Siqareti buraxmaq sağlam ağciyər hüceyrələrinin çoxalmasını təmin edir

Siqareti buraxmağın faydalarını bir daha dəstəkləyən yeni elmi araşdırma dərc edilib. Tədqiqat siqareti buraxmağın ağciyərlərin məruz qaldığı zədəni azaltmaqla yanaşı, yeni və sağlam hüceyrələrin hava yollarındakı toxumaları fəal yeniləməsinə səbəb olduğunu göstərir. Tədqiqatçılar, sağlam hüceyrələrin zədəliləri əvəz etməsi nəticəsində yaranan bu dəyişikliyin, ağciyər xərçəngi riskini azalda biləcəyini bildirirlər.
2020-ci ilin fevralında Nature adlı qabaqcıl tibb jurnalında onlayn dərc edilmiş tədqiqatda qrup siqaret çəkən, buraxan, heç çəkməmiş böyüklərdən və uşaqlardan bronxoskopiya ilə alınan sağlam hava yolu hüceyrələrində tam genom təhlili apardı (bronxoskopiya, sərt boru vasitəsilə birbaşa nəfəs borusunu və böyük bronxları müayinə etmə üsulunun adıdır).
Gözlənildiyi kimi tədqiqatçılar siqaret çəkən və ya buraxmış şəxslərdə heç çəkməyənlərə və uşaqlara nisbətən daha yüksək mutasiya yükü ilə yanaşı daha çox miqdarda hüceyrələri xərçəng hüceyrəsinə çevirən driver (sürücü) mutasiyalar olduğunu gördülər.
Siqareti buraxmağın əhəmiyyətli faydası
Buna qarşı siqareti buraxanlarda hüceyrələrin % 40-a qədərinin normal olduğu, daha az genetik zədələndiyi və xərçəngə çevrilmə riskinin aşağı olduğu müəyyən edildi.
Adətən əslində, 30-40 il və ya daha çox siqaret çəkmiş insanlardan artıq siqaretin zərərinə məruz qaldıqlarını və buraxmaq üçün gec olduğunu eşidirik; lakin tədqiqatın ən sevindirici nəticələrindən biri siqareti buraxmaq üçün, "artıq çox gecdir" anlayışının keçərli olmadığını göstərməsidir. Tədqiqatdakı bəzi şəxslərin ömür boyu, 15 min qutudan çox siqaret çəkdiyi, lakin buraxdıqdan bir neçə il sonra hava yollarındakı zədəli hüceyrələrin yox olduğu görüldü.
Tədqiqata görə şəxs neçə yaşında olursa olsun siqareti buraxmaq əlavə zədə toplanmasını yavaşlatmaqla yanaşı heç zədələnməmiş hüceyrələrimizin də yenidən oyanmasını təmin edə bilər.
Əslində prosesi daha geniş araşdırmaq zədələnməmiş hüceyrələrin xərçəngləşməkdən necə qaçdığını (şəxs siqaret çəkərkən sağlam hüceyrələrin harada gizləndiyini) anlamağa yeni imkanlar verə bilər. Bu kök hüceyrələrin yeri tapıldıqda biologiyalarını araşdırıb hansı səbəbdən yenidən çoxaldıqlarını anlamaq olar.
Siqaretin ağciyər xərçəngi yaratmasını xatırlayaq
Siqaret tüstüsündə 60-dan çox kanserogen (xərçəng yaradan) maddə var. Onlar iltihab, infeksiya kimi amillərlə immun sistemini basqılayır və dolayı yolla mutasiya yaradıb xərçəngə şərait hazırlaya bilər. Mutasiya yükü şəxsdən şəxsə dəyişir; hətta bu tədqiqatda eyni şəxsin fərqli hüceyrələrində də mutasiya yüklərinin fərqləndiyi müəyyən edilib.
Bronxoskopiya ilə hava yolundan alınan nümunələr araşdırıldıqda; "xərçəng sürücü mutasiyalarının" da siqaret keçmişi olanlarda daha çox görüldüyü sənədləşdirilib. Onlarda sürücü mutasiyalar hüceyrələrin təxminən %25-də, heç istifadə etməyənlərdə %4-%14-də olub, uşaqların hüceyrələrində isə heç olmayıb. Həmçinin hər 10 ildə hüceyrə başına sürücü mutasiya miqdarının 1.5 dəfə artdığı bildirilir.
Qonşu hüceyrələrdə mutasiya yaranarkən sağlam hüceyrələrin xərçəngləşməkdən necə qaçması və siqareti buraxdıqda necə yenidən çoxalması qeyri-müəyyən qalan iki məsələdir.
Nəticə olaraq, bu tədqiqat tütün tüstüsünün ağciyərlərin daxili səthini örtən hüceyrələrə təsirini daha yaxşı anlamağa kömək edə bilər. Siqareti buraxmağın qoruyucu təsirini və xərçəngləşməkdən qaçan sağlam hüceyrələrin əsas mexanizmini araşdırmağa imkan verə bilər.
Əlaqəli mövzu:
Mənbələr
Tobacco Smoking and Somatic Mutations in Human Bronchial Epithelium.
Nature, Feb 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.