Siqareti tərgitmə üsulu kimi elektron siqaret istifadəsi məntiqlidirmi?

Məlum olduğu kimi, siqaret istifadəsi bir çox sağlamlıq probleminə səbəb olur. Qarşısı alına bilən xəstəliklərin və ölümlərin aparıcı səbəbi olmağa davam edir. Siqaretin yaratdığı sağlamlıq problemlərinin səbəb olduğu iş qüvvəsi itkisi və maddi zərər ABŞ şirkətləri tərəfindən hesablanıb və bunun hər bir şəxs üçün minlərlə dollar əlavə xərcə gətirib çıxardığı görülüb. Buna görə ən böyük ABŞ şirkətləri işçilərinə müəyyən siqareti tərgitmə proqramları təqdim etməyi hədəfləyib. 54 şirkətdən iştirakçıları əhatə edən tədqiqat aparılıb və nəticələr müşahidə edilib. Siqaret çəkən 6006 işçi tədqiqata daxil edilib və beş növ siqareti tərgitmə üsulu sınanıb.
Sınaqdan keçirilən siqareti tərgitmə üsulları:
- Məlumat və motivasiya məqsədli mesajlardan ibarət “adi qulluq” (813 nəfər).
- Digər tərgitmə üsullarına çıxış olmadan yalnız elektron siqaret istifadəsi (müxtəlif aromalı elektron siqaretlər) (1119 nəfər).
- Hər hansı təsdiqlənmiş nikotin əvəzedici məhsul və ya vareniklin (Champix), bupropion (Wellbutrin, Zyban) kimi dərmanlar, həmçinin elektron siqaretlər daxil olmaqla müxtəlif üsullar (1588 nəfər).
- Siqareti tərgitmə vəziyyətinə görə şəxsə 600 dollara qədər ödəniş edilməsi (1198 nəfər).
- Şəxslərin hesablarına əvvəlcədən 600 dollar yatırılması və uğursuzluq halında həmin şəxsin pulu geri qaytarması (1208 nəfər).
İştirakçılar beş qrupdan birinə təsadüfi yerləşdiriliblər. 54 şirkət fərqli ölçülərdə və iqtisadiyyatın müxtəlif sektorlarından seçilib. Təsdiqləyici testlər kimi sidikdə kotinin səviyyəsi yoxlanılıb, nikotin əvəzedici məhsul istifadə edənlərdə isə qanda karboksihemoqlobin səviyyəsinə nəzarət edilib. Tütün çəkənlərin sidiyində aşkar edilən əsas metabolit kotinindir və tütün istifadəsi dayandırıldıqdan günlər sonra belə sidikdə kotinin aşkar edilə bilər. Karboksihemoqlobin qanda oksigen daşıyan hemoqlobin piqmentinin karbonmonoksidlə birləşdikdə əmələ gətirdiyi birləşmədir.
Nüfuzlu elmi jurnal NEJM-də(New England Journal of Medicine) dərc olunmuş tədqiqatın nəticələrinə görə 6 aylıq siqareti tərgitmə göstəriciləri:
- adi qulluq qrupunda %0,7
- dərman və ya əvəzedici məhsul qrupunda %2,9
- elektron siqaret qrupunda %4,8
- mükafat qrupunda %9,5
- geri qazanıla bilən depozit qrupunda %12,7 olub.
Dərc edilən nəticələr ənənəvi siqareti tərgitmə üsulları ilə müqayisədə elektron siqaretin daha yaxşı olub-olmadığına dair iddiaları da sorğulayır. Tədqiqatın baş müəllifi Dr. Scott Halpern-in öz sözləri ilə ifadə etsək: “İnsanların siqareti tərgitməsinə kömək edirlərmi? Bunun cavabı açıq şəkildə xeyrdir, onların ənənəvi siqareti tərgitmə üsullarından daha yaxşı olduğunu sübut edə bilmirik.”
Nəticə olaraqtədqiqata əsasən qısaca, araşdırmaçılar maddi təşviqlərin daha effektiv olduğunu söyləyərkən elektron siqaretlə digər tərgitmə üsulları arasında əhəmiyyətli fərq olmadığını bildiriblər. Bu tədqiqat müsbət davranış dəyişiklikləri üçün motivasiyanın qadağalardan daha effektiv ola biləcəyini göstərməsi baxımından da maraqlı nəticələrə malikdir. Şirkət səviyyəsində xərc hesablandıqda isə iş qüvvəsi itkisi əvəzinə işçilərə siqareti tərgitmək üçün bu cür təşviqlərin tətbiqi işəgötürən və sığortaçı baxımından olduqca qənaətli hesab olunub.
Bununla belə, bu tədqiqatda elektron siqaretin yalnız adi siqareti tərgitməyə təsiri yoxlanılıb. Elektron siqaretin sağlamlığa təsirləri isə başqa mövzudur. Daha az zərərli olması vədi ilə satılan elektron siqaretin uşaqlıq və erkən gənclik dövründə artan istifadə yayğınlığı narahatlıq yaradır. Çünki beyin nikotinlə nə qədər erkən tanış olsa, asılılıq bir o qədər güclü olur.
Mənbələr
Scott D. Halpern, M.D., Ph.D.
June 14, 2018
N Engl J Med 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.