT və rRNT istehsal edə bilər. Üzərlərində lazımi fermentlər olmadığından yapışdıqları bölgədəki fermentlərdən istifadə edib çoxala bilərlər. Əksəriyyəti funksiyasını itirsə də, bir qismi hələ funksionaldır. İnsan genomunun %11-ni təşkil edirlər.

2. sinif transpozonlar – yəni DNT transpozonları – özlərini köçürə bilmirlər. Buna görə kəs-yapışdır şəklində sıçrayırlar. Transpozaza fermenti ilə sıçrayış edirlər. Sıçrayış zamanı kəsilən parçanın uclarında yapışqan adlanan parçalar qalır. Yapışqanlar cazibə qüvvəsi yaradır və tez bağlanmaq istəyirlər. Sıçradığı hissə daha sonra DNT liqaza və DNT polimeraza fermentləri ilə doldurulur. Bu əməliyyat zamanı mutasiya başvermə riski artır.
Transpozonlar mutasiyaya (mutagen) səbəb ola bilər. Mutasiyalara bağlı olaraq bir çox genetik xəstəliyin görülməsinə yol aça bilərlər. Transpozonlar genin içinə daxil olduqda adətən həmin geni funksiyasız edir və onu tərk etdikdə qalan boşluq çox vaxt düzgün təmir edilmir. Xüsusilə LINE transpozonlarında təkrarlanan ardıcıllıqlar mutasiya riskini artırır. Məsələn, eyni ardıcıllığın çox təkrarlanması nəticəsində hüceyrə bölünərkən xromosomlar düzgün cütləşməyə bilər. Bu da bir çox xəstəliyi yarada bilər.
Transpozonların səbəb olduğu xəstəliklər arasında hemofiliya A və B, xərçəng, Duchenne əzələ distrofiyası yer alır.
Transpozonların xərçəngdəki roluna dair yeni tədqiqat
Kazazianın laboratoriyasından Szilvia Solyom və Adam Ewing apardıqları tədqiqatda kolon xərçəngində hüceyrələrə nə olduğunu tapmaq üçün 16 xərçəngli və 16 normal kolondan ibarət DNT-ni yeni nəsil görüntüləmə texnikaları ilə araşdırdılar.
Normal kolon hüceyrələrində transpozon və ya şiş heç olmadığı halda şişli DNT-də 17 yeni LINE-1-in yerləşdiyini sübut etdilər. Həmçinin bu tədqiqat transpozonların mutasiyaya yol açdığını göstərdi. Başqa bir tədqiqata görə bədən (somatik) hüceyrələrində görülən LINE-1 daxilolmaları xüsusilə retrotranspozisiyanı dəstəkləyən qastrointestinal kanal (həzm sistemi) şişlərində sürücü/tətikləyici mutasiyalara səbəb ola bilər.
Nadir hallarda transpozonlar müsbət mutasiyalara da səbəb ola bilər. Belə halda bədən mutasiyanı genetik olaraq ötürməyə davam edir. Həmçinin bəzi gen terapiyalarında da transpozondan istifadə edilir.
Günümüzdə hələ araşdırılan transpozonlar gündən-günə aydınlaşdırılmağa davam edir. Əldə edilən məlumatlarla bəzi xəstəliklərin diaqnozu və müalicəsində yeni tədqiqatlar başladılır. Transpozonların xərçənglə əlaqəsi anlaşılmağa başladıqca xərçəngə yeni baxış yaranacaqdır. Bu da xərçəngin həll edilməsi və yeni müalicə yollarının tapılması üçün böyük üstünlük təmin edəcəkdir.
Mənbələr
Transposable elements in cancer.
Nature Reviews Cancer, 09 June 2017.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.